Ana Sayfa > Karusel / Gündəm > Fatma Yıldırım: Mina terroru erməni terrorizminin əsas göstəricilərindən biridir

Fatma Yıldırım: Mina terroru erməni terrorizminin əsas göstəricilərindən biridir


2-08-2022, 18:07. Yazar: Admin

Fatma Yıldırım

“Avqustun 2-də Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində minatəmizləmə işləri ilə məşğul olan şirkətin üç əməkdaşının piyada əleyhinə minaya düşməsi Ermənistanın terrorçu siyasətinin növbəti təzahürüdür. Bu, o deməkdir ki, Ermənistan özünün terrorçu mahiyyətindən əl çəkmir”.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat xatırladıb ki, bir müddət öncə Cəbrayıl rayonu ərazisində ANAMA-nın əməkdaşları da mina terrorunun qurbanı olub.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni məsələ deyil: “Baş verən hadisələr mina terrorunun bütövlükdə erməni terrorizminin əsas göstəricilərindən biri olduğunu sübut edir. Azərbaycanın işğal altında olmuş və rəşadətli Ordumuz tərəfindən azad edilmiş ərazilərinin böyük hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb”.

Millət vəkilinin fikrincə, bu gün sülh müqaviləsindən boyun qaçıran, bütün sülh təşəbbüslərini sabotaj edən Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir”.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. “Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməli, minaların dəqiq xəritələrinin verilməsini tələb etməlidir”. (apa.az)


Geri dön