Ana Sayfa > Karusel / Gündəm > Əkiz övladı dünyaya gələn şəhid atası: “Oğlumun yeri boş qalmadı” 

Əkiz övladı dünyaya gələn şəhid atası: “Oğlumun yeri boş qalmadı” 


6-09-2022, 12:35. Yazar: Admin

Sentyabrın 3-də ailənin tək övladı olmuş 44 günlük Vətən müharibəsi şəhidi Sadiq Vəliyevin əkiz bacı-qardaşı dünyaya gəlib. Şəhidimizin valideyninin yenidən övlad sahibi olması sevinclə qarşılanıb.

 

 

Sevinc təəssüratlarını Modern.az-la bölüşən şəhid atası Ayaz Quliyev övlad itkisinin çox ağır dərd olduğunu, lakin yeni doğulan övladlarının ona təsəlli verəcəyini deyib:

 

"Övlad itkisi çox ağırdır. Sadiqi unuda bilmərik. Onun şəhid olmasından sonra həyat yoldaşımla qərara gəldik ki, yenidən övladımız olsun. Allaha şükürlər olsun, bizə iki övlad payı verdi. Oğlana qardaşı kimi igid olsun deyə Sadiq adını qoyduq. Qızın da adını böyük qızım Rüfanənin adına uyğun olaraq Rüsanə qoyduq. Oğlumun yeri, ata yurdu boş qalmasın deyə yoldaşımla bu qərara gəldik. Düşünürəm ki, bu gün oğlumun ruhu şaddır. O mənim gözümün işığı, evimin yaraşığı, bircə oğlum idi, bu körpələr az da olsa, bizə təsəlli olacaq, amma hər meyvənin öz dadı var. Sadiq tamam başqa bir insan idi, qeyri-adi oğlan idi, inşallah, onun bacı-qardaşı da ona layiq övlad olarlar”.

 

 

Şəhid atası bildirib ki, yenidən valideyn olduqlarına görə, onları heç kim qınamır: 

 

“Biz yenidən valideyn olmamışdan öncə qohumlarımızla məsləhətləşdiq, onlar qərarımızı dəstəklədilər, şəhid balamızın ətrini körpələrimizdən ala biləcəyimizi dedilər. Biz də bu niyyətlə yenidən valideyn olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Qeyd edək ki, əsgər Sadiq Vəliyev Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında iştirak edib. O, 2020-ci ilin oktyabrın 3-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Sadiq Vəliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, "Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.


Geri dön