Ana Sayfa > Karusel / Gündəm > Sayt rəhbəri barəsində cinayət işi AÇILDI

Sayt rəhbəri barəsində cinayət işi AÇILDI


14-09-2022, 16:51. Yazar: Admin

Vətəndaşın pulunu ələ keçirən “patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb.

 

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəxsi həyata dair görüntülərin internet resurslarından silinməsi adı ilə vətəndaşların pulunu ələ keçirən vəzifəli şəxs barəsində daxil olan müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Əməliyyat-axtarış tədbirləri ilə “Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşın şəxsi həyatı ilə bağlı videogörüntülərin geniş izləyici kütləsi arasında yayılmasının qarşısının alınması məqsədilə həmin materialların əks olunduğu media və sosial şəbəkə səhifələrindən silinməsi ilə bağlı yalan vəd vermələrinə, bu yolla vətəndaşın 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanan ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Səməndər Niftəliyev və Həmzə Hüseynliyə həmin Məcəllənin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.


Geri dön