Ana Sayfa > Karusel / Gündəm > Trendə çevrilən kitabın müəllifi Corc Diklə görüşmək istəyir

Trendə çevrilən kitabın müəllifi Corc Diklə görüşmək istəyir


26-07-2022, 14:45. Yazar: Admin

İsrailin Azərbaycandakı səfiri Corc Dikin paylaşımından sonra gündəmə gələn "Təbrizin sehrli nağılları" kitabı qısa zaman ərzində trendə çevrilib. Sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olan kitabla şəkil çəkdirib paylaşmaq kütləvi hal alıb.

 

Sözügedən kitabın müəllifi olan professor Cəmilə Həsənzadə Modern.az-a açıqlamasında bildirib ki, qələmə aldığı "Təbrizin sehrli nağılları"nın şöhrət qazanması onun üçün gözlənilməz olub.

 

"Kitabımın səs-küyü yaman yayılıb, belə olacağını heç gözləmirdim. Açığı təəccübləndim və sevindim belə olmasına. Amma bu kitaba görə, mənə hər hansı bir qiymətin verilməsini istəmirəm. Oturmuşam evimdə və yenə yazıram. Mən Təbriz haqqında əvvəllər yazmırdım, yazı istiqamətim Qərbdən idi. Amma 1973-cü ildə Bakıya gələndə mənə "Bizə Qərb maraqlı deyil, sən gəl, miniatürdən yaz" dedilər. Mən onda çox yaxşı başa düşürdüm ki, nə üçün bunu məni boynuma qoydular. Çünki mən ingilis və fransız dillərini bilirdim. Bütün mənbələr də o dillərdə idi".

 

 

Cəmilə Həsənzadə hələ İsrailin ölkəmizdəki səfirilə görüşmədiyini, amma dost ölkəni təmsil edən diplomatla bir araya gəlməyi arzuladığını söyləyib:

 

"Kitabım oxuyucuların da marağındadır. Bu, əlbəttə ki, məni sevindirir. Kitabı əldə etmək üçün zəng edirlər. Mən həm də çox təəssüf edirəm ki, artıq Azərbaycanda rus dilinə maraq azalıb və mənim bundan da yaxşı kitablarım var, sadəcə onları dilimizə tərcümə etdirmək lazımdır. İstəmərəm əziyyətim hədər getsin. Mən ömrümü yazmağa, Təbrizə həsr eləmişəm".

 

İranın Bakıdakı səfirinin birmənalı qarşılamadığı kitabın müəllifi onu da qeyd edib ki, bu gün ölkəmizdə miniatür sənətinə maraq çox aşağıdır: "İndiki vaxtda heç kim iynə ilə gor eşmək istəmir". 

 

Qeyd edək ki, “Təbrizin sehrli nağılları” adlı kitabı İsrail və İran arasında diplomatik gərginliyə səbəb olub. Kitab Mədəniyyət Nazirliyinin, “BP Azərbaycan”ın və “PAŞA Həyat sığortası”nın birgə layihəsi çərçivəsində 2014-cü ildə çap edilib. 

 

Kitabın müəllifi, professor Cəmilə Həsənzadə faktları təqdim edərək Azərbaycan miniatür rəssamlığının klassik dövrünü XIII əsrdəki ilk addımlarından XVI əsr Səfəvi dövründəki ən yüksək inkişaf nöqtəsinədək araşdırıb. Kitabda orta əsrlərdə Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələləri və onun digər miniatür məktəblərinə təsiri əks olunub.

 

Onu da bildirək ki, Bakı Kitab Mərkəzinin saytında (Baku Book Center) kitabın qiyməti 70 manatdır.


Geri dön