Ana Sayfa > Karusel / İqtisadiyyat > Koronavirus bərpa olunan enerji mənbələrinin inkişafı məsələsini aktuallaşdırıb
Koronavirus bərpa olunan enerji mənbələrinin inkişafı məsələsini aktuallaşdırıb26-05-2020, 17:13. Yazar: Admin |
Yeni növ koronavirus (COVID-19) pandemiyasının dünya iqtisadiyyatına və onun ayrı-ayrı sahələrinin inkişafına mənfi təsir göstərməsini inkar etmək mümkün deyil. Pandemiya nəticəsində enerji daşıyıcılarının istehlakı kəskin azaldı, neft əhəmiyyətli dərəcədə ucuzlaşdı. Bunlar qlobal iqtisadiyyatın ləngiməsinə, bir çox layihələrin icrasında gecikmələrə səbəb oldu. Yaranan vəziyyət bütün bəşəriyyətin ənənəvi yanacaq növlərindən əhəmiyyətli dərəcədə asılılığını bir daha əyani şəkildə nümayiş etdirdi və alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün diqqətin, dəstəyin və maliyyələşmənin artırılması zərurətini bir qədər də aktuallaşdırdı.Bəli, yaranan iqtisadi çətinliklər müxtəlif ölkələrdə həyata keçirilən irimiqyaslı və böyük maliyyə tələb edən bərpa olunan enerji üzrə layihələrin inkişafına təsir göstərməyə bilməzdi. Sərhədlərin bağlanması və sosial izolyasiya tədbirləri tədarük zəncirinin pozulması və maliyyə problemlərınə səbəb oldu. Lakin ləngimələrə baxmayaraq, sözügedən sahədə inkişaf dayanmadı, layihələrin icrası davam etdirildi. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, 2021-ci ildə bərpa olunan enerji mənbələri üzrə güclərin yaradılması sahəsindəki inkişafı yenidən müşahidə olunacaq və 2019-cu ildə qeydə alınan göstəricilərə çatacaq. Dünyada çətin vəziyyətə baxmayaraq, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri sahəsində layihələrin icrası davam etdirilir. Bildiyimiz kimi, bu il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə Azərbaycanda 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt-lıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, ildə təxminən 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bu şirkətlər Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələr çərçivəsində 400 mln. ABŞ dollarına yaxın sərmayə yatıracaq. Layihələrin reallaşdırılması 2 ilə yaxın vaxt aparacaq və mərhələli qaydada icra olunacaq. Sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10%-nə bərabərdir. Eyni zamanda, bu, 300 mln. kubmetr Naxçıvan Muxtar Respublikasının qaz üzrə tələbatından artıq bir həcmdir. Onu da qeyd etmək lazımdır ki, sözügedən stansiyaların tikintisinə bu ilin payızında başlanacağı gözlənilir.
Bununla yanaşı, gələn ilin mart ayınadək "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" adlı pilot layihəsinin icrası da başa çatacaq. Layihə Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsini nəzərdə tutur. Bütün bunlar bərpa olunan enerji mənbələri sahəsində böyük layihələrin inkişafına aiddir. Lakin biz bu sahənin yerli səviyyədə inkişaf etdirilməsinin vacibliyini unutmamalı və fərdi (lokal) qaydada bu mənbələrdən istifadəni genişləndirməliyik. Söhbət quraşdırılması və istifadəsi asan olan günəş panellərinin fərdi yaşayış evlərində, fermalarda, sosial obyektlərdə (uşaq bağçaları, məktəb və digər sosial obyektlərdə) quraşdırılmasından gedir. Bunun üçün də Azərbaycanda bütün lazımi şərait mövcuddur. Ölkənin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt-dır, bunun da böyük hissəsini (23 040 MVt) günəş enerjisi təşkil edir. Azərbaycanda il ərzində 365 günün 300-ü günəşli keçir ki, bu da iri günəş enerjisi stansiyalarının tikintisi ilə yanaşı, fərdi qaydada kiçik günəş enerjisi stansiyalarının (GES) inşasına və istifadəsinə də imkan yaradır. Günəş panellərindən istifadənin bir sıra üstünlüyü var. Belə ki, panellərdən istifadə ekoloji göstəricilərinə görə daha səmərəlidir, onlar havanı tullantılarla çirkləndirmir və suya da qənaət etməyə imkan verir (su yalnız onları təmizləmək üçün lazım olur). Bundan