Ana Sayfa > Karusel / Gündəm > Dünyada "yanğın mövsümü": Azərbaycanda vəziyyət necədir? - FOTO - VİDEO

Dünyada "yanğın mövsümü": Azərbaycanda vəziyyət necədir? - FOTO - VİDEO


18-08-2022, 19:11. Yazar: Admin

Dünyada "yanğın mövsümü": Azərbaycanda vəziyyət necədir? - FOTO - VİDEO

Yayın gəlməsi, havaların isti keçməsi ilə əlaqədar bütün dünyada yanğınların sayı artıb, miqyası genişlənib. Belə demək mümkündürsə, indi “yanğın mövsümüdür”.

Hər ilin bu çağı dünyanın müxtəlif ölkələri yanğınlardan, xüsusilə meşə yanğınlarından əziyyət çəkir.

2019-cu ilin sonlarından 2020-ci ilin ilk aylarınadək Avstraliyada tüğyan edən irimiqyaslı meşə yanğınları bütün dünyanı ayağa qaldırmışdı. Avstraliyanın cənub-şərq sahillərində baş vermiş yanğınlar nəticəsində 25 nəfər həlak olmuş, 2000-ə yaxın ev, ümumilikdə 8 milyon hektardan artıq ərazi yanaraq külə dönmüşdü. Dəhşətli yanğın yüz milyonlarla heyvanın tələfatına səbəb olmuşdu.

Bu il də Avstraliyada meşə yanğınları qeydə alınıb. “Yaşıl qitə”nin Viktoriya, Yeni Cənubi Uels ştatlarında yanğın yüz minlərlə hektar ərazini əhatə edib.

Ötən il Türkiyədə baş vermiş irimiqyaslı meşə yanğınları da yaddaşlardadır. Bir neçə gün çəkən yanğınlar meşələrin, evlərin, heyvanlarına məhvinə səbəb olmuşdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə həmin yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürənləri də yaxından iştirak etmiş, fədakarlıq göstərmişdi.

Təəssüf ki, 2022-ci il də dünyada meşə yanğınları baxımından istisna olmadı. Havaların isti keçməsi, ümumilikdə isə qlobal istiləşmə nəticəsində 2022-ci il meteomüşahidələr tarixində ən isti illərdən biri kimi yadda qalacaq.

Qarabaginfo.az “Le Point” qəzetinə istinadən xəbər verir ki, qlobal istiləşmə 2022-ci ildə ötən illə müqayisədə daha çox meşə və yaşıllıq sahələrinin məhv olmasına yol açıb.

“Situasiya biz təsəvvür etdiyimizdən də ağırdır”, - deyə Avropanın meşə təhlükəsizliyi sisteminin koordinatoru Jesus San Migel söyləyib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Balaş Uyvari 2022-ci ilin əvvəllərindən bu günə qədər Avropa İttifaqının 27 ölkəsinin ərazisində 700 min hektardan artıq ərazinin yanaraq külə çevrildiyini söyləyib. Halbuki bütün 2021-ci il ərzində bu rəqəm 470 min hektarı əhatə edib.

İndi isə ayrı-ayrı ölkələrdə bu il qeydə alınmış yanğınlar barədə.

Bolqarıstanda avqustun 9-da isti və quraqlığın doğurduğu meşə yanğınlarına görə Pazarcık rayonu ərazisində fövqəladə vəziyyət elan olunub. Yanğının 200 hektar sahəni əhatə edib, 2 kəndə təhlükə törədib. Güclü külək səbəbi ilə Bolqarıstanın cənubundakı Harmanli, Lyubimets və Svilenqrad rayonlarında yanğın ciddi fəsadlara yol açıb.

Öz yaşıllıqları ilə zəngin olan ABŞ-ın Kaliforniya ştatı da bu il meşə yanğınları ilə üzləşib. İyulun sonlarında Kaliforniyanın Oreqon ştatı ilə sərhədində başlayan yanğın 20 640 hektardan çox ərazini məhv edib.

“Makkinni” adı verilən yanğın ştatın Siskiyu dairəsində 2 mindən çox insanın təxliyə olunmasına, çoxlu sayda ev və infrastruktur obyektlərinin məhvinə səbəb olub.

Bu il ABŞ-da 600 min hektardan çox meşə sahəsinin məhv edildiyi bildirilir. Ən çox yanğın halı Alyaska ştatında qeydə alınıb.

Yanğınlar baxımından Rusiyanı “zəngin ölkə” adlandırmaq olar. Dünyada meşə yanğınları ilə bağlı ən həyəcanlı situasiya məhz Rusiyadadır. Rəsmi məlumatlara görə, ilin əvvəllərindən bu ölkədə 3,23 milyon hektardan çox meşə sahəsi yanaraq kül olub.

Ən çox yanğınlar Xabarovsk diyarında qeydə alınıb. Hazırda bölgədə 700 min hektardan çox meşənin yandığı, bölgədə federal səviyyəli fövqəladə rejimin elan olunduğu bildirilir.

Bundan başqa, Krasnoyarsk vilayəti, Yakutiya Respublikası və Xantı-Mansiysk Federal Dairəsində də vəziyyət təhlükəli olaraq qalır.

Braziliyada da meşə yanğınları ilə bağlı vəziyyət gərgin olaraq qalır. 2022-ci ildə dünyanın “ağ ciyəri” hesab olunan Amazon meşələrində yanğınların sayı və əhatəsi 15 illik maksimuma çatıb. Təkcə iyulda 5300 yanğın ocağı aşkar olunub ki, bu da ötən illə müqayisədə 8% çox deməkdir.

