Ana Sayfa > Karusel / Yazar > “Xolostoy” Elçibəy tənqidləri

“Xolostoy” Elçibəy tənqidləri


24-06-2022, 12:15. Yazar: Admin

- Ayə, ay demokrat-cəbhəçi, gəl otur maşına, işim var səninlə...
Maşının yarıaçıq qapısından məni çağıran Mizi usta idi. Sözünü qurtaran kimi mənim cavabımı gözləmədən qapını çırpdı və maşını “xolostoy” edib, möhkəm qaz verdi.
Onda 94-cü il idi, mən orta məktəbin son sinfində oxuyurdum. Ümumi qıtlığın fonunda ən çox nəzərə çarpan benzin qıtlığı idi ki, bunun da fəsadını kənd maşınları daha çox yaşayırdı. Kənd yollarında işləyən maşın görmək müşkül məsələ idi. Bütün bunları nəzərə alsaq, Mizi ustanın maşınla gəlib, məni də götürüb harasa getmək istəyi fövqəladə hadisə sayılırdı. Hələ üstəgəl maşına boş yerə qaz verməyi, əməllicə benzin israfı sayılırdı. Qaldı ustanın məni ikiqat ləqəblə həm cəbhəçi, həm də demokrat çağırmağına, belə özündən demək sayılmasın, bu ləqəbləri mən neçə illik siyasi fəaliyyətimlə qazanmışdım, baxmayaraq ki, hələ heç orta məktəbi qurtarmamışdım.
Ümumiyyətlə, bizim kənd xeyli siyasi kənd sayılırdı. Məsələn, kimsə övladının doğulma tarixini “Rəhim Qazıyev istefa verən gün” kimi yadda saxlayırdı. Və ya görürdün haradasa bir qaynana gəlindən soruşur ki, “ Ay bala, bizim o inək bala salan hansı ay idi?” Gəlin də həyətin o başından cavab verir ki, “Tahir Kərimlinin Milli Məclisdə şivən saldığı gün idi, ay mama”.
Nəysə ki, oturaq maşınımıza. Mizi kişi usta adını nahaq yerə qazanmamışdı. Maşından babat başı çıxırdı. Kolxozdan ona qalan QAZ-53 maşınını da göz bəbəyi kimi, üfürə-üfürə saxlayırdı. Usta bir xeyli də əsəbi adam sayılırdı, bir anda hirslənib özündən çıxması var idi deyə, heç soruşmadım ki, hara gedirik. Amma cəmi beş dəqiqə sonra məlum oldu ustanın mənlə nə işi var. Evlərinin yanında saxlayıb, uzaqdakı “Propan” maye qaz balonunu göstərdi: “Cəbhəçiliyini indi göstər e, get o balonu bura gətir”. Gedib ağır balonu min zülmlə gətirdim. Usta balonu tam açıb ağzını vedrəyə çevirdi. Balonun dibindəki təqribən 3-4 litr maye gəlib vedrəyə töküldü. Usta mayeni götürüb maşının benzin çəninə tökdü və başı ilə qonşuya işarə edib, “Get Səlimgildən də balonu gətir, demişəm”, - dedi. Eyni proses mənim çəkdiyim zülmün bir xeyli artması fərqi ilə davam etdi. Bu maye də çənə töküldükdən sonra ustanın kefi yerinə gəldi, maşına oturub bir qaz da verdi və səsləndi ki, “Di gəl, gedək Düylünə”.
Bizim kənddən düz Düylün kəndinə qədər bütün yol üzüaşağıdır. Arada bir və ya iki yerdə maşını işə salıb azca qaz vermək kifayətdir ki, Düylünə çatasan. Qalan bütün yolu maşın boşa alınmış sürətlər qutusu ilə, ustanın dili ilə desək “xolostoy” gəlir. Üzüaşağı gedən maşın ustanı necə ruhlandırmışdısa, dərhal söhbətə başladı. Təbii ki, siyasi söhbətə...
- Elçibəy heç rus dilini bilmir a kişi, necə prezident ola bilərdi e, o?
Mən Əbülfəz bəyin Misirdə tərcüməçi işlədiyini, tərcümə deyildikdə də, ərəb dilindən rus dilinə tərcümə nəzərdə tutulduğunu yaxşı bilirdim. Daha sonralar isə bildim ki, Əbülfəz bəy universitetdə bir dərsi rus dilində keçirmiş. Yəni bütün mühazirələri rusca oxuyurmuş, amma mənim bildiyimdən kimə nə? Əsas odur ki, ustanın maşını üzüaşağı şütüyürdü...
- Çox ürəyiyumşaq adamdı e... Bir insan ölümünə dözə bilməz. Ondan necə prezident olar axı?
Onda mən Əbülfəz bəyin çox qətiyyətli, qorxmaz insan olduğunu da bilirdim. Nəhəng rus imperiyasından belə çəkinmədiyini, milli hərəkat naminə yüzlərlə qurban verilməsinin vacibliyini düşündüyünü də bilirdim. Əlavə də xeyli şey bilirdim, di gəl Mizi ustaya söz demək mi, olar? Bir anda əsəbiləşib adamı maşından salardı, qalardın çölün düzündə.
Növbəti ara qazının köməkliyi ilə, maşın yenə üzüenişə düşdü, usta “xolostoy” edib, yenə üzünü mənə çevirdi.
- Devlət adamı başqa şeydi e... Alim kimi yaxşı alimdi, amma ondan devlət adamı olmazdı...
Mən bir il ərzində görülən işləri, daxili və xarici siyasətdəki, hərb meydanındakı uğurları bilirdim. Sonralar bir il ərzində verilmiş qərarlar, görülmüş dövlət quruculuğu işləri daha da açıq şəkildə ortaya çıxdı, yazıldı. Görülən işlər inanılmaz idi... Amma bütün bunların Mizi ustaya deyilmə şəkli var idimi? Əlbəttə ki, yox...
Təqribən 8 kilometrlik yolu beləcə getdik. Mizi ustanın “xolostoy” tənqidləri ilə. Düylündəki işini bitirən Mizi usta maşını işə salıb üzüyuxarı gəlmək istədi. Bəli, bəli istədi. Çünki maşın benzinlə işləməli idi, maye qazla yox. Sistemdə qalan benzin isə Mizi ustanın “ara qazlarına” qurban getmişdi. Usta nə illah etdisə, maşın işləmədi. Yoxuşun yarısından yenə “xolostoy” edib, dala- dala Düylünə qayıtdı. Zülmlə ordan-burdan xahiş edib iyirmi litr benzin tapıb çənə tökdü. Maşın ağır-ağır üzü kəndə yol almağa başladı. Tez-tez qaz verib “skorsu dəyişən” Mizi ustanın bıçaq vursan qanı çıxmazdı. Dedim, bəlkə kəndə qədər bircə dəfə ağzın aça, danışa, yenə Bəyi tənqid edə. Yox əşşi, eləcə sus-pus qayıdıb gəldik.
O ildən sonra mən çox “ Mizi ustalar” gördüm. Hamısı tənqid edirdi, deyirdi, barmaq tuşlayırdı. Elçibəyi ittiham edirdilər, günahlandırırdılar. Di gəl, hamısı “xolostoy” tənqid, boş ittiham idi. Hamısı “Düylünə çatana kimi” idi, üzüyuxarı qayıdanda isə, adətən hamı susur...
Çingiz Özgür
 
BakuPost

Geri dön