Hamı Azərbaycan torpaqlarının işğal edildiyini və onu azad etməyə gücünün çatdığını yaxşı bilir. “Azərbaycan öz torpaqlarını niyə azad etmir?” – bu, cəmiyyətdəki təbii və haqlı sualdır.
Azərbaycanın öz torpaqlarını azad etməsi üçün bütün əsasları var. İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın tarixi ərazisidir. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və dünyanın aparıcı başqa gücləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Respublika əhalisi ölkə torpaqlarını azad etməyə qadir və hazırdır. Bunu aprel döyüşləri və o günlərin ovqatı da təsdiqləyir. Bundan başqa, Qarabağdan olan qaçqınlar öz yurdlarına qayıtmaq istəyir, Azərbaycanın Dağlıq Qarabağdakı erməni vətəndaşları Ermənistanın və münaqişənin həllinə mane olanların girovundadır.
Belə bir şərait torpaqların istənilən yolla azad olunmasını mümkün edir.
Bəs kim mane olur? İşğalın tarixindən də məlum olduğu kimi, bu beynəlxalq cinayətdə Ermənistandan başqa qüvvələr iştirak edib. Deməli, Azərbaycan torpaqları kənar qüvvələrin sayəsində işğal altında qalır. Bu vəziyyət beynəlxalq güclərin öz aralarında maraqlarının mübarizəsinin predmetinə çevrilib.
Bunu onların separatçılara yardımları da təsdiqləyir.
ABŞ Nümayəndələr Palatasının Qiymətli Kağızlar Komitəsinin 2021-ci il maliyyə məsələləri üzrə onlayn görüşündə konqresmen Bred Şerman Qarabağa 1,5 milyondollar ayrılmasını istəyib. “Minalardan təmizlənməni maliyyələşdirdik, istər mina təmizlənməsi, istər səhiyyə və istər təhsil sahəsindəki proqramların icrası olsun - bu layihədə Qarabağ xalqı üçün 1,5 milyon dollar nəzərdə tutulması çox vacibdir”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl isə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri - Cudi Çu, Devid Sisillin, Cim Kosta, Ticey Koks, Con Qaramendi, Cim Xayms, Kerolayn Maloni, Adam Şiff, Bred Şerman və Raşida Tlaib Ağ evi Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki separatçı rejimə və Ermənistan hökumətinə 100 mln. dollar yardım etməyə çağırıblar.
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan ölkəsi müstəqil olandan indiyədək ABŞ-ın bu ölkəyə 2 mlrd. dollar yardım etdiyini bildirmişdi. Bu günlərdə Yerevandakı hökumətin Qarabağdakı separatçı rejimə 26 mln. ABŞ dolları məbləğində kredit ayıracağı barədə məlumat yayılıb. Bu bir daha təsdiqləyir ki, ABŞ-ın və başqa dövlətlərin, beynəlxalq valyuta təşkilatlarının Ermənistana verdikləri maliyyə yardımların bir hissəsi separatçılara ötürülür. Ermənistan hakimiyyəti ilə separatçılar arasında bu əlaqəni ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri çox gözəl bilir.
Bunu müxtəlif adlar altında ört-basdır edib, özlərini ədalətli göstərirlər. Bəhs etdiyimiz 1,5 mln. dolların ərazilərin minalardan təmizlənməsinə xərclənəcəyi də nəzərdə tutulur.
İndiyədək ABŞ-ın Dağlıq Qarabağa birbaşa yardım qismində ayırdığı maliyyə dəstəyini böyük bir hissəsini hər il “HALO Trust”ın hesabına köçürürdü. Bu xeyriyyə təşkilatı isə həmin maliyyə yardımlarının Qarabağın minalardan təmizlənməsinə xərcləndiyini bildirirdi. Ancaq Azərbaycan torpaqları işğal altında olduğundan bu kimi beynəlxalq “Qeyri-Hökumət Təşkilatlarının” fəaliyyətinə nəzarət etmək imkanı məhduddur. Deməli, belə “QHT”lərin fəaliyyətinin şəffaflığı şübhəlidir. Odur ki, ABŞ və başqa dövlətlərin işğal bölgəsində fəaliyyətinin dayandırılmasını tələb etmək üçün Azərbaycanın hüquqi əsasları var.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bir sıra xarici humanitar təşkilatlar Qarabağa humanitar yardım adı ilə dəstək göstərdiklərini etiraf etmişdi. Onların arasında Britaniyanın “HALO Trust” təşkilatı da var. Bu qurum ərazilərin minalardan təmizlənməsi istiqamətində fəaliyyət göstərir. Fransanın SPFA, İsveçrənin KASA və başqa təşkilatlar humanitar yardım adı altında Qarabağdakı separatçı rejimə müxtəlif dəstək verirlər.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr palatası ötən il Azərbaycanın işğal altında olan ərazilərində minadan təmizləmə layihəsi və bərpa xidmətləri üçün 1,5 milyon dollar yardım ayrılmasını təsdiqləmişdi.
Ötən il ABŞ xaricilərə yardımla bağlı dondurduğu 4 milyard dollarlıq maliyyə vəsaitini bərpa edib. 2020-ci ildə həmin məbləğdən Ermənistan və Qarabağdakı rejimə 40 milyon dollar ayrılacaq.