Avqust və sentyabrda yanğınların pik həddə çatması gözlənilir. İstilik və quraqlıqla yanaşı, meşə yanğınlarının çoxalmasına yerli fermerlərin meşələri qırması və yandırması amili də ciddi təsir göstərir.

Meşə yanğınlarından ən çox əziyyət çəkən ölkələrdən olan Türkiyə bu il də eyni problemlə üz-üzə qalıb. İsti hava, quraqlıq və insan amili qardaş ölkədə bir neçə ciddi meşə yanğınına səbəb olub. Əsasən, Egey və Aralıq dənizi sahillərində, turistik bölgələrdə qeydə alınan yanğınlar ən çox Marmaris, Aydın, Muğla, Manisa, İzmir və Balıkesir bölgələrində qeydə alınıb. Həmin yanğınlar hazırda nəzarət altında alınıb, əksəriyyəti isə söndürülüb.

Xatırladaq ki, təkcə 2021-ci ildə Türkiyədə 139,5 min hektar meşə sahəsi yanaraq kül olub.

Hazırda yuxarıda adı çəkilən ölkələrlə yanaşı, Yunanıstan, Polşa, Fransa, Böyük Britaniya, Çin, Kanada, Botsvana, Zambiya, Cənubi Afrika Respublikası, Mozambik, Yeni Zelandiya, Konqo Respublikası, İtaliya, Argentina, Kolumbiya, Peru Madaqaskarda da şiddətli meşə yanğınları ocaqları var.

Təəssüf ki, bu siyahıya Azərbaycanı da əlavə etməliyik. Yay mövsümü başlayandan ölkədə meşə yanğınlarının sayı kəskin artıb.

Araşdırma nəticəsində aydın olur ki, yanğınlar bir neçə səbəbdən baş verir. Əsas səbəb bütün dünyada olduğu kimi havaların qızmar keçməsi və quraqlıdır.

Bundan başqa, meşələrdəki quru ağaclar qızmar havada alışmaya məruz qalır, nəticədə yanğın baş verir. Səbəblər sırasında antropogen amillər təbii ki, üstünlük təşkil edir. İnsanların istirahət, piknik üçün bölgələrə, meşələrə, dağlara üz tutması bəzi hallarda yanğınlarla nəticələnir. Müəyyən məqsədlərlə yandırılmış ocaqlarla ehtiyatsız davranış, alovun tam söndürülməməsi, ətrafa qığılcım sıçraması, söndürülməmiş siqaret kötüyünün təbiətə atılması irimiqyaslı meşə yanğınlara gətirib çıxarır. Meşəlik ərazilərdə kömür hazırlanması üçün quyuların yaradılması və proses zamanı odla ehtiyatsız davranma da bəzi hallarda böyük fəlakətlərə səbəb olur.

Yanğınların baş verməsinin digər mühüm və geniş yayılmış səbəbi isə biçilmiş taxıl sahələrinin yandırılmasıdır. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, elədə də digər qurumlar dəfələrlə xəbərdarlıq edərək, biçilmiş taxıl sahələrinin yandırılmasının həm torpağa zərərli olduğu, həm də yanğın təhlükəsi törətdiyi barədə xəbərdarlıqlarına baxmayaraq, vətəndaşlar yenə də bu əməllərdən əl çəkmirlər. Nəticədə biçilmiş taxıl sahəsinə vurulan od ağaclara, meşələrə keçir, irimiqyaslı yanğınlara gətirib çıxarır.

Səbəblər sırasında yanğınların qəsdən törədilməsi amili də var. Dəfələrlə olub ki, hüquq-mühafizə orqanları meşə yanğınlarının qəsdən törədildiyini aşkara çıxararaq, günahkar şəxsləri məsuliyyətə cəlb edib.

Hazırda ölkənin şimal və şimal-qərb regionlarında meşə yanğınları davam edir. Bir neçə gündür, başlayan bu yanğınlar kəndlərə, istirahət mərkəzlərinə, infrastruktura ciddi ziyan vurub, insanların həyatına təhlükə yaradıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların qarşısını almaq üçün fasiləsiz mübarizə aparır.

Təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i şimal bölgəsinin payına düşür.

Quba, Qusar, Şabran, Xaçmaz və digər rayonların ərazisində yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Bölgədə yanğınsöndürmə işlərinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev rəhbərlik edir.

Qəbələ, Zaqatala və digər rayonlarda da yanğınsöndürənlər yanğınlarla fasiləsiz mübarizə aparırlar.

Hazırda havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla, müvafiq tədbirlər görülür.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində lazımı aviasiya vasitələri, yanğınsöndürmə texnikası ilə təchiz edilmiş yanğınsöndürənlər vəzifələrinin öhdəsindən layiqincə gəlir, əsl fədakarlıq göstərirlər.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, Mülki Müdafiə Qoşunları yanğınlarla mübarizəyə səfərbər edilib.

Məhz yanğınsöndürənlərin peşəkarlığı, fədakarlığı və əzmi sayəndə bir sıra ərazilərdə yanğınlar söndürülüb, bəzi yerlərdə nəzarət altına alınıb, yaşayış məntəqələri və istirahət mərkəzlərinə yaranmış təhlükə aradan qaldırılıb. Ən sevindirici məqam isə odur ki, yanğınlar indiyədək insan itkisi ilə nəticələnməyib.

Hazırda yanğınlarla mübarizə davam etdirilir. (apa.az)


Geri dön