Qarabaginfo.az xəbər verir ki, bunu jurnalist Azər Həsrət sosial şəbəkədə yazıb.
O, bildirib ki, Azərbaycan çoxmillətli – multikultural, üstəlik də tolerant ölkədir:
“Burada bir çox yerli etnik qruplar yaşayır. Onların özünə xas mədəniyyəti, adət-ənənələri, həm də dili var. Dövlət də bu azlıqların bu özəlliklərini qorumaqla yükümlüdür.
Təbii ki, burada dil ən öndə gəlir. İndi necə olur ki, mənim dövlətim bir ovuc rus üçün 300-dən artıq məktəbi maliyyələşdirir, bu etnik azlıqların öz dilində təhsilini təmin edə bilmir? Niyə belə olmalıdır? Niyə, örnək üçün, avarlar, talışlar, tatlar, ləzgilər, saxurlar, kürdlər və s. də öz ana dilində ruslar kimi təhsil ala bilməsin? Niyə ruslara münasibətdə (ki, onlar Azərbaycana işğalçı olaraq gəliblər) bu qədər üstünlük tanınır, amma ölkəmizin yerli xalqları olan, bu dövlət və torpaq üçün çoxsaylı şəhidlər verən etnik azlıqlarınsa öz dillərində məktəb məsələsi həll edilə bilmir?
Başa düşürük, müəllim-kadr problemi var. Amma bunu da həll etmək olar axı. Rus məktəblərinə xərclənən milyonları bu məsələyə yönəltsəydik çoxdan etnik azlıqların dilində dərs deyəcək müəllim məsələsini həll etmiş olardıq.
Unutmayaq, ruslar köçəri quşlardır, burada əbədi qalan deyillər. Amma bizim etnik azlıqlarımız əbədiyyən Azərbaycanda qalacaq, onun ən çətin günlərində ön cəbhədə olacaqlar. Ruslara deyil, onlara qayğı və diqqət göstərək. Rusların onsuz da Putin babası var. Putin olmasa da başqa bir babaları olacaq...” (Yeni Sabah)