Ana Sayfa > Karusel / Gündəm > Vəkillər Kollegiyası: Elçin Sadıqovun həbsi onun peşəkar hüquqi fəaliyyəti ilə bağlı deyil

Vəkillər Kollegiyası: Elçin Sadıqovun həbsi onun peşəkar hüquqi fəaliyyəti ilə bağlı deyil


14-09-2022, 20:54. Yazar: Admin

Vəkillər Kollegiyası: Elçin Sadıqovun həbsi onun peşəkar hüquqi fəaliyyəti ilə bağlı deyil

Vəkillər Kollegiyası həbs olunan vəkil Elçin Sadıqovla bağlı bəyanat yayıb.

Kollegiyadan verilən xəbərə görə, bəyanatda deyilir:

“Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, Vəkillər Kollegiyası tam müstəqil təsisatdır və onun fəaliyyətinə bu və ya digər qaydada müdaxilə yolverilməzdir.
Vəkil Elçin Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyildir. Bu məsələ ilə əlaqədar siyasiləşmiş, vəkilliyin ümumi maraqlarına cavab verməyən başqa maraqlara qulluq edən şəxslərin manipulə edilməsini, vəkilliyin qanuni mənafeyinə zidd kampaniyaların təşkilini qətiyyətlə pisləyirik. Belə manipulyasiyalar müstəqil vəkillik institutuna zərər vurur”.

Vəkillər Kollegiyası vəkilləri diqqətli olmağa, bu və ya digər dəqiq olmayan məlumatları bəyan və ya dərc etməməyə, cəmiyyətdə vəkilliklə bağlı yanlış təsəvvür yaratmamağa dəvət edir.

Rəyasət Heyəti vəkilin həbsi ilə bağlı məsələnin onun diqqət mərkəzində olduğunu qeyd edərək yaranmış suallarla bağlı bilavasitə Rəyasət Heyətinin Aparatına müraciət olunmasını xahiş edir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Geri dön