Ana Sayfa > Karusel / Qarabağ > Qarabağda nə qədər erməni əsgəri var? - “İstəyirlər ki, Rusiya ilə Azərbaycan üz-üzə qalsın”

Qarabağda nə qədər erməni əsgəri var? - “İstəyirlər ki, Rusiya ilə Azərbaycan üz-üzə qalsın”


19-07-2022, 16:08. Yazar: Admin

Qarabağda nə qədər erməni əsgəri var? - “İstəyirlər ki, Rusiya ilə Azərbaycan üz-üzə qalsın”“Əslində, Ermənistan bölgədə guya Qarabağın statusu və ordusu varmış kimi bir abı-hava yaradır. Bu, Azərbaycan üçün qəbuledilməzdir. Ümumiyyətlə, Ermənistan və ya Qarabağın silahlı birləşmələri qeyri-qanuni hərbi birləşmə kimi tövsif olunur və bölgədən çıxarılmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlamasına münasibət bildirib. 

Xatırladaq ki, Qriqoryan deyib: “Sentyabr ayına qədər Ermənistan ordusunun hərbi birləşmələri Qarabağdan çıxarılacaq, lakin “Artsax müdafiə ordusu”nun hərbçiləri bölgədə öz “xidmətlərini” davam etdirəcəklər” 

Hərbi ekspertin sözlərinə görə, istər Ermənistandan oraya göndərilən hərbçilər, istərsə də Qarabağ “ordusu”nun tör-töküntüləri müharibədən sonra bölgədə olmamalıdır:

“Bu, Azərbaycanın qırmızı xəttidir, üçtərəfli bəyanatda da konkret göstərilib ki, Rusiya sülhməramlı kontingenti həmin silahlı birləşmələrin Qarabağdan çıxarılmasından sonra oraya yerləşdirilməlidir. Əslində, Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Çünki müharibədən sonra Qarabağ ərazisində formalaşan qeyri-qanuni birləşmələrə sülhməramlıların özləri şərait yaratdılar ki, onlar yenidən təşkilatlansın.

Ərazilərimiz işğal altında olanda bütün cəbhəboyu Ermənistanın 1-ci Ümumqoşun Ordusu dayanırdı ki, buna da onlar “Qarabağ müdafiə ordusu” deyirdilər. Onun tərkibində 2 diviziya var idi: 18-ci motoatıcı və 10-cu dağatıcı diviziya. Hər birnin tərkibində 4-6 ədəd dağatıcı alay vardı. Məsələn, 10-cu dağatıcı diviziyanın tərkibində 3 dağatıcı alay – 5, 6 və 7-ci alay vardısa, 18-ci motoatıcı diviziyanın tərkibində 1, 2, 3 və 4-cü motoatıcı alaylar mövcud idi. 

Müharibədən sonra, yəni bütün bu ölən, itən, qaçan, fərarilik edənlərdən sonra yerdə nə qaldısa, onları yenidən təşkilatlandırdılar. İndi Qarabağ ərazisində erməni hərbçilərinin də ezam olunmasını nəzərə alsaq, bölgədə 1 diviziyaya qədər qüvvənin olması mümkündür. 1 diviziyanın da tərkibində təxminən 3 alay olur”.

E. Şıxəliyev fikirlərinə əlavə edib:

“Qarabağdakı ermənilər “orduda xidməti” daha çox iş yeri kimi görürlər. Bildiyiniz kimi, müddətdən artıq xidmətə görə onlar məvacib alırlar. Yəni bu “ordu”nun tərkibində olanların çoxu müddətdən artıq hərbçilərdən ibarətdir. Qarşımızda güclü, döyüş hazırlığı olan hərbi qüvvə yoxdur. Ümumiyyətlə, nə Ermənistan ordusu, nə də Qarabağ ərazisində olan hərbi qüvvələri hərbi təhlükə kimi qəbul etməməliyik. Çünki onlarda belə böyük güc yoxdur.

Təbii ki, əvvəl “1-ci Ümumumqoşun Ordusu” adlandırılan qüvvəni komplektləşdirmək üçün Ermənistandan da Qarabağa hərbçilər göndərilirdi. Amma indi “Ermənistandan hərbçi göndərməyəcəyik”, “Qarabağın öz ordusu var” deyimləri sadəcə söz oyunudur”.

Mütəxəssis əmindir ki, indi Azərbaycanın komando birliklərinin yaradılmasının bir nömrəli səbəbi qeyri-qanuni erməni hərbi birləşmələrini antiterror əməliyyatı ilə sıradan çıxarmaqdır:

“Dövlət başçısı qırmızı xətlərimizi müşavirədə göstərdi, artıq ya konkret hərəkət etməlidirlər, ya da ki, biz işimizi görməliyik. Bu da o deməkdir ki, erməni hərbi birləşmələri bölgədən ya özləri çıxacaq, ya da biz çıxaracağıq, yerdə qalanı zaman məsələsidir.

Arada Rusiya sülhməramlıları var və Rusiyanın hərbi-siyasi elitası bölgədə həm bizimlə, həm də ermənilərlə oyun oynamağa çalışır. Ermənilərin niyyəti budur ki, sülhməramlılarla hər hansı bir insident yaşansın, Rusiya ilə Azərbaycan üz-üzə qalsın.

Düşünürəm ki, hazırkı mərhələdə siyasi böhran bitməyib. Hərbi böhran o zaman başlayır ki, siyasi böhrandan çıxış yolu yoxdur. Ona görə də Qarabağda qeyri-qanuni hərbi birləşmə qalmamalıdır.

Mesajlarımız konkretdir: komando briqadalarımız bir nəfəs qədər yaxınlarındadır və istənilən halda onlar lokal antiterror əməliyyatları keçirə bilər”.


Geri dön