Qarabaginfo.az İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov "Report"a müsahibəsini təqdim edir:
- Son dövrlər Azərbaycan sığorta sistemində aparılan islahatlar barədə fikirləriniz necədir?
- Biz İSB olaraq sistemin elektronlaşdırılması ilə əlaqədar çalışmalar həyata keçiririk. Bu çərçivədə İSB-nin sistemində mövcud olan 5 icbari sığorta növü var. Bunlar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəliikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növləridir. Bu növlərin ikisi artıq elektronlaşdırılıb. Bunlardan biri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Sistem dünyada da bəyənilməkdədir. Biz beynəlxalq tədbirlərdə də bu barədə öz təqdimatlarımızı etmişik. Azərbaycanda bu növ üzrə penatrasiyanın artıq 100%-ə yaxınlaşdığını görürük. İSB-nin həyata keçirdiyi kompensasiya ödənişlərinin azalması ilə də sığortalılıq həcminin genişləndiyi müşahidə edilməkdədir. Beləliklə, AVSMMİS növü üzrə sığortalılıq həcmi baxımından vəziyyətin qənaətbəxş olduğunu deməmiz mümkündür.
Digər bir məhsul olan İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta növü ilə bağlı səlahiyyətli sığorta şirkətləri həyat sığortası şirkətləridir. Qanunvericiliyin tələblərinə bağlı olaraq işəgötürənlər işçilərinə münasibətdə bu sığorta təminatını almalıdırlar. Bu növ də artıq tam elektronlaşdırılıb. Bu da sığorta bazarında bir yenilik olmaqla işəgötürənlərin çalıımalarının asanlaşdırılması, effektivliyin artması və səhvlərə yol vermədən prosesin həyata keçirilməsi baxımından olduqca önəmlidir. Burda bizim inteqrasiyanı həyata keçirdiyimiz qurum təminatın varlığına nəzarəti həyata keçirməyə səlahiyyətli olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏSMN).
Qurumlarımız arasında inteqrasiya tamamlanıb. Artıq keçən ilin sentyabr ayından Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəliikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta növü ilə bağlı kağız sığorta şəhadətnamələri mövcud deyil. Bu sığorta şəhadətnamələrinin əlavələri də artıq elektron formatda və avtomatik rejimdə İSB və ƏƏSMN arasında olan inteqrasiya sayəsində təmin edilir. Zaman itkisi və potensial problemlərin qarşısının alınması, effektivliyin artması üçün sistemin daim təkmilləşdirilməsi əlbəttə, zəruridir və qurumlar arasında qarşılıqlı çalışma bu gün də aralıqsız olaraq davam etdirilməkdədir.
- Hazırda icbari sığorta növləri üzrə qarşıya qoyulan əsas hədəflər nədən ibarətdir?
- Ölkə rəhbərinin vermiş olduğu tapşırıqlar çərçivəsində 24 yanvar 2020-ci il tarixində baş nazirin yanında keçirilən müşavirədə mühüm tapşırıqlar verildi. Xüsusilə daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə bağlı həm maarifləndirmə tədbirlərinin, həm də elkektronlaşmanın həyata keçirilməsi ilə bağlı tapşırıqlar hazırda icra edilməkdədir. Burda da avtomobillərin icbari sığortasında olduğu kimi effektivliyin əldə edilməsi üçün elektronlaşmanın həyata keçirilməsi vacibdir və müvafiq İqtisadiyyat Nazirliyinin əlaqədar qurumu ilə inteqrasiyanın edilməsi üçün çalışmalarımızı davam etdiririk. Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə həyata keçirilən çalışmalar artıq ilkin nəticələrini verməkdədir.
Məlumatların bölüşülməsi qanunvericiliyin icazə verdiyi çərçivədə ola bilər. Qanun məlumatların ötürülməsini qadağan edirsə, qurumlar arasında məlumatların bölüşülməsi mümkün ola bilməz. ƏƏSMN və Daxili İşlər Nazirliyi ilə olan inteqrasiyalarımız qanunvericiliyin icazə verdiyi çərçivədə həyata keçirilir. Lakin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyətin icbari sığortası ilə əlaqədar inteqrasiyanın edilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklərin olması lazımdır. Bununla da bağlı Mərkəzi Bank çalışmalar edir ki, qanuna müvafiq dəyişikliklər edilsin. Lakin biz bu dəyişiliklər edilmədən də test rejimində müvafiq qurumlarla çalşmalarımızı həyata keçiririk. İnformasiya sistemimizdə tərəfimizdən artıq bütün məsələləri həll etmişik. Vaxta qənaət məqsədilə qanun qəbul edilmədən test rejimində bu çalışmaların edilməsinə başlamağı qərara aldıq və çalışmada əlaqədar qurumlar bizə dəstək verdilər. Çalışmalar həyata keçirilir və inanırıq ki, bu ilin sonuna qədər Azərbaycanda sözügedən beş icbari sığorta növündə kağız sığorta şəhadətnamələrindən tamamilə imtina etmiş olacağıq.
