Ana Sayfa > Karusel / Təhsil > “Danışanda ağız dolusu “demokratik respublikayıq“ deyirik...“ - ETİRAZ

“Danışanda ağız dolusu “demokratik respublikayıq“ deyirik...“ - ETİRAZ


20-07-2022, 11:44. Yazar: Admin

“Danışanda ağız dolusu “demokratik respublikayıq“ deyirik...“ - ETİRAZTəhsil üzrə ekspert Kamran Əsədov ziddiyyətli açıqlama ilə gündəm yaradıb. O bildirib ki, “boşanmış, övladı vəfat etmiş şəxslər baxçaya işə götürülməməlidir”. Üstəlik, ekspert əlavə edib ki, “baxça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır”.

K. Əsədovun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox ekspert zənn edir ki, onun təklifi birbaşa insan haqlarına kölgə salır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, Kamram Əsədovun bu cür fikirlər səsləndirməyə ixtiyarı yoxdur.

Onun sözlərinə görə, insanları işə götürərkən xarici görkəminə, boşanmış olmasına fikir verilməsi cəmiyyətdə diskriminasiya yaradır:

“İnsanları görünüşünə görə ittiham etməyə nəinki təhsil eksperti Kamran bəy Əsədovun, eləcə də heç bir televiziya aparıcısının və verilişlərdə "ekspert" kimi çıxış edənlərin ixtiyarı yoxdur. Çünki son zamanlarda görünüşə görə ittiham məsələsi bütün kommunikasiya vasitələrində geniş vüsət alıb. Boşanma məsələsinə gəlincə ölkənin yarısı boşanıb, belə çıxır ki, insanlar işsiz qalmalıdır?! Hətta həbsxana həyatı keçmiş insanı ittiham etməyə və işə götürməməyə kimsənin hüququ yoxdur. Bu, baxça rəhbərlərindən tutmuş, təlim-tərbiyəçilər və ümumiyyətlə, orta məktəblərə də aiddir, işə götürməzdən öncə xarici görünüşü deyil, psixoloji testdən keçmələri daha önəmlidir”.

Psixoloq qeyd edib ki, boşanmış qadınlar bir müddət özlərini toparlayıb yenidən iş həyatına dönə bilərlər:

“İnsan fiziki məhdudiyyətli doğula, yaxud sonradan fiziki qüsuru yarana bilər. Bu o demək deyil ki, onların zəkası sağlam deyil. Təbii ki, istər ağır itkisi olan insan, istərsə boşanmış biri müəyyən müddət özünü toparladıqdan sonra işə dönə bilər. Bu daha məqsədəuyğundur. Bununla əlaqədar isə rəhbər diqqətli olmalı və uşaqlarla bağlı təlim-tərbiyə və tədris ocaqlarında nəzarət gücləndirməlidir. Danışanda ağız dolusu “demokratik respublikayıq” deyiriksə, o zaman insan şəxsiyyətinə hörmətlə yanaşmağı, hüquq bərabərliyini qorumağı da öyrənməliyik.

Hər bir insanın həyatının müəyyən mərhələsində enişlər ola bilir. Düşmüş insanı daha da əzmək deyil, anlayacağı dildən izahlı yanaşma edərək, əksinə həm nə isə öyrətmiş həm də qazanmış oluruq. Hər kəs zövqlü olmağa, evli, nümunəvi olmağa məcbur deyil, amma hər kəs birlik olaraq məsələnin həlli yolunu incitmədən, qırmadan həll etməyə məcburdur. Çünki uşaqlar ibrəti gözlə götürür, sözlə deyil. Sonra da insani dəyərlərin kasadlığından şikayət edirlər”(Yenisabah)


Geri dön