başqa, bu texnologiyanın iqtisadi cəhətdən münasibliyi panelləri adi abonentlər tərəfindən fərdi və mərkəzləşdirilməmiş qaydada istifadəsinə də imkan yaradır. Panelləri istənilən yerdə quraşdırmaq mümkündür. Günəş elektrik panellərinin fərdi qaydada istifadəsinin əsas üstünlüklərindən biri də onların ucqar ərazilərdə quraşdırılmasının mümkünlüyüdür. Elektrik enerjisi şəbəkəsinə qoşulması çətin olan ucqar ərazilərdə günəş panellərindən istifadə etmək mümkündür. Belə ərazilərdə günəş enerjisi ilə işləyən qurğuların quraşdırılmasından sonra abunəçilər müstəqil şəkildə elektrik enerjisi istehsal edə bilərlər. Bununla yanaşı, kiçik GES-in istismarı da olduqca asandır. Onlardan istifadə etmək üçün əlavə işçi heyət və ixtisaslaşmış mütəxəssislər tələb olunmur. Hazırda texnologiyalar günəş panellərinin və stansiyaların işini gündəlik onlayn rejimdə elektron cihazlardan izləməyə imkan verir. Əlavə olaraq, GES-in istifadəsinin iqtisadi səmərəliliyini də xüsusi qeyd etmək lazımdır. Belə ki, istifadəçi yalnız bir dəfə vəsait xərcləyir. Günəş panelləri və əlavə avadanlıqlar alınır, daha sonra isə quraşdırma prosesi həyata keçirilir. Bundan sonra günəş elektrik stansiyasının istismar müddəti ərzində istifadəçi həm elektrik enerjisi ilə özünü tam təmin edir, həm də sərf olunan vəsait qaytarılandan sonra xalis mənfəət əldə edir.
Dünyada günəş panellərindən fərdi qaydada istifadə halları geniş yayılmasına baxmayaraq, Azərbaycanda bu sahə bir o qədər də inkişaf etməyib. Bu, insanların günəş enerjisi və ondan istifadə etməyin üstünlükləri barədə kifayət qədər məlumatlı olmadığından irəli gəlir. "Ölkəmizdə bu sistemlə bağlı məlumatsızlıqla bərabər inamsızlıq da var. Vətəndaşlara tövsiyə edərdim ki, alternativ enerji şirkətlərini bir az araşdırsınlar və onların xidmətlərindən istifadə etsinlər. Çünki günəşimiz, küləyimiz boldur. Ölkə olaraq alternativ enerjidən istifadə etmək üçün böyük potensialımız var. Azərbaycanda il ərzində 365 günün 300-ü günəşli keçir", - deyə Azərbaycanda günəş panellərinin və batareyalarının satışını həyata keçirən "Provitaz" şirkətinin icraçı direktoru Emin Məmmədov qeyd edib. Günəş panellərinin fərdi qaydada quraşdırılması çətin görünə bilər, lakin əslində, bu, mürəkkəb deyil, sadə bir prosesdir. Belə bir kiçik stansiyanı quraşdırmaq istədiyiniz halda sadəcə bu sahədə ixtisaslaşmış şirkətə müraciət etmək kifayətdir. Müvafiq müqavilə bağlanıldıqdan sonra şirkət quraşdırma işlərinə sart verir. Kiçik günəş stansiyalarının quraşdırılması üçün heç bil əlavə sənəd lazım deyil."Müqavilə bizimlə, yəni satıcı ilə alıcı arasında bağlanılır. Məhz bu müqavilə əsasında məhsullarımızı müştəriyə təqdim edirik və rəsmiləşdiririk. Günəş batareyalarını və panellərini əldə etmək üçün müştəriyə başqa bir sənəd lazım deyil. Hansısa bir arayış, hansısa icazə olmadan bu sistemi quraşdırmaq mümkündür", - deyə E. Məmmədov bildirib. Qeyd edək ki, son illər ərzində günəş panellərinə maraq artıb. Dövlət tərəfindən alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər gömrük rüsumundan azad olunub. Şirkətlərə bu cür dəstək ediləndən sonra istifadəçi də rahat və ucuz qiymətə bu sistemi əldə edib, quraşdıra bilər. Bir çox ölkələrdə fərdi qaydada günəş panellərindən istifadə edənlər artıq qalan enerji həcmlərini sata bilirlər və büyün bu proses qanunla tənzimlənir. Bunun sayəsində vətəndaşlar GES-in quraşdırılmasına sərf edən vəsaitləri qısa bir zaman ərzində geri qaytarıb, mənfəət əldə edə bilirlər. Hazırda Azərbaycanda bu istiqamətdə müvafiq işlər aparılır və yaxın gələcəkdə günəş panel istifadəçiləri ölkənin enerji paylayıcı sisteminə qoşularaq, artıq elektrik enerjisi həcmlərini sata biləcək. Bu, öz növbəsində, sözügedən sahənin inkişafına və insanlar arasında populyarlaşmasına daha böyük təkan verəcək. APA Geri dön |