Ana Sayfa > Karusel > Moldovada 27 Sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər təşkil edilib
Moldovada 27 Sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər təşkil edilib28-09-2022, 00:04. Yazar: Admin |
27 Sentyabrda ölkəmizin Moldovadakı Səfirliyinin önündə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin Mətbuat Xidməti məlumat yayıb. Tədbirdə Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı Mariya Panku, siyasi təhlilçi, politoloq Ruslan Şevçenko, Moldovada “Ştefanın davamçıları” gənclər hərəkatının sədri Dumitru Roybu, ictimai-siyasi xadimlər, müxtəlif icma nümayəndələri, çoxsaylı yerli və xarici gənclər, eləcə də həmvətənlərimiz iştirak edib. İlk öncə, tədbir iştirakçıları Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirdə çıxış edən deputat M.Panku tədbir iştirakçılarını azərbaycan dilində salamlayıb, anım günündə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsini Moldova xalqının nümayəndəsi olaraq ehtiramla yad edib. Bu münasibətlə, Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirən deputat ölkəmizə sülh və firavanlıq arzulayıb. M.Panku doğmalarımızın əmin-amanlığının, təhlükəsizliyinin qiymətli olduğunu, bununla bağlı Moldova xalqının müharibəni pislədiyini və sülhün tərəfdarı olduğunu qeyd edib. Moldovanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan deputat çıxışının sonunda Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Səfir Q.Osmanov çıxışında xalqımız üçün belə mühüm gündə həmrəylik nümayiş etdirərək Səfirlikdə toplaşan qonaqlara təşəkkür edib, tədbirdə çoxsaylı yerli, xarici və azərbaycanlı gənclərin iştirakı ilə bağlı məmnunluğunu bildirib. Səfir 44 günlük Vətən müharibəsi nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi ədaləti bərpa etdiyini qeyd edərək, hazırda Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən söhbət açıb. Azərbaycanın bölgədə sülh və sabitliyin təminatına istiqamətlənmiş fəaliyyətindən bəhs edən səfir Ermənistanın son təxribatlarının bu prosesə maneə olduğunu vurğulayıb. Sonda Q.Osmanov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə siyasi təhlilçi R.Şevçenko çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü ilə bağlı tarixi həqiqətlərdən danışıb, bu müddət ərzində Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa əsaslanan həllinə çalışdığını, buna baxmayaraq müxtəlif illərdə erməni təxribatları nəticəsində çoxsaylı hərbçi və mülki şəxslərin dünyasını dəyişdiyini, bununla da Azərbaycan xalqının səbrinin tükəndiyini qeyd edib. R.Şevçenko bildirib ki, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv fəaliyyəti münaqişənin sülh yolu ilə həll edilməsinə davamlı maneə yaradıb və bu proses iki il öncə Azərbaycanın qələbəsi ilə bitən 44 günlük müharibə ilə nəticələnib. Sonda politoloq vurğulayıb ki, Azərbaycan rəhbərliyinin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində düşünülmüş və uzaqgörən fəaliyyəti Moldova, eləcə də digər oxşar problemlərlə üzləşmiş ölkələrə nümunə olmalıdır. Eyni zamanda, tədbirdə çıxış edən gənclər hərəkatının sədri D.Roybu ölkəmizə bir neçə il öncə baş tutmuş səfərindən bəhs edərək Azərbaycan xalqının Qarabağa verdiyi yüksək dəyərdən bəhs edib. O, ötən il yenidən Azərbaycana səfər edərək ermənilər tərəfindən Gəncəyə edilən raket hücumunun acınacaqlı nəticələrinin şahidi olduğunu, tamamilə dağıdılmış Ağdamda qarşılaşdığı mənzərədən təəssüfləndiyini bildirib. Tədbirdə Moldovadakı Azərbaycanlılar Konqresinin nümayəndəsi Maarif Rəhimov çıxış edərək, bu mühüm tarixi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların unutmamalı olduğunu və Azərbaycanın qüdrəti, ordumuzun qəhrəmanlığı barədə gənclərin, xüsusilə gələcək nəsillərin mütəmadi məlumatlandırılmasının vacibliyini dilə gətirib. Bundan əlavə, silsilə tədbirlərin davamı olaraq, 27 sentyabr tarixində Moldovanın nüfuzlu xəbər portalı “Noi” xəbər agentliyinin redaksiyasında yerli və azərbaycanlı gənclərin iştirakı ilə Anım Gününə həsr edilmiş konfrans keçirilib. Konfransda tələbə və gənclər çıxış edərək 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi aspektləri, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə aparılan irimiqyaslı tikinti-bərpa işləri, sülh quruculuğunda Azərbaycanın davamlı səyləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Səfirliyin önündə təşkil edilmiş tədbir, habelə “Noi”də keçirilmiş gənclərin konfransı çərçivəsində 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Sərgi izləyicilərinə foto-şəkillərə dair izahlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Geri dön |