Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.
Qarabaginfo.az-ın məlumatına görə, 60 nəfər şəhid övladının iştirak etdiyi tədbir Fövqəladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı, FHN işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.
Tədbir iştirakçıları əvvəlcə Qəbələ şəhərində yerləşən Heydər Əliyev adına parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ziyarət edərək, önünə əklil qoyublar, ardınca Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları ziyarət edilib.
Daha sonra Qəbələ şəhərində Mülki müdafiə qoşunlarının alayında “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Allahverdiyev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Raul Zeynalov və İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayevə yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələrin əldə etməsində mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib.
Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq 9-cu dəfədir ki, təşkil olunur və bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır.
Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyində 15 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, şimal-qərb bölgəsindən 60 nəfər şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur.
Yarışlar iyunun 30-a kimi davam edəcək.