Ana Sayfa > Karusel / Siyasət / Region > İran Zəngəzur dəhlizinə qarşıdır - Səfirin “ikibaşlı” mesajı

İran Zəngəzur dəhlizinə qarşıdır - Səfirin “ikibaşlı” mesajı


30-08-2022, 10:23. Yazar: Admin

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə aydınlıq gətirib. Ötən həftə yerli KİV-ə açıqlama verən diplomat ölkəsinin Zəngəzur dəhlizinin əleyhinə olmadığını söyləyib.

 

Səfir ardınca tviter hesabında paylaşım edərək, İranın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini vurğulayıb. 

 

"Amma müxtəlif ölkələr ikitərəfli və regional müzakirələrdə öz maraqlarını başqa ölkələrin maraqlarına zidd irəli sürməməlidir. 30 ildir ki, İran torpağı Azərbaycanı Naxçıvanla birləşdirən əsas yol olub və indi də belədir",- səfir qeyd edib. 

İranlı diplomatin sonuncu tviti ətrafında gedən müzakirələrdən məlum olur ki, Tehran Zəngəzur dəhlizinin açılmasına o qədər də can yandırmır, əksində hazırki vəziyyətin belə davam etməsində maraqlıdır. 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan siyasi ekspert, Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran sülh danışıqlarını dəstəklədiyinə görə, Azərbaycana minnət qoya bilməz:

 

“Biz də İranla İraq arasında sülh sazişinin imzalanmasını istəyirik. Çünki 1988-ci ildə baş verən İraq-İran müharibəsində sülh sazişi imzalanmamış, sadəcə atəşkəs elan olunmuşdu. Bununla onu demək istəyirəm ki, dünyada sülhü dəstəkləməyən ölkə yoxdur. Odur ki, İranın Ermənistan-Azərbaycan sülh danışıqlarını dəstəkləməsi normaldır. Buna görə, Azərbaycanın boynuna minnət qoyulmamalıdır”.

 

S.Soltan hesab edir ki, İran tərəfi Zəngəzur dəhlizinin açılmasına qarşıdır:

 

"İran birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasına, bunun üçün Ermənistana təzyiq göstərilməsinə, dolğun məsləhət verilməsinə qarşıdır. Qonşuluq xatirinə, Azərbaycanla əlaqələri korlamamaq xatirinə deyirlər ki, Zəngəzur dəhlizinin açılmasına narazı deyilik. Əslində, İranın Ermənistanla apardığı danışıqlar, iki ölkə arasındakı əlaqələr göstərir ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. İran İnqilab Keşikçiləri Korpusunun sosial şəbəkə hesablarında yazılan şərhlər bunu təsdiqləyir. Eyni zamanda, İranın ali lideri Ayətullah Seyid Əli Xamnəyinin Ermənistan və Azərbaycanla bağlı düşüncələri bunu deməyə əsas verir. Düzdür, 30 il Bakı ilə Naxçıvan arasında əlaqə üçün İran ərazisindən istifadə olunub. Bu məsələdə İran tərəfi Azərbaycanın boynuna minnət qoya bilməz. Çünki bunun müqabilində Azərbaycan da İrana müəyyən güzəştlər etməkdədir. İranın bir sıra ərazilərinin qazla təmin olunması, İran yüklərinin Azərbaycan ərazisindən tranziti kimi məsələləri nümunə göstərmək olar. Azərbaycan dayanıqlı dəhliz istəyir. 2020-ci il 10 noyabr tarixində imzalanmış bəyannamədə qeyd olunan Zəngəzur dəhlizi bu mənada çox əlverişlidir”.

 

 

Ekspertin sözlərinə görə, Azərbaycanı maraqlandıran əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır:

 

“İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin İranın guya Zəngəzur dəhlizini dəstəklədiyini deməsi Ermənistan tərəfindən rəsmən təkzib edilir. Belə ki, Ermənistan hökumətinin rəsmi teleqram səhifəsi olan "Baqramyan" bildirir ki, İran tərəfi heç vaxt Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən mövqe bildirməyib. Yəni Ermənistan Abbas Musəvinin sözlərini təkzib edib. İş burasındadır ki, İran da Ermənistan hökumətinin rəsmi teleqram səhifəsi olan "Baqramyan"ın məlumatını təkzib etməyib. Deməli, bu məsələdə qeyri-dəqiqlik var. Yəni İran Zəngəzur dəhlizi ilə bağlı birmənalı fikir bildirməyib. Əgər birmənalı fikir bildirsəydi, “3+3” formatında danışıqlar çoxdan başlamışdı. Yaxud Ermənistan tərəfi dəhlizin tikilməsi və istifadəyə verilməsi ilə bağlı işlərə başlayardı. Ermənistan hələ də İrana və Rusiyaya arxayın olduğu üçün Laçın dəhlizi ilə bağlı heç bir iş görməyib”.


Geri dön