Ana Sayfa > Karusel / Cəmiyyət / Yazar > Satış meneceri kimdir?

Satış meneceri kimdir?


3-09-2022, 20:34. Yazar: Admin

  • Sizi tanıyaq.

- Mən Anar Orucov - #SMSadam 10 ildən çox satış, marketinq və PR sahəsində işləmişəm. Hal-hazırda Azərbaycanın ilk sms şirkəti olan BİMTEK şirkətində satış meneceri olaraq fəaliyyət göstərirəm. 

  • Satış meneceri kimdir və onun hansı öhdəlikləri var?

- Əvvəla deyim ki, satış işi çətin peşələrdən biridir. Çətin peşələrin öhdəsindən  asanlıqla gəlmək heç vaxt mümkün deyil. Bu səbəbdən də, satış adamı əzmlə, səbrlə, ən əsası inamla işləməlidir.  Həvəssiz və səbri az olan insanın motivasiyası da az olur.  Səbrli olmağınız satış işinin öhdəsindən gəlməyə kömək edəcək. Uğurlu və peşəkar satış meneceri olmaq üçün bir sıra cəhətləri nəzərə almaq lazımdır. Əvvəla satış meneceri satacağı məhsulu yaxşı bilməli, onun xüsusiyyətlərinə dərindən bələd olmalıdır. Mütəxəssis müştəri ilə ünsiyyətdə olarkən, qarşıya çıxa biləcək istənilən suala hazır olmalı, məhsulla bağlı onun üçün qaranlıq məqam qalmamalıdır. Satış meneceri ilk öncə, özü öz məhsuluna inanmalı və sevməlidir. Yalnız bu halda, o, təqdim etdiyi məhsulu və ya xidməti  qarşı tərəfə  uğurla sata biləcək.  Satış meneceri istənilən halda ortaya çıxa biləcək problem və çatışmazlıqları nəzərə almalı, istənilən situasiyada anlıq qərar vermək qabiliyyətinə sahib olmalıdır. Satış təmsilçisi hər mövzuda azacıq da olsa məlumatı və təsəvvürü olmalı, bazarda və biznes mühitində baş verən prosesləri yaxından izləməlidir. Günlük trendlərdən xəbərdar olmalı, satış xüsusiyyətlərini və satış psixologiyasını yaxşı bilməlidir. Uğurlu satışa gedən yolda bütün bunlar əsas şərtlərdəndir.

  • Karyeranızda hansı daha dəyərli oldu: təhsiliniz və ya təcrübəniz?

- Karyeramda Azərbaycanda və Türkiyədə qazandığım  iş təcrübəm mənə çox kömək oldu. Türkiyədə otel satışı fəaliyyət göstərmişəm. Orada olan satış mütəxəssisləri satışın bir çox nüanslarını  mənə öyrədiblər.

  • Sizi bu sahədə çalışmağa motivasiya edən əsas şey nədir?

-Motivasiya  hər bir işdə insanın uğur qazanmağında əsas rol oynayır. Məni yəni #SMSadamı çalışmağa motivasiya edən şey, işimi çox sevməyim, səbrli olmağımdır. İnsan işini sevməsə, o sahədə uğur qazana bilməz.

  • Satış menecerinin günlük işləri nədən ibarətdir və hansı alətlərdən istifadə edir?

- Satış menecerinin günlük yox, həftəlik planı olmalıdır. Satış proqramının hazırlanması, zamanın proqramlanması, fəaliyyət göstərdiyi bazarı analiz edə bilmək bacarığı vacib şərtlərdəndir. Satış meneceri bütün sosial mediada aktiv olmalı, öz fəaliyyətini sosial mediada düzgün şəkildə qurmağı bacarmalıdır. Belə olan halda, onun satdığı məhsulu axtaranda ilk ağla gələn şəxs həmin satış meneceri olmalıdır. Özünəinam satış menecerinin ən böyük silahıdır. Çünki özünə inanmayanlar başqalarını da inandıra bilməzlər. Satış mütəxəssisi daim yeniliklərə açıq olmalı, bazarın bütün xüsusiyyətlərini bilməlidir.

  • Satış meneceri digər hansı sahənin şəxsləri ilə müştərək işləməlidir?

- Satış meneceri fəaliyyəti zamanı digər peşə sahibləri ilə də ünsiyyət qurur. Odur ki, satış meneceri  qarşıya qoyulan hədəfə və məqsədə çatmaq üçün SMM menecer ilə, marketoloqlar və s. peşə sahibləri ilə mütəmadi əlaqədə olmalı, qarşılıqlı fikir mübadiləsi aparmalıdır.

  • Peşəkar Satış meneceri olmaq üçün nələrə diqqət edilməlidir?

-Peşəkar satış meneceri olmaq üçün şablon da olsa, çox mütaliə etməli, daha çox netvorking tədbirlərində iştirak etməlidir. Fəaliyyətdə olduğu  sahədə rəqib şirkətləri  analiz edə bilməlidir. Müştəri ilə görüş zamanı meydana çıxan problemi həll etmə bacarığı olmalıdır. Hazırkı çağdaş dövrümüzü informasiya texnologiyası olmadan təsəvvür etmək mümkün deyil. Çünki günümüz rəqəmsal biznes dövrüdür. Odur ki, satış meneceri sosial medianı mükəmməl bilməlidir. İndi istənilən şəxs sosial mediadan istifadə edərək öz biznesini qurur və yaxud özünün brendinqini aparır. Bunun üçün satış mütəxəssisi sosial medianın incəliklərinə yaxşı bələd olmalıdır.Məsələn; sosial mediada #Smsadam axtarışa verin, nəticəsini özünüz görəcəksiniz.

  • Satış meneceri olmanın ən yorucu tərəfi nələrdir?

-Satışın ən yorucu tərəfi son nöqtəni qoymaq, yəni müqavilənin imzalanması tərəfidir. Müqaviləni imzalamaq mərhələsinə çatmaq nə qədər yorucu olsa da, o qədər də sevindiricidir. Çünki bir satış menecerinin fəaliyyətinin görünən tərəfi və nəticəsi məhz müqavilənin imzalanması anıdır.

  • Bu sahədə çalışmaq istəyənlərə nədən başlamağı tövsiyə edərdiniz?

 -Bu sahədə yeni başlayanlara ilk tövsiyyəm odur ki, fəaliyyətə başladıqları vaxtlar  maaşı düşünməsinlər, əksinə, diqqətlərini işlərinə yönəltsinlər. Əgər satış meneceri bunlara əməl edərsə, satış sahəsində uğur qazanarsa, maaş özü gələcək.


Geri dön