Qarabaginfo.az bunu Yenisabah.az-a yazıçı-jurnalist Şərif Ağayar deyib.
O, gənclərin əksəriyyətinin milli deyil, əcnəbi yazıçıların həyatı və əsərlərinə daha çox maraq göstərməsinin səbəbini izah verib:
“Əvvəla “cool” görünmək üçün edirlər. İkinci, yerli ədəbiyyatın təbliği yoxdur. Üçüncü, böyür-başında ya acından ölən, ya da yaltaqlıqla məşğul olan yazıçıları görürlər və milli ədəbiyyata inamları itir. Dördüncü, xarici ədəbiyyat daha maraqlıdır və seçim imkanları sonsuzdur. Beşinci, normal mühitimiz olmadığı üçün yaxşı yazıçı çətin yetişir və normal təbliğatımız olmadığı üçün də əlimizdə olanlar oxucuya çatmır”.
Ş. Ağayar milli yazıçıların müsbət mənada reklam olunmamasında medianı təqsirkar görüb:
“Buna vəsait lazımdır. Media isə kömək eləmir. Hamı kitabdan yekə-yekə danışır, amma konkret əmələ gələndə hərə yaxasını bir qırağa çəkir”.
Yazıçı məmurları da təqsirkar bilib: “Əslində, təqsir hamıdadır. Ancaq ən böyük məsuliyyət Azərbaycanın siyasi-sosial sistemindədir. Sanki yazıçı, xüsusən, azad yazıçı heç kimə lazım deyil. Ölkədə kitabla dolanmaq imkanları məhduddur. Yazıçı iqtisadi cəhətdən də azad deyil. Haradasa işləyir və buna görədə, içindən keçəni yaza bilmir. Əgər azaddırsa, yaşamaq üçün o qədər əziyyət çəkir, yazıb-oxumağa, öz üzərində işləməyə, peşəkar yazıçıya çevrilməyə vaxtı qalmır.
Hər iki hal məmurlara sərf edir. Vəzifəyə keçib min bir yolla pul qazanan adamlar üçün azad ədəbiyyat və azad jurnalistika başağrısıdır. Nələrinə lazımdır?! Kitabımız harada ola bilərsə, elə ordadır. Yekə-yekə danışmaq və yeklə-yekə iddialar etməklə deyil. Real vəziyyət budur. Buna da şükür edirik. Bundan daha pis də ola bilərdi”.