Dünyada qəbul olunmuş normalardan biri işğalçı və separatçılara sanksiyanın tətbiqidir. Ancaq bu təzyiq vasitəsi Ermənistan və işğal altında olan Qarabağdakı separatçılara münasibətdə tətbiq olunmur. Əksinə, onların az qala başı sığallanır, hər cür yardım göstərilir.
Təkcə ABŞ və Fransa deyil, Rusiyada fəaliyyət göstərən erməni iş adamları, o cümlədən “Taşir” şirkəti Qarabağdakı erməni separatçılarını maliyyə vəsaiti ilə də dəstəkləyir.
Bir məsələyə də diqqəti çəkmək istərdik. Son hadisələrə sübut edir ki, Ermənistan hakimiyyəti koronavirusa qarşı mübarizədə aciz qaldığını gizlətmir. Rəsmi Yerevan beynəlxalq ictimaiyyətdən pandemiyaya qarşı mübarizə etmək üçün yardım istəyib.
ABŞ, Rusiya, Fransa, Çin, Britaniya və başqaları Ermənistana yardım etməyə artıq başlayıb. ABŞ bu məqsədlə Yerevana 25 mln. ABŞ dolları yardım edib.
Ermənistandakı hakimiyyət isə həm öz, həm də xarici donorların marağını təmin etmək üçün həmin maliyyə vəsaitlərinin bir hissəsini Qarabağdakı separatçılar ötürür.
Koronavirusa qarşı mübarizə Ermənistana yardımlar istəmək üçün bəhanəyə çevrilib. Bundan sonra ölkəyə bu istiqamətdə maliyyə, tibbi avadanlıq və mütəxəssislə yardım ediləcəyi istisna edilmir. Ermənistana bu ad altında başqa sahələrin təlimatçılarının ezam olunacağını da ehtimal etmək olar.
Bu fikir nədənsə yadıma 1951-ci il aprelin 28-dən 1953-cü il avqustun 19-dək İranın baş naziri olmuş Məhəmməd Müsəddiqin hakimiyyətinin devrilməsi ilə bağlı yazılanları saldı. Yazılanlara əsasən, ABŞ onda İrana humanitar sahədə fəaliyyət göstərən 100 “QHT əməkdaşı” göndərib. Həmin “təlimatçılar” Müsəddiq hakimiyyətini devirib. Sonralar Ağ ev onun devirməyin səhv olduğunu etiraf etmişdi.
Deməli, əvvəllər belə məşhur fikir gəzərdi: “Harada yaşıl (dollar) və “coca-cola” var, orada ABŞ var”. Belə görünür, bu tezis indi də qüvvədədir. ABŞ-da Qarabağdakı separatçılara birbaşa yardım etməyi gizlətməməklə regionda müttəfiqi olan Azərbaycana, həm də öz milli maraqlarına erməni lobbisinin sayəsində ciddi ziyan vurur.
Belə çıxır, ABŞ-da bir sıra dairələr erməni lobbisinin Qarabağdakı separatçılarla bağlı maraqlarını ödəyərkən, Azərbaycanın ştatlar üçün daha əhəmiyyətli olduğunu unudurlar. İstər ABŞ-dakı hakim dairələr, istərsə də qərb bloku Azərbaycanın İranla bağlı amillərini görməzlikdən gəlirlər. Əks halda Ermənistanın və separatçıların nazı ilə bu qədər oynamazdılar.
Həmsədrlərin yardımı Qarabağda separatçıları arxayın salır. Bu münaqişənin sülh yolu ilə həllinə mane olur. Bu səbəbdən onlar Qarabağda tarixi yer adlarını qanunsuz olaraq rahatca dəyişirlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nazim Mustafa bu barədə deyib: “2006-ci ildə mənim AMEA-nın Tarix İnstitutu ilə birgə Azərbaycan və ingilis dillərində “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabı çap olunub. Kitabda 668 yaşayış məntəqəsinin adlarını sənədlərlə vermişik. Hətta ermənilər indi də yaşamadığı 254 xaraba qalan kəndlərin də adını orada vermişik. 2014-cü ildə həmin kitabın yeni nəşrini buraxdıq. Burda yer adlarının sayı 702-ə qədər artırılıb”.
Onun sözlərinə görə, hazırda ermənilər bu prosesi işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda davam etdirirlər: “Həmin ərazilərdəki azərbaycanlı yaşayış məntəqələrinə ermənilərin köçürülməsindən sonra 120 yer adı dəyişiblər”.
Beləliklə, Azərbaycanın öz tarixi, beynəlxalq səviyyədə tanınan torpaqları üzərində suveren hüquqlarını bərpa etməsinə mane olan amillərdən bir barəsində qısaca da olsa məlumat verməyə çalışdıq.
Bu arada bir məsələni xatırlamaq istərdik. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Aprel döyüşlərinin davam etdiyi günlərdə Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə apardığı telefon danışığının detallarını açıqlayıb: “Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi.
... 2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar (Ermənistan hakimiyyətinin nəzərdə tutur- S.İ.) Rusiyaya, Sergey Şoyquya zəng edərək ona yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xətdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”. Fikrimizcə, torpaqların azad edilməsini əngəlləyən amillər göz önündədir. APA