Ana Sayfa > Karusel / Region > "Amnesty İnternational" təşkilatının Ukrayna ilə bağlı məruzəsi ətrafında QALMAQAL...

"Amnesty İnternational" təşkilatının Ukrayna ilə bağlı məruzəsi ətrafında QALMAQAL...


6-08-2022, 15:24. Yazar: Admin
"Rusiyanın Ukraynaya qarşı təcavüzü qəsbkar və açıq-aşkar terrorçu xarakter daşıyır"
"Ukrayna hökuməti dərhal öz qüvvələrini yaşayış məntəqələrindən uzaqda yerləşdirməli və ya döyüş zonasından mülki əhalini təxliyə etməlidir"
 
"Təşkilatın bəyanatı cinayətkarla onun qurbanı arasında saxta balans yaratmaq deməkdir"
 
"Bu hesabat Rusiyanın dezinformasiya və təbliğatının üzvi hissəsidir"
 
"Rusiya təcavüzünün yeganə məqsədi ukraynalıları bir millət kimi məhv etməkdir"
 
"Ukraynalı müdafiəçilər öz torpağını, öz ailələrini və öz dövlətini qoruyur"
 
"Rusiyalılar artıq dinc əhaliyə qarşı nüvə silahından başqa bütün növ silalardan istifadə edib və Ukrayna xalqına qarşı soyqırım siyasəti yeridir"
 
"Rusiya təxminən 200 dini, 900 tibbi və 2200-dən artıq təhsil müəssisələrini məhv edib"
 
Ukraynalı hərbçilər silahları və mülki şəxsləri şəhərlərin yaşayış məhəllərində yerləşdirərək, mülki əhalini təhlükəyə məruz qoyur.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Amnesty İnternational" Beynəlxalq hüquq müdafiəsi təşkilatının avqustun 4-də dərc etdiyi hesabatında iddia edilir.
 
Hesabatda deyilir ki, bu, beynəlxalq humanitar hüququ pozur, çünki mülki obyektləri hərbi hədəflərə çevirir. Bunun ardınca Rusiyanın yaşayış məntəqələrinə etdiyi zərbələr nəticəsində dinc sakinlər həlak olub və mülki unfrastruktur dağıdılıb.
 
Hüquq müdafiəçiləri vurğulayıb ki, bunlar Rusiyanın Ukrayna şəhərlərini fərq qoymadan, o cümlədən beynəlxalq birlik tərəfindən qadağan edilmiş döyüş sursatlarından istifadə etməklə atəşə tutulmasına heç vəchlə haqq qazandırmır. 
 
Təşkilat etiraf edir ki, Rusiyanın yaşayış məhəllərinə hücum etdiyi heç də bütün yerlərdə hər hansı hərbi obyektlər və ya texnika aşkar edilməyib.
 
Bununla yanaşı, "Amnesty İnternational"-in rəhbəri Anyes Kallamar Ukrayna hökumətinə tələb irəli sürüb.
 
"Ukrayna hökuməti dərhal öz qüvvələrini yaşayış məntəqələrindən uzaqda yerləşdirməli və ya hərbçilərin hərəkət etdiyi rayonlardan mülki əhalini təxliyə etməlidir", - o, bəyan edib.
 
Bu tələb mahiyyət etibarilə Rusiya təbliğatının ukraynalı hərbçilərə ünvanlanan ayrı-ayrı tezislərini təkrarlayır ("Döyüşmək üçün meydanlara çıxın, şəhərlərdə döyüşməyin"). Bu tələblər həm də Rusiya ordusunun istifadə etdiyi döyüş taktikası- kütləvi artilleriya zərbələri endirməklə Ukraynanın yaşayış məntəqələrinin Yer üzündən silinməsi fonunda səsləndirilib.
 
Ukraynada bu hesabata münasibət özünü gözlətməyib.
 
"Amnesty İnternational"-in bəyanatı son dərəcə qəribədir və Rusiyanın dezinformasiya və təbliğatının üzvi hissəsi təsiri bağışlayır", - bunu Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
 
O, göstərib ki, "ukraynalılar üçün yeganə, sübut edilmiş və şəksiz təhlükə" Rusiya ordusudur.
 
"Rusiya müharibənin aparılmasının bütün mümkün konvensiyalar və qaydalarını pozur, onun təcavüzü isə əvvəlcədən yeganə məqsəd güdür-ukraynalıları bir millət kimi məhv etmək. Ukraynalı müdafiəçilər öz torpağını, öz ailələrini və öz dövlətini qoruyur. Bu tarixdə, sadəcə, ağ və qara rənglər və dəqiq səbəb-nəticə əlaqələri var", - Podolyak deyib.
 
"Prinsipsiz düşmənlə vuruşaraq, bəzən şəhər döyüşləri şəraitində Ukrayna var gücü ilə öz vətəndaşlarını qorumağa cəhd edir. Bunun üçün biz ən fəal döyüş əməliyyatları zonasından mülki şəxslərin təxliyə edilməsinə cəhd göstəririk, bu gün belə zona Donbasdır", - o, əlavə edib.
 
Müdafiə naziri Aleksey Reznikov öz kəskin şərhində təşkilata Rusiya ordusunun işğal edilən ərazilərində vəhşiliklərini  xatırladıb.
 
"Rusiyalılar artıq dinc əhaliyə qarşı, nüvə silahı istisna olmaqla, bütün növ silahlardan istifadə edib, rusiyalılar hərbi əsirləri kütləvi surətdə qətlə yetirir, kütləvi şəkildə qadın və uşaqları zorlayır, əlil edir, bütün canlı nə varsa, qarət və məhv edir, rusiyalılar Ukrayna xalqına qarşı soyqırım cinayəti törədir", - Reznikov deyib.
 
Reznikov əlavə edib ki, Rusiyanın təhrik edilməyən təcavüzü ilə Ukraynanın özünümüdafiəsini bərabər tutmağa edilən istənilən, hətta ötəri cəhdlər adekvatlığın itirilməsi və öz nüfuzunun məhv etməsi üsuludur".
 
Hesabatı xarici işlər naziri Dmitri Kuleba da şərh edib. "Amnesty İnternational"-in bu davranışı həqiqətin axtarışı və dünyaya çatdırılması deyil, cinayətkarla onun qurbanı arasında saxta balans yaratmaq deməkdir", - o, belə deyib.
 
Ukrayna prezidenti Vladumir Zelenski hüquq müdafiəçilərini pisləyib və  hesab edib ki, bu sənəd təcavüzkar dövlətə amnistiya vermək və məsuliyyəti qurbanın üzərinə atmaq deməkdir.
 
"Hətta hipotetik olaraq Rusiyanın Ukraynaya istəniən zərbəsinə heç nə haqq qazandırmır və qazandıra bilməz. Dövlətimizə qarşı təcavüz heç nə ilə təhrik edilməyib, bu təcavüz qəsbkar və açıq-aşkar terrorçu xarakter daşıyır. Hesabatda təcavüzkarla qurbanın sanki eyni olmasını iddia etmək, bu zaman təcavüzkarın nə ilə məşğul olduğunu görməzdən gəlmək yolverilməzdir və bununla barışmaq olmaz", - prezident deyib.
 
Zelenski həmçinin məlumat verib ki, Rusiya təxminən 200 dini, 900 tibbi və 2200-dən artıq təhsil müəssisələrini məhv edib.
 
Qeyd edək ki, hesabatın Ukraynaya yönəlik tənqidi hissəsi Rusiyanın təbliğatçı KİV-ləri tərəfindən dərhal yayılıb.(Moderator.az)

 


Geri dön