Ağdama səfər söhbəti çıxanda açığı çox həyəcanlanmışdım. 29 il dəhşət yaşamış, qarış-qarış məhv edilmiş Ağdama gedəcəkdim, məsuliyyət böyük idi, çünki yol yoldaşlarım şəhid anaları, qazi və dostlarım idi. Daxilən tələskən insanam, tələskən olduğum qədər də yubanmağı sevməyən biriyəm. Bəlkə elə bu səbəbdəndir ki, saat 06:30-da işğaldan azad olunmuş Ağdama yola düşəcəyimizi bilə-bilə telefonda zəngli saatı 04:00 üçün qurmuşdum. Gözümün acısını almağa 4 saata qədər vaxt olsa da, bu 4 saat sanki 4 ay kimi keçdi. Sevincimizi doya-doya yaşamaq üçün bizimlə yola düşəcək əzizlərimiz - şəhid anaları, qazi və dostlarımızı saat 05:00-da avtovağzala cəm etmişdim. Qarşıdakı 90 dəqiqə ərzində əsasən 44 günlük Vətən savaşında xalq olaraq birliyimizi özündə əks etdirən xatirələrimizi yenidən yaşamalı olduq. Bu zaman təsadüfən 2 gənc xanım yaxınlaşır və "salam, siz də Şuşaya gedirsiniz?" sualını verir. Düşünün, necə də ilahi, qəlbaçıcı bir sualdır, eləmi? Qürurla, Ağdam avtobusunu gözlədiyimizi deyirik...
Avtovağzala ilk olaraq mədəniyyət paytaxtımıza yola düşəcək Şuşa avtobusu daxil olur. Dəqiqələr sonra ikinci avtobus - bizi 29 il viran qoyulmuş Ağdama götürəcək avtobus yaxınlaşır. Qeydiyyatdan keçib yerlərimizdə əyləşirik. Təsadüf, yoxsa zərurətdir bilmirəm, avtobusun ön cərgəsindəki yerlər şəhid ailələrinə ayrılıb.
Və Ağdama doğru ilk addım atılır, avtobus yola düşür. Məyusedici haldı ki, 5 saatlıq yolda bu torpaq uğrunda gözünü qırpmadan şəhid olanların valideynləri, ailələri +18 olan "Hozu" və geri dönüşdə "Bu şəhərdə"yə baxmalı oldular. 5 saatlıq yol üçün ən azı 300 şəhid haqqında müfəssəl videomaterial hazırlayıb sərnişinlərə izlətmək çətin məsələ deyil. Yəqin ki, avtovağzal rəhbərliyi bunu daşıyıcının özəl şirkət olduğunu bildirəcək. Amma bunu ən azı həmin özəl şirkətlərdən tələb etmək olar.
Ağcabədinin Hindarx qəsəbəsində gənc bələdci - 44 günlük savaşın qazisi, eks DSX əməkdaşı bizə qoşulur. Onun avtobusa minməsi ilə "Hozu" hegemonluğuna son qoyulur.
Artıq azad Ağdamın üzərində əsən ətirli havanı hiss edə bilirik ilk postdan. Polis əməkdaşı avtobusa qalxır və mədəni, peşəkar şəkildə öncə hamını salamlayır, qarşıdakı səfərimizdə hər hansı təhlükə ilə üz-üzə qalmamaq üçün məlumat verir və yoxlanış başlayır. Yoxlanış bitəndən sonra avtobusumuz polis korteji ilə üzü Ağdam şəhərinə yola düşür. Bələdçimiz gözümüzdən yayınan ən xırda detalları belə bizə çatdırmağa çalışır.
Aha, uzun müddət qulağımızı yağır edən, amma qəhrəman oğullarımız tərəfindən 45 dəqiqəyə məhv edilən 4 mərhələli Ohanyan səddini keçirik. Ətraf lentlənib, ərazi hələ də minalıdır.
İlk dayanacağımız Pənahəli xanın imarəti olur. Avtobusun qapısı açılan kimi ağdamlı dostumuz, alim Zaur Əliyev özünü yerə atır və dizlərini yerə qoyub dəfələrlə torpağı öpür. Əzabverici mənzərədi. Pənahəli xanın imarətindən sonra "Qarabağ"ın ana yurdu "İmarət" stadionuna addımlayırıq. Meydançanın mərkəzində dursaq da dəqiqələr sonra buranın "İmarət" olduğunu bilirəm. Məhv edilib, vandalizm ən sonuncu nöqtəsinə qədər yaşanılıb.
Ağdam səfərində ikinci dayanacaqdayıq. And yerimiz, qibləgahımız - Ağdam şəhərinin ikinci Şəhidlər Xiyabanı - Allahverdi Bağırovun da uyuduğu məkandayıq. Bələdçimiz ən əsası bildirir ki, bu məzarlıqda vaxtilə xeyli şəhid dəfn olunub. Onlar aşkar edildikcə üstlərinə ad, soyadları barədə plakat vurulur. Bu Şəhidlər Xiyabanı həm də başqa bir acı tariximizi özündə dəfn edir - şəhid olan xocalıların çoxu da burada torpağa tapşırılıb.
Ağdam Cümə məscidinin çatmamış avtobusumuz dayanır və bələdçi bildirir ki, məscidə çatana qədər bəzi məlumatları çatdıracaq. Bələdçidən sonra dostumuz alim Zaur Əliyev bəlkə də kitablara sığmayacaq məlumatları bizlərin yaddaşına həkk etdirir.
Xüsusi qeyd etmək yerinə düşər ki, 19 iyun 1993-cü il tarixində Ağdamı tərk edən dostumuz Zaur 29 il sonra - məhz 19 iyun tarixində yenidən Ağdamı görməyə müvəffəq olur.
Ağdam Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən təmirə bağlandığından onun içini ziyarət etmək mümkün olmasa da, bələdçimiz və Zaur Əliyev tərəfindən xeyli tarixi məlumatlar əldə edirik. Ağdam çay evi, Dram teatrı barədə bilgilər aldıqca özümüzü sanki 30 ilin öncəki Ağdamında görürdük.
Yolumuz sonuncu dayanacağa - Şahbulaq qalasınadı. Düşmən tərəfindən qarış-qarış yer üzündən silinən Ağdamda yeganə salamat qalan yer Şahbulaq qalası olub. Niyə? Bura düşmənin qazanc yeri olub - adını dəyişərək restoran kimi istifadə ediblər. Şahbulaq qalası ilə tanışlıqdan sonra bulağa enirik. Burada olan gözəlliyin bircə adı - Möhtəşəm.. Suyu buz kəsir, dişi dondurur. Su isə içildikcə içilir. Adam doymaq bilmir. Bəlkə də bugün ömrümdə yediyim ən dadlı lülə kababı yeyirəm. Kababın dadı bulaq suyu ilə sintez şəkildə bizi bizdən alır. Artıq biznes qurulub Şahbulaqda. Təəssüf ki, burada ən bahalı qiymət - çaya qoyulub, 1 stəkanı 1 manat. Və fərqi yoxdu, sən kimsən - ya şəhid valideyni və ya ailəsi, nə də bu şəraiti onlar üçün münbit edən qazi - hə, səfərə kölgə salan 2 utancverici hadisədən biri də bu idi...
İnanırıq ki, Ağdam yavaş yavaş dirçəldikcə bu xırda qüsurlar da öz həllini tapacaq. Və geri dönüşdə hamımızın ürəyindən bir cümlə keçir "Ağdam, səninlə yenidən görüşəcəyik."
Emin Tarverdiyev, “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin rəhbəri
Geri dön
|