Ana Sayfa > Karusel / Gündəm > İki qurumun İctimai Şuraları Əli Əsədova müraciət etdi
İki qurumun İctimai Şuraları Əli Əsədova müraciət etdi13-09-2022, 17:27. Yazar: Admin |
Qaz xəttinin çətin relyef şəraitində çəkilməsi zərurəti meşəətrafı məntəqələrin qazlaşdırılması zamanı yüksək maliyyətutumlu layihələrə çevrildiyindən “Azəriqaz” İB və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yaradılmış İctimai Şuralar Baş nazir Əli Əsədova müraciət edib. “Azəriqaz” İB-dən verilən məlumata görə, müraciətdə deyilir: “Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planının 4.1.5-ci bəndinə görə texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz qiymətləndirilən yaşayış məntəqələri, o cümlədən meşəətrafı kəndlər alternativ enerji növləri ilə təmin olunmalıdır. Qeyd edək ki, Respublikamızın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni, meşə ilə örtülü sahələr isə 1046,76 min hektardır ki, bu da ölkə ərazisinin 12%-ni təşkil edir. Ölkəmizdə adambaşına düşən meşə sahəsi qonşu Gürcüstan Respublikası ilə müqayisədə təxminən 3 dəfə azdır. Göründüyü kimi, regionun qonşu ölkələrilə müqayisədə Azərbaycan azmeşəli ölkədir və meşələrin artırılması, mühafizəsi, o cümlədən meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı və səmərəli istifadə edilməsi prioritetdir. Meşəətrafı ərazilərdə odun tədarükünün ildən ilə çətinləşməsi, mümkünsüzləşməsi səbəbindən təbii qazın verilməsi tələbi ilə əlaqədar vətəndaşlar tərəfindən “Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuraya daxil olan müraciətlərin sayı da artmaqdadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR “Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri olan vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri yuxarıda qeyd olunan yaşayış məntəqələrinin yaxın gələcəkdə hökumət səviyyəsində maliyyə vəsaiti ayrılmaqla qazlaşdırılmasını məqsədəuyğun hesab edərək bu istiqamətdə köməklik göstərilməsini sizdən xahiş edir”. Geri dön |