Ana Sayfa > Karusel / Yazar > Xoş gəldin, Laçınım! Gəlişin mübarək! - Rəna İbrahimova yazır.

Xoş gəldin, Laçınım! Gəlişin mübarək! - Rəna İbrahimova yazır.


27-08-2022, 14:55. Yazar: Admin

Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Bu, Qarabağ erməniləri üçün nə deməkdir? - BBC News Azərbaycanca

Görəsən, çox adamdamı olur, illərlə gözlədiyin an gəlir, inanmadığın, olduqca əlçatmaz, ünyetməz, gecəni gündüzünə qatan, beynini yoran, ömrünü suallarla yaşayaraq cavabsız qoyan, səni ümidsizliyə sürükləyən, əlini sonda üzdüyün və Tanrıya həvalə etdiyin O an!
O an gəlir və ilk anda sənə tam çatmır. Qarışır beynində hər şey bir-birinə. Beyin çətinliklə sintez edir, ayırd edir. Rənglər qarışır bir-birinə. Sevinirsən! Bu sevinc də qəribə olur. Bir az kənara qoyub təzədən sevinmək istəyirsən. Amma allnmır. Kədərlənirsən! Qeyri-ixtiyari ağlayırsan! Bir gözündə bahar, digərində qış, ürəyinin bir parası buz bağlayıb, digərində qanın cövlan eləyir, coşur, fərəhlənir, köksün qalxıb-enir. Xəyallar qatarlanır. Orada da qarışıqdı hər şey. Həm real həm də reallıqdan uzaq xəyallar bir mizana qalxır. Olanlarla, olmayacaqlar arasında dizbalans yaranır. Olanları gülümsəyərək yenidən yaşayır, olmayacaqların acısısa ürəyini ovub, oyub oyur,qovurur!
Vətəndən kənardasan! “Vətən azaddır!” deyirlər. Nə hislər keçirirsən? Sevincdən dəli olmaq dərəcəsinə qədər. Gəl, indi göz yaşlarını saxla görüm necə saxlayırsan? Qanını o torpaqlara qatıb müqəddəsləşdirən şəhidlər, bir tərəflərini, bədənlərinin yarısını orada qoyub gələn oğullar gəlir göz önünə. Ayağı olmayana ayaq, qolu olmyana qol, gözü olmayana göz olub onları da aparmaq,gəzdirmək, görmələrini istəyirsən! “Bu, daha çox onların haqqıdır!” deyə. Göz bəbəyi kimi hər qarışını qoruyan, hər an döyüşə hazır olan əsgərlər, “Qisas” əmrini yerinə yetirmək üçün gözləyən komandirlər gəlir göz önünə.
Kədər tərəfi heç közələməsən yaxşıdı. O yurdda qalan yarıcan ruhlar var ki, bizim ayağlmız dəyməyən, nəfəsimiz toxunmayan, səs-ünümüz çatmayan yerlərin keşikçisi oldular. Ən sadiq olanlardılar! Bir ruh olub, o havanı görmək istəyirsən. Görəsən oraların sevinci necədi? Bağışladılarmı bizi?
Bu tərəflərdə qalan yarımcan ruhlar da var axı. Vətən həsrətilə 1-30 il arası o dünyaya köç edən! Onların taleyi də o tərəfdə qalanlardan az deyil! On qat çoxdu. Çünki çox əzab gördülər. Köçkünlük, evsizlik, yurdsuzluq, soyuq üzlər, çəp baxşlar, əzilib kiçilmələr, itgilər...daha nələr, nələr. Son nəfəsdə bir qurtum yurddan su istəyib susuz gedənlər, barı qəbirlərinə o tarpaqdan torpaq qatmaq istəyib də arzusu ürəklərində, xatirələri, yaşadıqları gözlərində donub torpağa qarışıb gedənlər.
Laçın azaddır!!! Düşmənin ayaq izlərini igidlər ordan kəsibsə, yağışlar yuyacaq, şaxta siləcək, hava təmizləyəcək! Axı torpaq haram götürmür, o müqəddəsdir!!!
İki ilə yaxın bir müddətdə biz dişlərimizi sıxıb dözdük! Gör, o torpaq nələrə dözdü otuz iki il?
Rayonun beyin mərkəzi həbsdə, əl-ayağı isə azadlıqdaydı! Nə dərəcədə azad idi, təsəvvürə gətirmək belə çətin idi.
