Ana Sayfa > Karusel / Cəmiyyət / Yazar > “ Mən şəhid oğlumla fəxr edirəm!" - Rəna İbrahimova yazır

“ Mən şəhid oğlumla fəxr edirəm!" - Rəna İbrahimova yazır


15-09-2022, 20:23. Yazar: Admin
II Şəhidlər Xiyabanı — Vikipediya
Balaca olanda müharibə görən, yaxud müharibədən sonra doğulan yaşlı nəsil bizə o qədər bəxtəvərlik verirdi ki, gözə, nəzərə gəldik. Bilmədilər, görmədilər ki, bizlərin gördüklərini də onlar görmədilər. Yamanca “bəxtəvər” olduq. Onlar Böyük Vətən Müharibəsində beş il acı müharibə görüb, aclıq, səfalət görmüşdülərsə, biz otuz ildən çoxdur ki, müharibədəyik. Bu müddətdə elə il olmadı ki, şəhid gəlməsin- atəşdə də atəkəsdə də. Hər dəfə əl açıb Allaha, yerə, göyə, Yaradana yaratdıqlarını qorumağı üçün, anaları gözü yaşlı qoymamağı, ataları yurdunu boş görməməyi, körpələri atasız, gəlinləri ərsiz qalmamağı arzulayırıq. Amma şəhid sədası bitmir ki, bilmir. Bir millət kimi ən acı taleli millətlərdən ən birincisiyik. Qonşular sarıdan bəxti gətirməyən, daim onlara göz dağı olan, torpaqları hər zaman zəbt olunan, şimaldan şimal qonşu, cənubdan cənub, qərbdən qərb parçaladı, gəmirdi, qapdı, taladı, çapdı. Gözləri doymadı, doymur, doymaq bilmir. Nə istəyirlər, nə görüblər axı bizdə, bizim torpaqlarımızda, canımızda? Niyə əl çəkmirlər? Gözləri niyə kəsilmir? Canımıza, qanımıza susamaqları nə vaxt dayanacaq? Kimsə yoxdurmu ömürlük susdursun bunları?
Genefondumuz gedib ey, bizim!
Hər əsrdən bir ilan kimi başlarını qaldırıb, 1905-1918-ci illərdə ziyalıları, başbilənləri, seçmələri xüsusi olaraq qırmaları, 1937-ci il represiyaları, SSRİ boyunduruğu altında yaşamağa məcbur edib qorxu altında yaşadaraq millətin gözünə kül üfürməyləri, səsini qaldırmaq istəyənin dilini kəsib, gözünü açanın gözünü çıxatmaları, yalanlarla bizi yuxuya vermələri, yuxudan ayılanda tankları günahsız, silahsız insanları xıncım-xıncım etmələri bəs deyilmiş kimi, Dağlıq Qarabağ konfliktini ortaya atmaqları, milli oyanışa qarşı çıxıb millətin əzmini qırmağa çalışmaları, azad, müstəqil yaşamaq hüququnu əldə etməyə mane olma cəhdləri. Boşa çıxandan sonra da qəzəbə tuş gəlməyimiz.
Bu qədər qanlar tökülür, dünya susur. Altdan-altdan çırağa neft tökür. Bizə olunan bütün soyqırımlara, vəhşiliklərə, soyğunçuluğa, ərazi bütövlüyümüzün əsrlərlə pozulması və zəbt edilməsinə, dinc əhalinin zərər çəkməsinə, vəhşicəsinə qanlarına qəltan edilməsinə, namərd, amansız, qorxaq düşmənin adətən günahsız insanlara gecə yuxudaykən hücum edib onları qırmasına, ölkəmizdə əhalinin dinc yaşamasına mane olmağına, genefondumuzun məhv edilməsinə göz yumur! Nədən? Gənclərimiz nə vaxtadək şəhid olacaq? Bu torpaq nə vaxtadək qanla suvarılacaq? Abırsız qonşu nə vaxtadək torpaqlarımızda çirkin niyyətlə kürəyimizdən bıçaq saplayacaq?
Gələcəyimizi əlimizdən alırlar, soyumuzu qurudirlar. Hər şəhidlə bir gələcək gedir, yaşamadan, həyata bağlanmadan, arzularına çatmadan! Hər bir insan bir dəyərdir! Dəyərlərimiz gedir! Nə qədər potensial var daxillərində! Nə qədər güc, həyat eşqi, yaşamaq arzusu var! O gənc oğullar bizim gələcək nəslimizin davamçılarıdı axı. Nəsil onlarla davam etməlidir! Görün, nə qədər demoqrafik faciə, böhran baş verir? Əhalinin doğum sayı, artımı azalır? Bəlkə bu da “qonşu siyasəti”dir? Axı, onların göz dikmədiyi, əl yetirmədiyi bir dəyərimiz, varlığımız yoxdur. Hər iyrənc siyasətə əl atmaqları gözləniləndir.
“Başın sağ olsun, Vətən!” deyirik. Başlar da gedəndən sonra Vətəni kim qorusun? Vətəni kim ayağa qaldırsın? Hə, deyəcəksiniz, nəsil davam edir! Edir! Amma o oğulu anaya necə qaytaracağıq? Gedəni geri qaytarmaq olurmu? Ondan bir də doğulacaqmı? Atasız qalan uşağa ata, oğulsuz qalan anaya övlad, ataya nəslinin davamçısı olacaq varis, nişanlı qalan qıza yar, tək dərdləri ilə baş-başa qalan qadına ər doğulacaqmı? Olmayacaq! Qırılan taleləri təmir etmək olmur!
Müharibə sözü qulaqlarımızda cingildəyib, bizi qorxudan, ancaq kinolarda görüb, təsirindən yuxularımızı qaçırdan bir söz olmadı. Həyatımıza yeridi! Həyat tərzimiz oldu! Hər addımımızda izlədi, izləyir bizi! Daha fərziyyələrimizdə, kinolarda, sənədli filmlərdə, kitablarda deyil, reallıqda yaxaladı bizi. Yaxamızı yaman tanıdı, heç əl çəkmək də istəmir! Üzümüzü yumşaq görüb! Üşütdü, üşüdür bizi! Sümüklərimizə, iliyimizə işləyib, dondurub qanımızı. Yumşaq üzümüzü döndərib düşmənə-amansız olmaqdan ötrü! Bu amansızlıq bizi qisasa sürükləyir! Düşmənə düşmənin özü kimi yox, mərdanə vuruşa, savaşa sövq edir! Gələcəyini təhlükə altında qoyaraq, özünü qurban verərək “ Vətən sağ olsun!” deyir.
Dərd içində başını itirən ata-ana ən ağır kəlməni şüar eləyir dilində- “Mən balamla fəxr edirəm!” “ Mən şəhid oğlumla fəxr edirəm! Qürur duyuram!” deyir, bayrağa sarılmiş cansız tabuta sarılır!
Yer də qəbul edir, göy də götürür bu fəryadı! Bir daha olmasın, aman! Olmasın müharibə! Bəsdir göz yaşları! Bəsdir oğullarımızın nahaq qanları! Düşmən elə o qanda boğulsun! Yox! O qan təmiz, safdır! Öz qanlarında boğulsun! Yer üzü yerdən silinsin adları! Bəlkə, onda belimiz düzələ, nəfəsimiz genələ!!
Başın başlarla sağ olsun, Vətən! Tanrı igidlərimizə yar olsun!<img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t90/1.5/16/1f1e6_1f1ff.png" alt="

Geri dön