Digər bir sığorta növü sərnişinlərin icbari fərdi qəza sığortasıdır ki, bu növ üzrə də Daxili İşlər Nazirliyi ilə inteqrasiyamız var. Digər qurumlar, xüsusilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə inteqrasiyanın edilməsi nəzərdə tutulub. Burda penatrasiyanın artması gələcəkdə baş verə biləcək hadisələrin iqtisadi cəhətdən kompensasiya ilə qarşılanması anlamına gəlir. Bu istiqmatdə də çalışmalar davam etdirilməkdədir.
- Əmlakın sığortası ilə bağlı sahibkarlara hansı tövsiyələri verirsiniz?
- Hazırda daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbarı sığortası üzrə toplanan sığorta haqlarının məbləği təqribən 40-50 milyon manat civarındadır. Göstəricinin 200-250 miyon manata qədər artması mümkündür. Məqsədə nail olmaq üçün İSB olaraq elektronlaşma çalışmalarımız davam edir və maarifləndirmə tədbirlərimizi də həyata keçiririk.
Yaxın keçmişdə baş verən yanğın hadisələrinə nəzər salsaq görürük ki, zərərlərin önəmli bir hissəsi daşınar əmlaka dəyir. Daşınar əmlakın sığortası isə icbari deyil. Sahibkarlara tövsiyyəmiz budur ki, könüllü şəkildə daşınar əmlakın da sığortasını etsinlər. Çünki adətən istehsalat və ya ticarət fəaliyyəti ilə məşğul olan daşınmaz əmlaklar icarəyə götürülmüş yerlərdir. İcarəyə götürülmüş daşınmaz əmlaka zərərin dəyməsi icarədardan daha çox əmlak sahibinin problemidir. Bunun tərsi isə daşınar əmlak üçün keçərlidir, belə ki, daşınar əmlaka zərərin dəyməsi sahibkar üçün ağır bir vəziyyəti ifadə etsə də mülkün sahibi üçün daha kiçik bir problemdir. Bu baxımdan, sahibkarlarımızın mallarına və potensial itki ehtimalına qarşı biganə qalmamalarını və təminatın könüllü şəkildə əldə edilməsini tövsiyə edirik.
Daşınar əmlakın sığorta edilməsi sahəsində həssas məqamlardan biri əmlakın rəsmi bir şəkildə mövcud olmasıdır. Əks halda baş verən zərərin ödənilməsi ilə əlaqədar ciddi problemlər ortaya çıxa bilər. Hökumətin şəffaflaşma çağırışına sahibkarlar da riayət etməlidirlər ki, hər hansı bir hadisə baş verəndə ödənişlərini rahat bir şəkildə ala bilsinlər.
Digər problem isə qeyri-yaşayış sahələrində təhlükəsizlik tədbirləridir. Bəzi hallarda müştərilər bildirir ki, sığorta şirkətlərinə müraciət edirik, lakin onlar bizi sığortalamırlar. Düşünürəm ki, problemin detallarına nəzər salmaq yerində olar. Siz sığorta şirkətinin nümayəndəsisiniz və sizə gələn təklif əsasında içində 1 milyon manatdan artıq mal olan bir anbarı sığortalamağa gedirsiz. Anbara baxan zaman görürsüz ki, orda yanğın tədbirləri bərbad vəziyyətdədir, yanğınsöndürən cihaz yoxdur, yanğınsöndürmə maşınının o əraziyə daxil olma ehtimalı çox aşağıdır. Belə olduqda mallara yanğın və digər risklərdən təminat verərsinizmi? Əlbəttə ki, yox. Çünki sığorta şirkətlərinin çalışmalarının əsas səbəbi mənfəət əldə etməkdir. Onlar daha yaxşı riskləri sığortalamaq istəyirlər. Bunun üçün də həmin əmlakda FHN-nin təlimatlarına uyğun hərəkət edilməlidir. Sahibkarların riski yaxşılaşdırmaları lazımdır ki, könüllü təminatın alınması mümkün olsun. Bu gün sahibkarların təhlükəsizliklə bağlı qoyduğu investisiyalar sabah (illərlə) onlara daha ucuz sığorta şəhadətnamələri şəklində geri dönəcəkdir.
İcbari sığortaya gəlincə isə, heç bir sığorta şirkəti müştərini geri çevirmək səlahiyyətinə sahib deyil. Belə halla qarşılaşan müştərilərə tövsiyyə edirik ki, əlaqədar sığorta şirkəti barəsində Mərkəzi Banka şikayətlərini dərhal bildirsinlər.
- Son dövrdə ölkəmizə ayaq açan koronavirus pandemiyası icbari sığorta növlərinə necə təsir edəcək?
