"Bu gün qardaşımın itkin düşməsindən 3 ay ötür. Təəssüf ki, ondan hələ də bir xəbər ala bilməmişik".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Zaqatalada itən hindistanlı turistin qardaşı Dharan Kondaveeti deyib.
O, qardaşının axtarışlarında heç bir izə rast gəlinmədiyini açıqlayıb: “Axtarışlar hələlik heç bir nəticə verməyib. Onun Car kəndinin sağ tərəfindəki meşəlik ərazidə olduğunu düşünürük. Hesab edirik ki, həmin ərazi hələ də yaxşı axtarılmayıb. Biz axtarışların yaxşı aparılmasını istəyirik”.
Qeyd edək ki, Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath mayın 11-də Zaqatalaya gəlib. O, mayın 12-də Zaqatalada qaldığı hoteli tərk edərək dağa qalxıb.
Turist itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəliblər. Onlar hələ də rayondadırlar.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
3 ay keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.