Ana Sayfa > Karusel / Gündəm > Deputat: “Taxılın da, unun da qiyməti qalxacaq”
Deputat: “Taxılın da, unun da qiyməti qalxacaq”22-06-2020, 14:36. Yazar: Admin |
“Ərzaq təhlükəsizliyi hər zamankından daha çox bütün dövlətlərin diqqət mərkəzindədir. Koronavirusun bütün dünyanı əhatə etməsi ərzaq təchizatında da itkilərə səbəb oldu. Biz ehtiyatımızı tutmalıyıq. Koronavirus pandemiyasının nə qədər davam edəcəyini deyə bilmərik. Ona görə, bəribaşdan tədbirlər görməliyik. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı işlər görür. Digər ölkələrdə iş günlərinin azaldılması, işçilərin hərəkət məhdudiyyətinin olması məhsuldarlığın azalmasına səbəb olur. Bundan əlavə, yaxınlarda Asiya ölkələrindən həşərat sürüsü hücum etdi və bu, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə əkin sahələrində məhsuldarlığın aşağı düşməsinə gətirib çıxardı. Bu hadisələrin üst-üstə gəlməsi böyük problemlər yaradır. Payıza doğru göstəriciləri dəqiq biləcəyik. Ona qədər gərək bizim ehtiyatlarımız olsun. Amma Azərbaycan dövləti həmişə bunu nəzərə alır. Ərzaq ehtiyatlarımız var”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu deputat Eldar Quliyev deyib.
E.Quliyev qeyd edib ki, son zamanlar Azərbaycanda susuzluq problemi var: “Əkinin ən böyük problemi su təminatının aşağı olmasıdır. Bəzi sahələr var ki, su israf olunur, arxı açıb buraxırlar, ehtiyatı saxlamırlar. Bu isə iqtisadi cəhətdən, həm də su ehtiyatının azalması baxımından zərərlidir. Azərbaycan az suyu olan ölkələrdən biridir. Ona görə, mütləq burada qənaətçilliyə diqqət etmək lazımdır. Suvarmanın özündə də qənaət etməyə ehtiyac var. Bunu təmin etmək üçün müəyyən texnologiyalar mövcuddur. Mən bir dəfə Ağcabədidə olanda taxılı Amerikan sistemi ilə suvardıqlarının şahidi oldum. Bu, çox sevindiricidir, çünki həm suyun normal istifadəsinə, həm də sahənin tam suvarılmasına, eyni zamanda məhsuldarlığa şərait yaradır. Bu yaxınlarda bir neçə rayon ölkə başçısına müraciət edib ki, susuzluqla əlaqədar artezian quyularına çox böyük ehtiyac var. Fikir verin, son zamanlar cənab Prezident bir neçə sərəncam imzalayaraq, ayrı-ayrı rayonlarda artezian quyularının qazılması və əhalinin bu sudan normal istifadəsini təmin edə bilməsini tapşırıb. Ərzaq təhlükəsizliyi ilə bağlı çətinlik bütün dünyada gözləniləndir. Xüsusilə, pandemiya dövründə hər bir dövlət öz ehtiyatını saxlamalıdır. Biz taxılın təxmini üçdə birini xaricdən alırıq. Hesab edirəm ki, bu gün taxıl ehtiyatları ilə məşğul olan qurumlarla söhbət aparmaq lazımdır ki, vaxtında addım atsınlar, biz ehtiyatımızı saxlaya bilək. Nə qədər tez taxıl alsaq, qiyməti də o qədər ucuz olar. Bir müddət keçəndən sonra dünyada taxılın da, unun da qiyməti qalxacaq. Bu zaman bizim də itkilərimiz ola bilər. Hesab edirəm ki, bizim ərzaq təhlükəsizliyi sahəsində problemlərimizin biri də məhsuldarlığın aşağı olmasıdır. Bunu yüksəltmək üçün yeni texnologiyalar, yeni yanaşma olmalıdır. Münbit torpaqların qədrini bilmək lazımdır. Elə münbit torpaqlar var ki, hektarlarla çəpərlənib, istifadəsiz qalıb. Dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq, Nazirlər Kabinetindən xahiş etmişik. Torpaqlar kimindirsə, istifadə etmirlərsə, bunu alın, məşğul olanlar arasında bölün, camaat əkib-becərsin, məhsuldarlığımızı artıraq. İnsanların təxmini 60-65 faizi kənd təsərrüfatı ilə məğul olur. Bunun hesabına xarici dövlətlərə kənd təsərrüfatı məhsulları ixrac edə bilirik. Qeyri-neft sektoruna nəzər salsaq, ən çox inkişaf edən aqrar sahədir. Turizmi inkişaf etdirirdik. Bu sahə koronavirus dönəmində elə vəziyyətə düşdü ki, mən inanmıram, yaxın 2-3 ildə hansısa gəlir gətirə. Bütün dünya ölkələrində vəziyyət belədir. Ona görə, biz var gücümüzü qoymalıyıq ki, kənd təsərrüfatı məhsullarını istehsal edək, bir hissəsini özümüzə, qalanını isə xarici ölkələrə sataq. Bu əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edəcək. Hazırda neftin qiyməti də aşağı düşdüyündən, burada da itkilərimiz var. Bu, konpensasiya olunmalıdır. Kənd təsərrüfatı məhsullarının əksər hissəsi xaricə satılır. Qoz-fındıq, meyvə-tərəvəz, xurma, nar və s. məhsullar həm xammal, həm də müəyyən müddət saxlanandan sonra satılır”.Modern.az
Geri dön |