Bunun yaxşı əməl olmadığını bilirəm. Onu da bilirəm ki, araq çox kişini arvad, çox atanı övlad yanında başıaşağı edib. Təxminən 7-8 il ölkənin ən reytinqli sosial verilişlərinin eksperti olduğum üçün belələrini, yəni içkinin üzündən arvad-uşağının yanında başıaşağı olan kişiləri çox görmüşəm. Eləsi olub ki, veriliş başlayandan qurtarana kimi utandığından bir dəfə başını qaldırıb tamaşaçıların üzünə baxa bilməyib.
Bu ölkədə bəlkə də arağın əleyhinə ən çox yazan jurnalistlərdən biri mənəm. Arağın müvəqqəti “xoşbəxt”, ömürlük bədbəxt elədiyi çox adam tanıyıram. Elə siz də...
Kim deyir ki, içən adam başqalarına içməməyi məsləhət görə bilməz? Tutaq ki, biz cavanlığımızda səhv eləmişik. Axı övladlarımız eyni səhvi təkrarlamağa məcbur deyillər. Demək istədiyim odur ki, içən də, içməyən də yeniyetmə və gənclərimizi bu yoldan çəkindirməyə çalışmalıdır. Kimin əlindən nə qədər gəlir, o qədərini etməlidir...
Söhbətə uzaqdan başlamağıma baxmayın, mövzu yaxın günlərə aiddir. Bir qrup jurnalist və QHT nümayəndəsinin 22 iyulda məlum Şuşa səfərindən sonra bu məsələ yenidən aktuallaşıb. Düz beş gündür ki, cəmiyyət bu sual ətrafına müzakirə aparır: Şuşada, o cümlədən işğaldan azad olunmuş digər torpaqlarda araq içmək olarmı?
Bu müzakirəyə şəxsiyyətinə hörmət elədiyim iki deputat da qoşulub. İkisi də təxminən eyni mövqedən çıxış edib: “Azad olunmuş yerlər məscid deyil ki, orda içki içilməsin”.
Etiraz etmirəm. Şəxsən mən ən azı yüz nəfərə Cəbrayılda qonaqlıq sözü vermişəm. Allah izn versin, sözümü tutum, heç kimə borclu qalmayım.
Təəssüf ki, bu müzakirələr tədricən spirtli içkilərin təbliğatına çevrilir. Fərqinə varmadan, çoxumuz arağı təbliğ edirik. Adam var ki, arağı İsa bulağının suyundan çox tərifləyir...
Deputat Fazil Mustafanın sözüdür: “Şuşada namaz da qılınacaq, azan da oxunacaq, bir tərəfdə də insanlar yeyib-içib əylənəcəklər!”
Biz dünyəvi dövlətdə yaşayırıq. Sözsüz ki, belə olacaq. Onsuz da Qarabağ camaatı səsli-küylü məclislərə meyllidir. Aydın məsələdir ki, gələn qonağı ac yola salmayacaqlar...
Amma Qarabağda araq içməkdən daha vacib işlərimiz var. İlk növbədə Qarabağ uğrunda şəhid olan insanların ailə üzvlərinin problemlərini həll etməli, sağlamlığını itirmiş qazilərimizin yarasına məlhəm qoymalıyıq. Bundan sonra isə Qarabağda daşı daş üstə qoymalıyıq.
Belə çıxır ki, bütün problemləri həll etmişik, bircə qalıb araq içmək...
Heç kim inciməsin, şəxsən mən indiki həssas məqamda bu cür müzakirələri qeyri-etik sayıram. 20 yaşı dünən tamam olan şəhidimizin ruhundan, onun gözüyaşlı ata-anasından ayıbdır...
Seymur VERDİZADƏ