Ana Sayfa > Karusel / Gündəm > Zəngilanda ilk dərs günündən FOTOREPORTAJ

Zəngilanda ilk dərs günündən FOTOREPORTAJ


15-09-2022, 15:30. Yazar: Admin

Sentyabrın 15-də Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində yeni dərs ilinin başlandığını bildirən ilk zəng səslənib.

 

Bu münasibətlə keçirilən tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi və valideynlər iştirak ediblər.

 

Qarabaginfo.az AzərTAc-a xəbər verir ki, ilk dərs günü Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Nazir bildirib ki, 29 ildən sonra Ağalı kənd tam orta məktəbində ilk dərs gününün qeyd olunması məhz onların sayəsində gerçəkləşdi. Ağalıda məktəbin fəaliyyətə başlaması çox qürurverici və tarixi hadisədir.

 

Emin Əmrullayev müasir infrastruktura malik olan Ağalı kənd tam orta məktəbinin uğurları ilə təhsil sisteminin öndə gələn məktəblərindən olacağına əminliyini ifadə edib. Sözügedən məktəbdə çalışmaq üçün müxtəlif bölgələrdən gənc müəllimlərin müraciət etdiklərini qeyd edən nazir bunun sevindirici hal olduğunu vurğulayıb.

 

Elm və təhsil naziri çıxışının sonunda yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Sonra Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri təbrik edib və məktəb kollektivinə uğurlar arzulayıb.

 

Bildirib ki, Ağalı məktəbi yeni və müasir texnologiyalarla təchiz edilib. Dövlət tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb: “Siz də daha yaxşı oxumalı, gələcəkdə Azərbaycanın və dünyanın nüfuzlu universitetlərinə qəbul olmalısınız. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Təhsil millətin gələcəyidir!”. Siz bizim gələcəyimizsiniz və sizin savadlı olmağınız gələcəkdə Zəngilanın, Qarabağın və bütövlükdə Azərbaycanımızın inkişafına kömək edəcək”.

 

Daha sonra tədbir iştirakçıları Ağalı kənd tam orta məktəbində tədris prosesi ilə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. Yeni tikilən məktəbdə 13 sinif otağı ilə yanaşı fənn kabinetləri, laboratoriyalar, informatika kabineti, texniki otaqlar, tibb otağı, psixoloq otağı var. Bundan əlavə, kitabxana, oxu zalı, geniş və işıqlı akt zalı, məktəbin həyətində müasir tələblərə cavab verən idman meydançası mövcuddur. Məktəbin bütün sinif otaqları və akt zalı ağıllı lövhələr və akustik səs sistemi ilə təchiz olunub, siniflərdə, akt zalında, dəhlizdə kameralar quraşdırılıb.

 

Məktəbdə quraşdırılan zəng də iştirakçıların diqqətini çəkib. Belə ki, həmin zəng Ağalı kənd məktəbinin dağılmış binasından çıxarılıb. 29 il susan zəng yenidən Şərqi Zəngəzurda səslənib.

 

Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Məktəbimizdə ilk zəngin çalınması biz müəllimləri, şagirdləri çox sevindirdi. Müəllimlərimiz xoşbəxtdirlər ki, işğaldan azad edilmiş kəndimizdə dərs deyəcəklər. Bu hissləri heç bir sözlə ifadə etmək olmaz. Məktəbimiz müasir texnologiya ilə təmin edilib. Siniflərimizdə ağıllı lövhələrimiz var, şagirlərimizin yüksək səviyyədə təhsil almaları üçün hər bir şərait yaradılıb. Bütün şagirdlərimizə, çanta, planşet, kitablar paylanılıb. Bu şəraiti bizə yaradan Prezidentimizə minnətdarlığımızı bildirirəm”.

 

Məktəbin şagirdləri də böyük sevinc içərisində idilər. Çünki artıq onlar məcburi köçkün deyillər, sıxıntılarla yaşamırlar. “Ağıllı kənd” konsepsiyası əsasında salınmış doğma kəndlərində yeni evlərdə yaşayır, müasir üslubda tikilən məktəbdə təhsil alırlar. Onlardan biri də 7-ci sinif şagirdi Ayla Rəfiyevadır. O, bundan öncə Sumqayıt şəhər 1 nömrəli məktəbdə oxuyub: “Kəndimizdə oxuduğum üçün çox sevinirəm. Evimiz də yaxındır. Artıq yeni dostlarım da var. Yaxşı oxuyacağıma söz verirəm”.

 

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Ağalı kənd tam orta məktəbində 65 şagirdin təlim-tərbiyəsi ilə 13 müəllim məşğul olacaq.

 


Geri dön