- İkinci rübün sonuna Azərbaycanda icbarı sığorta növləri üzrə çox da sərt azalma və ya artımların olacağı gözlənilmir. Avto icbari ilə əlaqədar rəqəmlər göstərir ki, pandemia ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, bugünə toplam sığorta haqlarının cəmi 32 milyon manat civarındadır və bu 2019 cu ilin müvafiq dövrü ilə müqayisədə cəmi 2 milyon manat azdır. Sığorta müqavilələrinin sayında isə 20 min ədədə yaxın bir azalma müşahidə olunmaqdadır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında hərəkətlərin mülayim olacağını düşünürük. Çünki bu bir icbari sığorta növüdür və xüsusilə pandemiya ilə əlaqədar tədbirlərin yumşalması nəqliyyat vasitələrinin daha çox istifadə edilməsinə səbəb olacaq. Bu da icbari sığortaya olan tələbin azalmış hissəsinin təkrar bərpa edilməsinə səbəb olacaq.
Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarında bu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,6% və 5,3% artım qeydə alınıb. Cari ildə Qanuna müvafiq dəyişiklik və elektronlaşma prosesinin tətbiqi bu iki növlə bağlı sıçrayış ehtimalını ortaya qoymaqdadır.
Pandemiya ilə əlaqədar sığorta şirkətlərinin fəaliyyətinə kəskin bir mənfi təsirin olacağını gözləmirik. Çünki bununla əlaqədar Mərkəzi Bank tərəfindən önləyici tədbirlər də həyata keçirilib. Mərkəzi Bank ayrımalardan imtina etdi, İSB-yə ödənilən üzvlük haqqının 30 sentyabr tarixinə qədər ertələnməsi ilə bağlı bizə tövsiyə verdi. Biz də bu tövsiyəyə uyğun olaraq, üzvlərimiz olan sığorta şirkətlərinə məktub göndərib müsbət rəyimizi bildirdik. İcbari sığorta növləri üzrə təqvim haqlarının ödənişi ilə əlaqədar ertələmələr oldu. Bunlar hamısı önləyici tədbirlərdir. Əminəm ki, bu tədbirlər canlanmanın ortaya çıxmasına xidmət edəcəkdir.
- Daşınmaz əmlakın icbari sığortası ilə bağlı ümumi nəzarət və əmlakın sığorta edilmədiyi halda cərimələrin tətbiqi hansı şəkildə tənzimlənir?
- Daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar qeyri-yaşayış sahələrində nəzarəti Fövqəladə Hallar Nazirliyi (FHN), digələrində isə yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə uyğun olaraq cərimə mexanizmini həyata keçirməlidir. Bizim elektronlaşdırma əməliyyatını həyata keçirməmizdən sonra həm FHN, həm də yerli icra hakimiyyəti orqanları əmlakın sığortalı olub-olmamasına daha rahat şəkildə nəzarət edə biləcəklər. Yerli icra hakimiyyəti orqanının nümayəndəsi informasiya sistemində ərazisində hansı daşınmaz əmlakın sığortasının olub-olmadığını görəcək. Sığorta təminatı olmayan daşınmaz əmlakın sahibinin də cərimələnməsi İnzibati Xətalar Məcəlləsinin əmrinə uyğun həyata keçirməlidir.
Yaşayış sahələrində cərimə 30 manat müəyyənləşdirilib. Qeyri-yaşayış sahələrində bu məbləğ 200 manata qədər arta bilər. Çünki burda vəzifəli şəxsin də cərimələnməsindən söhbət gedir. Əgər cərimələnmədən sonra yenə sığorta təminatı alınmırsa, bu halda şəxs 20 gün sonra bir daha cərimə edilə bilər. Atılmalı olan ilk addım sığorta şəhadətlənmələrinin elektronlaşdırılması, ikinci addım isə bizim bu məlumatları müvafiq qurumlarla da bölüşməyimizdir. Nəticədə həmin qurumaların nümayəndələri fiziki təmas olmadan, yəni məmurlarla vətəndaşlar qarşı qarşıya gəlmədən elektron şəkildə lazımi vəziyyətlə tanış olacaqlar. Layihənin 2020-ci il ərzində tamamlaması planlaşdırılmaqdadır.
- Müəyyən səbəblərdən avtomobillərin icbari sığortası sığorta şirkətləri üçün bir o qədər maraqlı növ hesab edilmir. Bu sığorta növü üzrə sığorta haqlarının artırılmasına ehtiyac varmı?
- İcbari sığorta növləri qanunla tənzimlənir. Burada əsas hədəf insanlara dövlətin sosial dəstəyinin ön plana çəkilməsidir. Sığorta şirkətləri daha yüksək mənfəət əldə etmək üçün icbari sığorta növlərindən yox, könüllü sığorta növlərindən yararlanmalıdırlar. Dünyada icbari sığorta növlərindən sığorta şirkətləri böyük mənfəət əldə etmirlər. Çünki tarif dövlət tərəfindən müəyyən edilir və sosial ədalət prinsipi ilə hərəkət edilir.
Zərər nisbətlərinə baxıldıqda AVSMMİS növü mənfəətli növdür. Statistik məlumat bunu deməyə əsas verir ki, sığorta tarifi artırılmamalıdır, artırılacaqsa, bu, sığorta məbləğinin artırılması fonunda baş verməldir.