Ana Sayfa > Karusel / Dünya > Moskvanın Qızıl Meydanda Qələbə Paradı keçirilib

Moskvanın Qızıl Meydanda Qələbə Paradı keçirilib


24-06-2020, 11:22. Yazar: Admin

Moskvanın Qızıl Meydanda Qələbə Paradı keçirilib

Moskvanın Qızıl Meydanda faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı keçirilib.

Qarabaginfo.az xəbər verir ki, paradda Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Özbəkistan prezidenti Şövkət Mirziyoyev, Serbiya prezidenti Aleksandr Vuçiç, Bosniya və Herseqovina, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistanın liderləri iştirak ediblər.

Almaniya, Fransa, eyni zamanda ABŞ Qələbə Paradında səfirlər səviyyəsində təmsil olunub. 

Azərbaycanı isə paradda müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.

13 mindən çox hərbçi, 234 döyüş texnikasının iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib.

Rusiya istehsalı olan "Aurus" markalı kabrioletdə paradı qəbul edən müdafiə naziri Ali Baş Komandana-Prezident Vladimir Putinə bütün növ qoşunların parada hazır olduğu barədə məruzə edib.

Rusiya Prezidenti Vladimir Putin parad başlamazdan əvvəl çıxış edib. İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra parad başlayıb. İlk olaraq 1943-cü ilin hərbi geyimində olan 10 parad heyəti tribuna qarşısından keçib.

Hərbi məktəblərin kursantları, Hava və Quru Qoşunlarının, Dəniz Qüvvələrinin, Daxili Qoşunların əsgər və zabitləri Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular nizami keçid edib.

Azərbaycan hərbçiləri daxil olmaqla 12 ölkənin parad heyəti də Qızıl Meydandakı tribuna önündən keçib.

Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti ölkəmizdə yığılan "Aztex" avtomatı ilə silahlanmış şəkildə keçid ediblər.

Hərbçi kolonlarından sonra İkinci Dünya müharibəsinin simvollarından olan məşhur T-34 tankı meydana daxil olub. Onun ardınca isə SU-100 tank əleyhinə özüyeriyen artilleriya qurğusu keçid edib.

Paradda ilk dəfə yeni növ döyüş tankları T-90M və T-80BVM, 57 mm-lik döyüş modullu "Kurqanets-25" və "Armata" piyada döyüş maşınları iştirak ediblər.

Bundan başqa, paradda "Tornado-S" reaktiv raket sistemi, dünyada ən güclü hava hücumundan müdafiə sistemlərindən olan S-300B4 zenit raket kompleksi, "Bal" raket kompleksi, "Tayfun" və "Tiqr-M" zirehli avtomobilləri və digər ən müasir Rusiya hərbi texnikaları nümayiş olunub.

Parad hərbi aviasiyanın nümayişi ilə başa çatıb. Moskva ətrafındakı aerodromlardan səmaya ümumilikdə 75 təyyarə qalxıb. Mi 26, Mi 28 və Mİ 25 M helikopterləri, Tu-96 MS, Tu VVM3 və Tu-16 bombardmançı, MiQ 29 MST, MiQ 31, beşinci nəsil Su 57 və SU130SM qırıcıları hava şousu göstəriblər.

Qızıl Meydanın tribunalarında 80-ə yaxın Böyük Vətən Müharibəsi veteranı da paradı izləyib.

Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən 9 May - Qələbə paradını ənənəvi vaxtında keçirmək mümkün olmayıb. Rusiya Prezidenti ölkədə koronavirusla bağlı vəziyyətin normallaşmasından sonra Qələbə paradının 24 iyun tarixində keçirilməsi haqqında qərar verib.

Xatırladaq ki, ilk dəfə 1945-ci ildə Qələbə paradı da məhz iyunun 24-də keçirilib.

Budəfəki paradı əvvəlki paradlardan fərqləndirən cəhətlərdən biri də parad heyətlərinin qoruyucu maska və əlcəkdə keçid etməsi olub.

Moskva rəhbərliyi şəhər sakinlərinə epidemioloji vəziyyətlə əlaqədar parad keçirildiyi gün evdə qalmalarını tövsiyə edib. APA


Geri dön