Ana Sayfa > Karusel > Yeni müharibə ANONSU - Azərbaycan Ordusu döyüşə tam hazırdır

Yeni müharibə ANONSU - Azərbaycan Ordusu döyüşə tam hazırdır


1-10-2022, 13:43. Yazar: Admin

Son günlər Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə müxtəlif xəbərlər dolaşır. Erməni mediasında yayılan məlumatlara görə, artıq orduya "döyüşə hazır ol" əmri verilib.

 

Belə ki, sentyabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşü zamanı döyüşə hazırlaşdıqlarını rəsmən elan edib.

 

"Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var",- deyə erməni general bildirib.

 

Qeyd edək ki, 44 günlük müharibədən dərs çıxarmayan Ermənistan hərbi xərclərini artıraraq, yeni silahlanmaya başlayıb. Rəsmi məlumatlara əsasən, 2023-cü ildə ölkənin müdafiə xərcləri 1,3 milyard dollar təşkil edəcək. Bu isə onu göstərir ki, Ermənistanın hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Eyni zamanda, hərbi xərclər ənənəvi olaraq büdcədə ən böyük maliyyə tutumu olan sosial proqram üzrə xərcləri ilk dəfə üstələyəcək. 

 

 

Bundan əlavə, Ermənistanda ehtiyatda olan hərbi qulluqçuların təlimlərə çağırılmasına başlanılıb. Yerli KİV yazır ki, bildirişlər Müdafiə Nazirliyinin təklifi ilə hökumətinin qəbul etdiyi “müntəzəm planlı təlimlərin elan edilməsi haqqında” qərar əsasında paylanıb. Qərara əsasən, raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər müntəzəm olaraq planlaşdırılmış toplanışlara cəlb olunacaqlar. Təlimlər noyabrın 22-dək keçiriləcək.

 

Digər məlumata görə, son günlər Ermənistan-Azərbaycan sərhədindəki atışmalar zamanı qeydə alınan itkilər fonunda təlimlərə çağırış bildirişləri vətəndaşlar arasında ciddi təşvişə səbəb olub. Erməni valideynlər övladları ölümə göndərmək istəmədiklərini deyiblər. 

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə deyib ki, çağırılanlar təlimlərdə iştirak etdikdən sonra müvafiq hərbi postlara təyinat alır, döyüş hazırlığı keçir və döyüş növbətçiliyinə cəlb olunurlar.  Torosyan çağırışçıları hədələyərək bildirib ki, təlim düşərgələrdən yayınanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

 

Göründüyü kimi, yeni müharibənin başlanması artıq an məsələsidir. Bəs, döyüşlər hansı istiqamətdə olacaq? Azərbaycan Ordusu növbəti müharibəyə hazırdırmı?

 

 

Bu barədə Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi həmişə belə qıcıqlandırıcı açıqlamalarla diqqət çəkməyə çalışır. Lakin müharibəyə gəlincə, onlar nəticənin necə olacağını yaxşı bilirlər:

 

“Hələ 30 il işğal dövründə, ardınca 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə bu tipli qıcıq yaradan fikirlər Ermənistan rəhbərliyi tərəfindən mütəmadi olaraq səsləndirilib. Hesab edirəm ki, erməni generalın açıqlaması daxili auditoriyanı sakitləşdirmək məqsədi güdür. Əlbəttə, üzdə məğlubiyyətlə barışdıqlarını göstərə bilməzlər. Onsuz da ölkədə vəziyyət yaxşı deyil. Son sərhəd döyüşlərindən sonra xalqın etirazları artır. Belə olan halda narazı vətəndaşları sakitləşdirmək üçün müharibə söhbətini ortaya atırlar".

 

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Ermənistan rəsmilərinin sərhədlə bağlı irəli sürdüyü iddialar hüquqi baxımdan heç bir əhəmiyyətə malik deyil:

 

 

“Qeyd etmək lazımdır ki, delimitasiya və demarksiya olmadığı üçün ermənilər sərhədin harada olduğunu bilmirlər. Baş Qərəragah rəisinin müavini sərhəd deyəndə nəyi nəzərdə tutur, heç özü də bilmir. Çünki bunu bilmək üçün sərhədlər müəyyənləşməlidir. Əgər iki dövlət arasında sərhədlə bağlı lazım olan işlər görülməyibsə, lazım olan sənədlər imzalanmayıbsa, hazırkı mövqelər sərhəd sayıla bilməz. Azərbaycan dövləti sülh müqaviləsini, delimitasiya və demarkasiya prosesini gözləyir. Beləliklə, sülh müqaviləsinin olmadığını nəzərə alsaq, deyə bilərik ki, hüquqi baxımdan faktiki olaraq Azərbaycan-Ermənistan müharibəsi davam edir. Sadəcə olaraq aktiv atışma getmir. Bu da ona görədir ki, Ermənistan sərhəddə müəyyən istiqamətlərdə təxribat törətmək istəyəndə Azərbaycanın "Dəmir yumruğu" onların başını əzib və əzəcək”.

 

Şair Ramaldanov qeyd edib ki, Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatlarına cavab verməyə tam hazırdır:

 

“Orduda daimi işlər aparılır, hazırlıqlar görülür. Azərbaycan Ordusunun bölmələri həm sərhəddə, həm də digər  istiqamətlərdə öz döyüş potensialını artırır. Hazırda əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarətindədir. Müharibəyə gəlincə, bu, bir dövlət kimi Ermənistanın sonu olacaq”.


Geri dön