Ana Sayfa > Karusel / Gündəm > Yenidən COVID-lə üz-üzə: Əvvəlki günlər qayıdır

Yenidən COVID-lə üz-üzə: Əvvəlki günlər qayıdır


5-07-2022, 11:48. Yazar: Admin

Son günlər dünyada koronavirus xəstəliyinə yoluxma hallarında artım müşahidə edilir. Bir müddət öncə yoluxma sayının kəskin azalması səbəbindən pandemiyanın başa çatdığı zənn edilsə də, COVID təhlükəsi yenidən bütün ölkələri narahat etməyə başlayıb. 

 

Rəsmi statistikaya əsasən, təkcə son bir həftə ərzində dünyada 3,2 milyondan çox insan koronavirusa yoluxub. Bundan əlavə, beş həftəlik azalmadan sonra ölüm hallarının da sayı yenidən artmaqdadır.

 

Qarabaqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bir həftədə 8700-dən çox ölüm qeydə alınıb, bu da əvvəlki həftə ilə müqayisədə 4% artım deməkdir.

 

Yeni yoluxmaların artması bir çox ölkələri əks-tədbirlər görməyə vadar edir. Artıq bəzi yerlərdə yenidən məhdudiyyətlərin tətbiq edilməsinə qərar verilib.

 

Statistikaya nəzər yetirsək, bu həftə Şərqi Aralıq dənizi regionunda (+58%), Cənub-Şərqi Asiya regionunda (+33%) və Amerika regionunda (+13%) həftəlik yoluxma hallarının sayı artıb.

 

Yeni həftəlik ölümlərin və yoluxmanın sayı Amerikada pik həddə çatıb. Ən ağır vəziyyət yenə Amerika qitəsində müşahidə olunur. Qitədə ümumilikdə 89 milyon insan indiyə qədər virusa yoluxub.

 

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 32 milyona yaxınlaşır. Son sutkada Braziliyada 10 min nəfərdə COVID-19-a yoluxma faktı aşkar olunub, 1269 nəfər isə pandemiyanın qurbanına çevrilib. Qitənin ən çox əhaliyə sahib ikinci ölkəsində virusa yoluxan 672 101 nəfər dünyasını dəyişib. Bu rəqəmlər ötən aylarla müqayisədə artım deməkdir.

 

 

Meksika da koronavirusla əlaqədar ən ağır günlərini yaşayır. Ötən gün ərzində həm yoluxmada, həm də ölüm hallarında artım olub. Belə ki, ölkədə indiyə qədər beş milyondan çox adam COVID-dan ölüb. Günlük yoluxma sayı min nəfərə çatır.

 

Fransada da son iki həftə ərzində koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir. Yoluxma səbəbindən gündəlik xəstəxanalara yerləşdirilən xəstələrin sayı 1000-i keçib. Fransanın səhiyyə orqanları epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar vətəndaşları ictimai yerlərdə və nəqliyyatda tibbi maskadan istifadə etməyə çağırıb.

 

Artıq paytaxt Parisdə sakinlər qapalı məkanlara tibbi maska ilə daxil olurlar. Lakin qeyd edilib ki, turizm mövsümü olduğundan qadağalara geri qayıtmaq hələlik nəzərdə tutulmur.

 

Koronavirusun Avropadakı ocağı hesab olunan İtaliyada vəziyyət yenidən gərginləşib. Ölkədə COVID-19-a həm yoluxma, həm də ölüm sayında artım qeydə alınıb. İtaliyada təhlükəli virusdan vəfat edənlərin sayı 18 milyonu keçib.

 

 

Almaniyada da koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Ölkədə əvvəlki gündə 900 nəfərin COVID-19 testi pozitiv çıxıb.

 

Avropa ölkələri ilə yanaşı Azərbaycanda epidemioloji vəziyyət normal qiymətləndirilir. Yoluxma sayında artım müşahidə olunsa da, rəqəmlər hazırki durumun o qədər də təhlükəli olmadığını göstərir.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün açıqladığı statistikaya əsasəə, sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ümumilikdə 793 388 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 453 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 218 nəfərdir. Son sutka ərzində 1 574, hazırkı dövrədək isə 6 972 527 test aparılıb.

 

Hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət qaydasındadır. Bununla belə payızda doğru artımların olacağını proqnozlaşdırılır.

 

Tanınmış həkim-infeksionist Vasif Əliyev bildirib ki, koronavirusun yeni dalğasının payız aylarında gəlmə ehtimalı istisna edilmir: 

 

“Azərbaycanla bağlı kütləvi təhlükə görünmür. Vətəndaşlarımızın əksəriyyəti həm peyvəndlənmə prosesindən keçib, həm də yoluxub sağaldıqları üçün immunitet yaranıb. Hazırda ölkədə kütləvi immunitet formalaşıb. Uzun müddətdir qapanmaların aradan qaldırılmasına baxmayaraq, Azərbaycanda artım müşahidə olunmur. Xəstəxanalar boşdur”.

 

Son günlər COVID-19 xəstəliyinin yenidən pandemiyaya dönüb bəşəriyyətə problem yaradacağını iddia edənlər var. Məsələn, yoluxma sayındakı artımı nəzərə alanlar karantin qaydalarının sərtləşdirilə biləcəyi qənaətinə gəlirlər. Bununla bağlı yayılan dedi-qodular insanları narahat etməyə başlayıb.

 

 

Məsələyə münasibət bildirən tanınmış həkim Aydın Əliyev bu iddiaların absurd olduğunu vurğulayıb:

 

"Pandemiyanın birbaşa iştirakçısı və bu proseslə birbaşa mübarizə aparan həkim-ekspert olaraq bildirirəm ki, COVID-19 xəstəliyi artıq tarixə qovuşub! Yoluxma sayı arta bilər! Amma bu əsla və əsla pandemiyanın yenidən alovlanma anlamına gəlməməlidir. Çünki əksər insanlar yoluxub və sağalıb, ya da peyvənd edilib. Bu xəstəliyin yenidən pandemiyaya çevrilmək ehtimalı sıfra bərabərdir. Əgər karantin qaydaları sərtləşdirilərsə, bu tibbi yox, siyasi motivlərə əsaslanacaq. Tibbi əsası yoxdur".

 

Həkim-ekspert insanları rahat həyata davam etməyə çağırıb.

 

Ümumilikdə isə qeyd edək ki, pandemiya başlayandan bəri dünyada ümumilikdə 548.935.393 nəfər virusa yoluxub. Altı milyondan çox pasiyent dünyasını dəyişib, 520 milyondan çox insan xəstəlikdən sağalıb. (modern.az)


Geri dön