Ana Sayfa > Karusel / Gündəm > Şəmkirdə itkin düşən qadın 11 gün sonra Bakıda tapıldı

Şəmkirdə itkin düşən qadın 11 gün sonra Bakıda tapıldı


18-08-2022, 17:16. Yazar: Admin

Şəmkirdə itkin düşən qadın 11 gün sonra Bakıda tapıldı

Şəmkirdə itkin düşən 24 yaşlı qadın tapılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1998-cu il təvəllüdlü Asimə Məmmədova Bakı şəhəri ərazisində tapılıb.

E.Qasımov bildirib ki, qadınla profilaktiki söhbət aparıb:

Məlum olub ki, A.Məmmədova öz istəyi ilə evi tərk edib və Bakıya gəlib. Qadının həyatı üçün hər hansı bir təhlükə yoxdur. Hazırda digər aidiyyəti qurumlarla araşdırmalar davam etdirilir.

Bildirilib ki, qadın evdən getmə səbəbi kimi əri və onun valideynləri ilə birlikdə yaşamaq istəmədiyini göstərib. Qadının valideynlərinin iddia etdiyi onun əri tərəfindən fiziki zorakılığa məruz qalması məsələsi isə öz təsdiqini tapmayıb. Belə ki, qadının bədənində heç bir xəsarət izinə rast gəlinməyib.

Qeyd edək ki, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Asimə Məmmədovanın ata-anası onun itkin düşməsində həyat yoldaşı Azər Nağıyevi günahlandırıb. 24 yaşlı qadının atası bildirib ki, Asimə daha əvvəl də dəfələrlə evdən qaçıb: “Həm bizə, həm də nənəsigilə getmişdi. Boşanmaqla bağlı ərizə də vermişdi. Sonra yalvardılar bizə, qızı apardılar. İstəyim budur ki, balamız tapılsın. Onun ölü və ya diri olmasını bilmək istəyirik”.

Asimənin anası Nabat Mehdixanova da qızının bir neçə dəfə boşanmaq istədiyini deyib: “Qızım çox deyirdi ki, boşanmaq istəyir. Çünki əri hər gün spirtli içki qəbul edirdi. Mən belə fikirləşirəm ki, ya mənim uşağımı öldürüb, ya da onu çölə çıxardıb ki, o da bir mərdimazara rast gəlib”.


Geri dön