Ana Sayfa > Karusel / Siyasət > Energetika naziri Pərviz Şahbazov: Azərbaycanın öhdəliklərinin tam şəkildə icrası üçün bütün imkanlar səfərbər edilib

Energetika naziri Pərviz Şahbazov: Azərbaycanın öhdəliklərinin tam şəkildə icrası üçün bütün imkanlar səfərbər edilib


15-05-2020, 11:26. Yazar: Admin

 

Energetika naziri Pərviz Şahbazov: Azərbaycanın öhdəliklərinin tam şəkildə icrası üçün bütün imkanlar səfərbər edilib

Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının qlobal neft bazarında sabitliyin və balansın bərpasının sürətləndirilməsi ilə bağlı səylərini təqdir edir və bu prosesə öz zəruri dəstəyini verir.

Qarabaginfo.az xəbər verir ki, Energetika Nazirliyindən APA-ya verilən məlumata görə, Energetika naziri Pərviz Şahbazov bildirib ki, aprel ayında əldə edilmiş tarixi razılaşmanın yerinə yetirilməsi də OPEC və qeyri-OPEC ölkələrindən yüksək həssaslıq və qəti addımlar tələb edir: “May ayında neft bazarında müşahidə olunan müsbət meyillərdə şübhəsiz ki, “OPEC plus” ölkələrinin hasilatı azaltması ilə bağlı tədbirlərinin rolu vardır. “OPEC plus” üzvlərinin öhdəliklərinə sadiqlik, Səudiyyə Ərəbistanı, BƏƏ və Kuveytin isə hasilatlarını əlavə həcmlərdə azaltmaqla bağlı mövqeləri neft bazarının tənzimlənməsi üçün həlledici əhəmiyyətə malikdir.”

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycan kvotasına uyğun olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

“Azərbaycan xarici və yerli neft istehsalçılarının bu prosesdə bərabər şərtlər çərçivəsində iştirakına nail olaraq, neft sektorunun bütün imkanlarını öhdəliklərinin icrasına yönəldib. May ayının birinci on günlüyündə Azərbaycanın öhdəliyinin icra səviyyəsi 98 faizdir. May-iyun aylarında gündəlik hasilatın 164 min barrel azaldılması üçün bütün zəruri tədbirləri görməklə neft bazarına töhfə vermək əsas hədəflərimizdəndir”, deyə nazir bildirib.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min barreli keçməməlidir.

 


Geri dön