Mənim ruhum da o ruhlara qarışıbdı indi. Uçur, dolaşır oralarda. Uşaqlıq xatirələrim ikimərtəbəli bir evdə dolaşır. Yaydı. Qonaq-qaralı ev dolub-daşır. Böyük evin pəncərələri də ev sahiblərinin ürəyi kimi açıqdı, genişdi. Həzin külək kənara çəkilmiş ipək pərdələrin ortasındakı tülləri oynadır. Geniş həyətin, qonşu evlərinin pəncərələrinə də piano səsi yayılr, ruhlarıni yerindın oynadır. O qədər gözəldi hər şey! Düşünürsən, necə xoşbəxtdir bu ev, bu həyət, bu ailə. Hərdən yayda Bakıdan gələn bir oğlanın da pianoçuya qoşulub stulu götürüb dizlərinə dayayaraq onun üstündə ritm tutur. Qonaq gələn yaşlı nənə dözməyib ayağa qalxır. Sümüyünə yamanca düşən bu ritmə qollarını qaldırıb süzür. Mən də əl çalanlardan biriyəm! Bu, mənim əmimin evidir! Mənim yay tətillərimin dəyişməz ünvanı! Beton pilləkənlərlə qalxdıqca tut ağacının budaqları da səninlə qalxır. Uzun, geniş zalın pəncərələrini açandasa, tutun budaqları öz iri yaşıl yarpaqlarını içəri atır. O da sevir bu evi, onun abu-havasını, səs-küyünü, qonaqlarını, musiqisini, hər küncünü! Bu ev o qədər qonaqlı olurdu! Qonaq-qara tanış-biliş, qohum-əqraba, hətta yad əcnəbi geoloqlar qrupu da ola bilərdi. Olurdu da!
Geoloqların rəhbəri Vaqif bu evin ən əzizi idi. Uzaq qohum, yaxın dostuydu. Mehriban, gülərüz! Onları əşyaları mənə o qədər maraqlı idi. Açılan çadır kətillər, qatlama masalar, çadırlar, qazıntı üçün ləvazimatlar, geyimləri, qızların açıq sarı saçları.
Çöl həyatına öyrənmiş bu geoloqlar hər şəraitə uyğun hərəkət edirdilər. Evdə ən balaca mən idim. Vaqif vedrədə isidilmiş su ilə həyətdəcə saçını yuyar, mən də su tökərdim. Bəlkə mən də bu hadisənin içində olduğumdan gizlində sevinc duyurmuşam.
Yenə tuta qayıdaq...
Tut ağacları böyük, barlı-bəhrəli olurdu. Şəhərdən neçə kəndə vedrələrlə pay gedirdi. İri, bir neçə çadır bir-birinə tikilib “kərxana” dediyimiz bir əşyanı yaratmışdı. Lazımlı bir əşyanı. Onlarla adam hərə o kərxananın bir künçündən tutub tut ağacının altında tam hazır vəziyyətdə bir qüvvə kimi birləşirdik. Cavanlardan biri ağaca çıxıb növbə ilə budaqları silkələyirdi. Tut yağışı başlayırdı. Tap-tap...Və tut sevinci yaşanırdı. Dözməyənlər o yağışın altında bir əlini buraxıb tutları dənləməyə başlayardı. Bal kimi barmaq boyda tutları.
Bu ev bizim ikinci ata evimiz- Nemət əmimin evi idi. Atamla əkiz olan bir almanın yarısı! Bizim də ürəyimizin yarısı! Ən sevimli əmimiz! Çiddi, hərdən xoş zarafatlı, az danışan “yoldaş” sözünü sevib, yoldaşcasına müraciət edən böyük əmimiz! Hər adı gələndə kövrəldiyim, ən çox darıxdığım, uzaqda olanda hər dəfə xatırlayanda qəhərləndiyim insan! İndi Laçına yenə sənin məhləndən, ocağından keçib gedəcəyik. O ev dursa da, durmasa da! Sənə, bibimə qismət olmadı bu günün sevincini yaşamaq. Amma ruhlarınız şaddır! Bizdən də qabaq orda bərqərar olub. Bəlkə, yenidən o illəri yaşayır, bəlkə də başqa cür davam edirsiniz, onu Haqq olan bilir. Atamla Söhrabın da ruhu sizə əmanət! Biz qovuşanadək! Qoruyun bizi və bir-birinizi!
Laçınım, sən azadsan! Ruhlar da azaddır!
Bu azadlıq əbədi olsun! Olacaq da! Vətən,Torpaq etimadlı, qeyrətli, cəsarətli, etibarlı gəncliyin əlindədir!

Bu azadlıq əbədi olsun! Olacaq da! Vətən,Torpaq etimadlı, qeyrətli, cəsarətli, etibarlı gəncliyin əlindədir!
Xoş gəldin, Laçınım! Gəlişin mübarək!
<hr>
<a href=Geri dön