Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) kəşfiyyat şəbəkəsi ilə əməkdaşlıq edən deputat ifşa edilib. Şəbəkəyə cəlb edilənlər arasında Ukraynanın xalq deputatı Andrey Derkaçın olması ölkədə ciddi rezonans doğurub. O, Ukraynanın ələ keçirilməsində düşmənə kömək etməliymiş.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilib.
QRU-nun agent şəbəkəsinə cəlb olunan deputat Andrey Derkaç barəsində ibtidai istintaq başlayıb.
Məlumata görə, deputatın keçmiş köməkçisi İqor Kolesnikov artıq saxlanılıb. O, Rusiya Federasiyasının xüsusi xidmət orqanları ilə deputat arasında vasitəçi və maliyyə kuryeri imiş.
Kolesnikov istintaqa bildirib ki, deputat Andrey Derkaç 2016-cı ildə Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən ələ alınıb. QRU-nun yüksək rəhbərliyi - şöbə müdiri İqor Kostyukov və birinci müavini Vladimir Alekseyev şəxsən ukraynalı deputatla işləyirmiş.
Məlumata görə, Andrey Derkaç Rusiya Baş Kəşfiyyat İdarəsindən şəxsi təhlükəsizlik strukturlarının yaradılması üçün külli miqdarda vəsait alıb. Planlarını həyata keçirmək üçün QRU bir neçə aydan bir ona 3-4 milyon ABŞ dolları ayırırmış, bu vəsaitin əhəmiyyətli hissəsi isə Derkaçın cibinə gedib.
Kolesnikov istintaqa bildirib ki, plana görə, Rusiya qoşunlar Ukrayna şəhərlərinə daxil olanda Andrey Derkaçın yaratdığı özəl mühafizə şirkətlərinin əməkdaşları Rusiya bayraqları ilə zirehli maşınlara oturmalı və hərbi texnikanın maneəsiz keçidini təmin etməliymiş.
Onun sözlərinə görə, Kiyevin ələ keçirilməsi zamanı QRU Belarus ərazisindən gələn iki xüsusi təyinatlı və xüsusi əməliyyat qüvvələri briqadasından istifadə etməyi planlaşdırıb. Oradan sürətlə Kiyevə doğru irəliləyib, hökumət məhəlləsini ələ keçirmək və Ali Radada yeni hökumətin yaradılmasına səs verəcək toplantı çağırmaq planlaşdırılıb. Xoşbəxtlikdən ukraynalı müdafiəçilər bu planları alt-üst ediblər.
Bu agent şəbəkəsində əli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaq hərəkətləri davam etdirilir.(Modern.az )