Ana Sayfa > Karusel / Qarabağ > "Zəngəzur dəhlizi" münaqişədən əvvəl necə işləyib...
"Zəngəzur dəhlizi" münaqişədən əvvəl necə işləyib...14-07-2022, 13:41. Yazar: Admin |
44 günlük II Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması nəzərdə tutulur. Bəyanatın bu bəndində deyilir: Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
Dəhlizin Azərbaycan tərəfinə aid hissəsində tikinti işləri Vətən müharibəsinin bitməsindən dərhal sonra başlanıb. “Zəngəzur dəhlizi”ndən keçəcək dəmir yolu xəttinin təməli 2021-ci ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən qoyulub. Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 km təşkil edəcək. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı modern.az-a danışan Qərbi Azərbaycan İcmasının üzvü, Qafan sakini Baxşeyiş Ələmşahov qeyd edib ki, "Zəngəzur dəhlizi" hələ 1970-1980-ci illərdə, nisbətən sabitlik olan dövrlərdə fəaliyyət göstərirdi. O zaman əsasən dəmir yolu aktiv istifadə edilirdi:
“1988-ci ildə artıq Zəngəzur ərazisindən, Qafandan, Mehridən, Sisiandan, Gorusdan azərbaycanlıları kütləvi şəkildə qovmağa başladılar. Həmin vaxta qədər Zəngəzur yolu ilə gediş-gəlişimiz var idi. Amma səfərlər tam sakit, stabil olmurdu. Ermənilər özlərinin xain niyyətlərini, türkləri sevməməklərini həmişə büruzə verirdilər. O zaman Naxçıvan qatarı Mincivana gəlirdi. Mincivan böyük dəmiryol stansiyası sayılırdı. Orada iki qatar yolu ayrılırdı, biri Qafana, digəri Naxçıvana gedirdi. Ermənistanda yaşayan azərbaycanlılar Mincivana qədər rahat hərəkət edirdilər. İnsanlar düşünürdülər ki, Mehri rayonunun stansiyasında düşmək lazım deyil. Çünki ermənilər Naxçıvan qatarı Mehri stansiyasına çatanda həmişə orada dava salırdılar. Ermənilər həm də qorxaq millətdir. Davanı da azərbaycanlıları sevmədiklərindən, özlərinə təhlükə olaraq gördüklərindən ötrü salırdılar.
Mincivandan Qafana gedən ikinci qatardan da azərbaycanlılar istifadə edirdilər. Dəmir yolu əsasən Azərbaycana tabe idi. Bunlar Zəngilan rayonunun tabeliyində olan stansiyalar sayılırdı. Qafan stansiyasının xərcləri, maliyyəsi da birbaşa Azərbaycan tərəfindən ödənilirdi. Qafan stansiyasında o qədər dava-dalaşlar olurdu ki... Ermənilərdə məşhur ifadə idi “türksən, yoxsa erməni?”. Onlar heç vaxt bizi azərbaycanlı adlandırmırdılar, türk deyirdilər, içlərində türklərə qarşı çox dərin bir nifrət var idi. Bu gün Zəngəzur yolu yenidən bərpa olunur. Ermənistan nə etsə də bunu əngəlləyə bilməyəcək. “10 noyabr bəyanatı”nda dəhlizin açılmasını tələb etdik, Ermənistan da buna razılaşmalı olub. Ermənistan nə qədər gərginlik yaratsa da, ədalət bərpa olunacaq”. Geri dön |