Ana Sayfa > Karusel / Region > “Xamenei Ermənistanın sözçüsü kimi fikir söyləyib”

“Xamenei Ermənistanın sözçüsü kimi fikir söyləyib”


21-07-2022, 11:01. Yazar: Admin

“Xamenei Ermənistanın sözçüsü kimi fikir söyləyib” İranın Ali Dini Lideri Seyid Əli Xamaneinin “Twitter”də paylaşdığı məlum tviti sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb.

Belə ki, Xamanei öz tvitində Azərbaycanı Qarabağa nəzarəti bərpa etməsinə görə təbrik etsə də, Ermənistanla sərhədlərin dəyişdirilməsi və İran-Ermənistan sərhədlərinin blokadaya düşməsini İslam Respublikasının əsla qəbul etməyəcəyini vurğulayıb.

Məsələ ilə ilə bağlı Yenisabah.az-a danışan Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bu məsələni təəssüflə qarşıladığını qeyd edib.

O, deyib ki, əslində, bu məsələdə Xamenei Ermənistanın sözçüsü kimi fikir söyləyib:

“Çünki bu, Ermənistanın mövqeyidir və onun dilindən də dəfələrlə səslənib. Əslinə qalsa, İran kimi qosqoca bir dövlət kiçik bir Ermənistanın mövqeyinin ifadəsi kimi çıxış etməməlidir, çünki Azərbaycan İranla normal münasibətləri olan, qonşuluq münasibətlərini inkişaf etdirməyə çalışan bir dövlətdir və gərək, İran bu mövzulara, ümumiyyətlə, qarışmasın. Çünki bizim hər hansı bir şəkildə açdığımız yolun İrana heç bir ziyanı yoxdur, əksinə, İran da bundan faydalana biləcək. Sadəcə Ermənistanın xoşuna gəlmək üçün Xamanei belə bir ifadə səsləndiribdir”.

F. Mustafa əlavə edib:

“Siz özünüz fikirləşin ki, bu bəyanat İranda bu kimi məsələlərin, ümumiyyətlə, doğru anlaşılmadığını göstərir. Çünki belə bir dövlətin rəhbərinin bütövlükdə müsəlmanların marağını bir tərəfə qoyub 3 milyon erməninin marağını müdafiə etməsi, onun mövqeyindən çıxış etməsi, onun maraqlarının təmsilçisi kimi fikri bildirməsi çox üzücüdür. Ona görə ki, Azərbaycan bütün hallarda qonşularla münasibətə çox böyük önəm verir və İran da Azərbaycanla münasibətdən ancaq yaxşı mənada faydalana bilər, eləcə də Azərbaycanın İranın əleyhinə hər hansı bir mövqeyi yoxdur”.

BQP sədri onu da vurğulayıb ki, bu açıqlama çox üzücüdür:

“Çünki bunu sıradan bir siyasətçi desəydi, üstündən keçmək olardı, amma İranın Ali Dini Liderinin məhz azərbaycanlıları, müsəlmanları qoyub ermənilərinin mövqeyini ifadə etməsi həqiqətən də İslama və müsəlmanlara qarşı olan münasibətin sağlam olmadığını göstərir. Ümid edək ki, bu səhvi davam etdirməzlər və Azərbaycanla daha yaxşı dostluq münasibətlərinə üstünlük verərlər. Çünki bütün hallarda Zəngəzur dəhlizi bizim hədəflərimizdən biridir və üçtərəfli bəyanatda nəzərdə tutulan addımdır. Bu addım da Azərbaycan tərəfindən əvvəl-axır gerçəkləşdiriləcək. Buna hər hansı bir qüvvə mane ola bilməz və olmamalıdır, xüsusilə də, İran kimi bir dövlətin marağına belə çağırışın və fikrin səsləndirilməsi heç uyğun deyil. Ola bilsin ki, onlar sanki bir az bizimlə əks mövqedə durduqlarını ifadə etmək üçün bu mövzunu seçiblər, amma, əslində, Zəngəzur dəhlizinin özü belə hamıdan çox İranın xeyrinədir”.

Sonda millət vəkili onu da söyləyib ki, yolun açılmaması birbaşa İranın özünə ziyandır:

“Hə, yaxşı, bəs yol açılmasa nə olacaq?! Yol açılmasa İranın kommunikasiya xətləri yaxşı işləməyəcək. İranın özünə də alternativ kommunikasiya xətləri lazımdır. İranda iqtisadiyyat inkişaf edəcək bununla, çünki İran defolt vəziyyətində olan bir ölkədir və özü də mane olur ki, yol açılmasın. Yolun açılmamasını istəyən hansı dövlət varsa, ən çox ziyanı da o, özünə vurur. Budur reallıqlar”.


Geri dön