Ana Sayfa > Karusel / Dünya > Baydenin Yaxın Şərq turnesi: ABŞ lideri İranı vurmaqla hədələyir, Tehranı yeni təhlükələr gözləyir – TƏHLİL
Baydenin Yaxın Şərq turnesi: ABŞ lideri İranı vurmaqla hədələyir, Tehranı yeni təhlükələr gözləyir – TƏHLİL14-07-2022, 12:54. Yazar: Admin |
ABŞ Prezidenti Cozef Baydenin Yaxın Şərq səfərini İsraildən başlaması Vaşinqtonun Fars körfəzinin ərəb ölkələri ilə bundan sonrakı münasibətlərinin Təl-Əvivin maraqları əsasında inkişaf etdirəcəyini göstərir. Baydenin turnesi dünyanın hərbi-siyasi nizamının öz oxundan çıxarılması uğrunda kəskin rəqabətə verilən strateji reaksiyanın tərkib hissəsidir. ABŞ-ın “gizli əlləri” yaxşı başa düşür ki, bu supergüc Yaxın Şərqdən uzaqlaşa bilməz. Uzaqlaşma Rusiya və Çinin boşluğu doldurmasına münbit zəmin yaradar ki, bu da ABŞ-ın hegemonluğuna həlledici təhdid elementi olar. Bəli, Ağ Ev özünün böyük geosiyasi maraqlarından geri çəkilməyib və onların bəzilərinin təmini üçün vaxt yetişməsini gözləyir. Həmin ana çatmaq üçün ABŞ beynəlxalq liderlik rolu statusunu yenidən nəzərdən keçirməlidir. Baydenin səfərinin məqsədi Vaşinqtonun maraqlarını canlandırmaq və bu istiqamətdə əldə etdiyi nailiyyətləri Yaxın Şərqə yayması üçün yeni alətlər yaratmaqdır. Ağ Evin Yaxın Şərqə baxışı İsraillə əlaqələrin dərinləşməsindən və koordinasiyadan keçir, Vaşinqtonla Təl-Əviv birləşdirici xüsusiyyətlərlə yanaşı, rəqib mövqelərə də sahiblənirlər. Regionun digər ölkəsi və İranın İsraildən sonrakı ən böyük düşməni Səudiyyə Ərəbistanı ilə də münasibətlərin yaxşılaşdırılması Ağ Evin prioritetləri sırasındadır, ancaq enerji məsələsində tərəflər razılıq əldə edə bilmirlər. ABŞ Rusiya-Ukrayna müharibəsinin gedişatlarını özünün mənfəətlərinə doğru yaxınlaşdırmaqdan ötrü Səudiyyə Ərəbistanından daha çox neft hasil edərək qlobal bazara çıxarmasını istəyir. Ağ Evin “qara qızıl”dan güddüyü məqsəd onun qiymətinin aşağı salınmasına və bununla Rusiyanın enerjidən qazandığı gəlirləri əhəmiyyətli şəkildə azaltmağa nail olmaqdır. Baydenin “dünya bazarında daha çox neft” prinsipi ilə digər niyyəti ABŞ-da enerji sektorunda tüğyan edən inflyasiya təzyiqini azaltmaqdır. Ancaq Ər-Riyad iki ayağını bir başmağa dirəyərək Vaşinqtonun tələbinə mənfi cavab verir, çünki Səudiyyə Ərəbistanının Rusiya ilə münasibətləri artan şkala üzrə inkişaf edir. Bayden Səudiyyə Ərəbistanına neft qiymətlərini azaltmağa məhkum edilmiş bir lider kimi gedir və bu mövzuda onu xeyli gərgin müzakirələr gözləyir, onun səudiyyəliləri nə dərəcədə inandıra biləcəyi də sual altındadır. Bir neçə mövzuda fikir ayrılıqları olsa da, regionun ümumi təhlükəsizliyinə dair strateji yanaşmada müştərək xassələr çoxdur. ABŞ, İsrail, Səudiyyə Ərəbistanını da məhz İrana qarşı duruş birləşdirir. ABŞ-la İsrail Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə (Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər) birgə müdafiə alyansı yaratmağı planlaşdırırlar və əsas məqsəd səyləri İrana qarşı birləşdirməkdən ibarətdir. Bu planın başında ABŞ-ın deyil, İsrailin daha ucada dayandığı amili nəzərdən qaçmamalıdır. Axı Təl-Əviv bütün resurslarını səfərbər edərək İranla nüvə sazişi imzalanmasının qarşısına keçir! Ağ Evin İran üzrə xəttinin bir hissəsini İsrail cızır, bu mənada Baydenin yəhudi dövlətinə səfərdən öncə verdiyi mesaj diqqət çəkir. Cənab Bayden İsrailin “Kanal 12” telekanalına müsahibəsində ölkəsinin son çarə kimi İrana güc tətbiq etmək planını yenidən gündəmə gətirib, lakin hələ də danışıqlara üstünlük verdiyini vurğulayıb. ABŞ-la İran arasında onsuz da yaxşı olmayan ritorikanın daha da qızışması İsrailin əlinə işləyir. Bir sözlə, Bayden bəyan edir ki, İran nüvə silahı əldə edə bilməz, əgər belə bir şey baş versə, onda ABŞ İslam Respublikasına hərbi müdaxilə həyata keçirəcək. İran isə xeyli qətiyyətli görünür, ABŞ-a qarşı cəsarətli davranır, nüvə proqramını zənginləşdirir və razılaşmaların əksinə gedərək etdiyi qanunsuzluqlara dair izahat verməkdən sistematik şəkildə yayınır. Qərb və İsrail tərəfindən tətbiq edilən bütün tədbirlər İrana maliyyə baxımından baha başa gəlsə də, o, nüvə axtarışlarından vaz keçməyi hədəfləmir. İslam Respublikasının davranışı onun altılıq ölkələri (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin+Almaniya) ilə danışıqlarını dalana dirəyir və Qərbin hərbi ssenarilər ortaya atmasına rəvac verir. Bütün bunlar ABŞ və İsrailin təmkinini pozur və Baydenin dediyindən belə anlaşılır ki, İrana hərbi müdaxilə planı Ağ Evin masasındadır. Hərçənd ki, bu planın ümumi olduğu, keçmişə söykəndiyi aydındır. PROQNOZLAR: Baydenin səfərindən sonra İrana qarşı yeni total təzyiqlər yaradılacaq. İsrailin xüsusi xidmət orqanları İrana qarşı planlarına dəyişiklik edəcək və İslam Respublikasının qaymaqlarını aradan götürmək üçün kəşfiyyat fəaliyyətinin miqyasını genişləndirəcək. Səudiyyə Ərəbistanı ilə də koordinasiya formalaşdırılacaq və Ər-Riyad dəstəyini əsirgəməyəcək. Bu proses İranı danışıqlarda mütləq məğlubiyyətə uğratmağa qədər davam edəcək, əks təqdirdə isə İrana qarşı hər hansı formada (genişmiqyaslı olacağı inandırıcı səslənmir) hərbi ssenari təşkil ediləcək.(Oxu.az) Geri dön |