“Bu plan hökumətin istefasına gətirib çıxara bilər”.
Qarabaginfo.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O, Ermənistan müxalifəti daxilində baş verən prosesləri dəyərləndirib.
Hazırda küçə aksiyalarının effektsizliyi ilə qarşılaşmış ən radikal qüvvələr Ermənistan parlamentindən də istefa verməyə başlayıb. Bəziləri bunu müxalifətin gücsüzlüyü, elektoratın onlardan üz döndərməsi, Nikol Paşinyan iqtidarına ictimai etimadın və rəğbətin inikası hesab edir. Digərləri erməni müxalifətinin geri addım atasını düşünülmüş plan sayır. Bu fikirdə olanların fikrincə, müxalifət sadəcə Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsinin parlament təsdiqində iştirak etmək istəmir.
“Onlar da bilirlər ki, Qarabağ məsələsi ilə hakimiyyətə gəlmək çətin olacaq. Rusiya bu proseslərdən istifadə edərək Ermənistan hakimiyyətinə və müxalifətinə müəyyən vədlər vermişdi. Məhz ona görə də aprel ayından küçə aksiyalarına başladılar. Ancaq küçə aksiyaları heç bir nəticə vermədi və Ermənistan müxalifətinin daxilində parçalanmalar müşahidə edildi”, - deyə Asif Nərimanlı Yenisabah.az-a şərhində qeyd edib.
Onun sözlərinə görə, küçədə nəticə əldə edə bilməyən müxalifət parlamentdən istefalar verilməsi ilə Paşinyan hakimiyyətini çətin vəziyyətə salmağa çalışır.
“Bu proses hesablanıb və müəyyən plan üzrə həyata keçirilir. Parlamentdə istefaların səbəbi məclisin fəaliyyətini dondurmaq və yeni seçkilərin keçirilməsinə şərait yaratmaqdır. Hesablanmış bu plan hökumətin istefasına, sonrakı prosesdə isə baş nazirin yenidən seçilməsinə gətirib çıxara bilər. Bu istəklərinə nail ola biləcəklərmi, - müəmmalı və bir qədər çətin görünür.
Paşinyan hakimiyyətinin atacağı addımlara da diqqət yetirmək lazımdır. Boş qalan yerlərə yeni seçkilər keçirilə bilər. Müxalif qruplar birləşsə də, daxildə müəyyən qarşıdurmalar var”.