Qarabaginfo.az xəbər verir ki, bu cümlələr “Forbes” jurnalında Qarabağ münaqişəsi tərəflərinin pilotsuz kəşfiyyat və zərbə aparatları ilə silahlanmasından bəhs edən məqaləsindən götürülüb. Müəllif Londonda mənzillənmiş texnologiya jurnalisti və məsləhətçi Devid Hamblinqdir.
Müəllif qeyd edir ki, Sovet İttifaqının dağılmasından sonra Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda münaqişə alovlanıb. Ermənistan Dağlıq Qarabağ regionu da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Amma ermənilər Dağlıq Qarabağda “artsax” adında “müstəqil dövlət” elan etslər də beynəlxalq səviyyədə heç kim onu tanımayıb və region Azərbaycanın ərazisi kimi tanınır. Ermənistanla Azərbaycan arasında münaqişə isə atəşkəs barədə razılaşmaya baxmayaraq qaynamaqdadır.
Məqalədə yazılır ki, 2016-cı ildə müharibə açıq toqquşmalara keçdi və tərəflər yüzlərlə itki verdi. 2016-cı ildə baş vermiş eskalasiya Azərbaycan ordusunun yeni tip silah-İsraildən alınan “Harop” pilotsuz zərbə aparatı və ya kamikadze-dron tətbiq etməsi ilə yadda qaldı. Həmin döyüşlər zamanı “Harop” ermənilərin bir çox hədəflərini, o cümlədən artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini və könüllüləri cəbhəyə gətirən avtobusu uğurla vurub.
“Harop” dron-kamikadzeləri İsrailin IAI şirkəti tərəfindən Azərbaycana satılmışdı. O zaman rəqib “Aeronautics” şirkəti də öz kamikadze-dronlarını Azərbaycana sata bilmək üçün aqressiv marketinq kampaniyası aparmışdı və bu, nəsə “qara komediyaya” oxşayırdı. 2017-ci ildə "Aeronautics" şirkətinin komandası “Orbiter 1K” pilotsuz zərbə aparatlarının satışına dair müqaviləni tamamlamaq üçün Azərbaycana göndərilmişdi. Və onlara təklif edilmişdi ki, dronu düşmən mövqelərində sınaqdan keçirsinlər. İsrail operatorları bundan imtina etsələr də heyətdəki yüksək vəzifəli şirkət nümayəndələri aparatın idarə edilməsini üzərlərinə götürdülər, amma dron hədəfə dəyməyib. Həmin qalmaqaldan sonra İsrail hökuməti “Aeronautics” şirkətinin “Orbiter 1K” dronlarının ixracını 2 illiyə dayandırmışdı. Lakin 2019-cu ildə qadağa müddəti başa çatan kimi şirkət dərhal Azərbaycana 13 milyon dollarlıq dron satışına dair sövdələşmə bağladığını elan etdi.
Məqalədə deyilir ki, Azərbaycan “Orbiter” dronlarının lisenziyalı istehsalını da həyata keçirir və “Zərbə” adlı bu dronlar artıq silahlanmaya qəbul edilir. 2019-cu ildə Azərbaycan İsraildən “SkyStriker” dronlarını da alıb. O cümlədən Azərbaycanın özü də dron istehsalını genişləndirir. 2018-ci ildə Azərbaycan şirkəti elan edib ki, müxtəlif ölçülərdə üç dron-kamikadzenin istehsalı üzərində işləyir. Bu dronlar hədəfi axtararkən 3 saat fasiləsiz havada qala, hədəfi aşkar etməsə bazaya geri qayıda bilər.
Müəllif Ermənistanın da pilotsuz aparatlar əldə etmək və istehsalını təşkil etmək üçün cəhdlər göstərdiyini yazır. Qarabağda hansısa kamikadze-dronun istehsal edildiyini və bunun sınaqdan keçirildiyini qeyd edir.
“Dronlar bu tip münaqişələr üçün ideal yarayır. Onlar baha deyil, yüksək dəqiqliklə hədəfi vurur və pilotu riskə atmadan istifadə edilə bilər”,-müəllif yazır.
Vaşinqtondakı yeni Amerika təhlükəsizlik Mərkəzinin əməkdaşı Samuel Bendett qeyd edir ki, pilotsuz kəşfiyyat və döyüş aparatlarının hərbi münaqişələrdə tətbiqi daha da sürətlənəcək. Azərbaycan, Ukrayna, Ermənistan, Qazaxıstan, Estoniya, Belarus kimi ölkələr artıq pilotuz aparatlarının istehsalını həyata keçirdiklərini elan ediblər. Lakin bir çox kiçik ölkələr hazırda öz pilotsuz aparatlarını istehsal etsələr də NATO-nun bir çox üzvlərinin, o cümlədən Böyük Britaniya və Almaniya kimi ölkələrin bu cür taktiki hücum vasitələri çatışmır. ABŞ silahlı qüvvələri isə “Switchblade” pilotsuz döyüş sursatları ilə təchiz olunub, amma onların düşmən kamikadze-dronlardan effektiv müdafiəsi yoxdur.
“Pilotsuz uçan aparatlar-dronlar ucuz və effektiv döyüş vasitəsidir və Qafqazda hərbçilər bu cür pilotsuz sistemləri əldə etməklə öz imkanlarını xeyli gücləndirmiş olacaqlar”,-Bendett əlavə edir.
Müəllif qeyd edir ki, Qarabağda yeni müharibə daha çox dron müharibəsi olacaq.
Qeyd edək ki, Azərbaycan ordusunun arsenalı tezliklə Türkiyənin milli istehsalı olan və Suriya, Liviya müharibələrində tətbiq edilərək dünyanın diqqətini özünə cəlb edən pilotsuz döyüş sistemləri ilə genişlənəcək. Bu sahədə artıq ilkin anlaşma əldə edilib və müdafiə naziri Zakir Həsənov yerli telekanallardan birində Türkiyədən pilotsuz döyüş sistemlərinin alınacağını təsdiqləyib. Virtualaz.org