Ana Sayfa > Karusel / Gündəm > Həbsdə olan MTN generalı: "Qərar verən şəxs olmamışam, tapşırıqları yerinə yetirmişik"
Həbsdə olan MTN generalı: "Qərar verən şəxs olmamışam, tapşırıqları yerinə yetirmişik"21-06-2022, 20:07. Yazar: Admin |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsində 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Qarabaginfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq, əlavə şahid qismində Qədir Əkbərov ifadə verib. Təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında məhkəməyə dəvət edilən Qədir Əkbərov MTN-də Xüsusi İnspeksiyanın rəisi olub. Qədir Əkbərov bildirib ki, işlə əlaqədar Mövlam Şıxəliyevlə Yasin Məmmədovun ədavəti var. Onun sözlərinə görə, Mövlam Şıxəliyevin təqriri əsasında 3 dəfə Yasin Məmmədovla bağlı yoxlama aparıb. Bundan sonra hakim Elbəy Allahverdiyev təqsirləndirilən şəxs Sahib Ələkbərovun ötən məhkəmə prosesində verdiyi vəsatətlə bağlı qərarını açıqlayıb. Qərara görə, Sahib Ələkbərovun sabiq Baş prokuror Zakir Qaralovun və onun 1-ci müavini Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatəti təmin edilməyib. Ardınca hakim zərərçəkən Əfsəl Həsənəliyevin eyni məzmunlu vəsatətinin də təmin edilmədiyi açıqlayıb. Bu qərar zərərçəkənlər və təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Hakim sərbəst ifadə vermək üçün sözü təqsirləndirilən Mövlam Şıxəliyevə verib. Mövlam Şıxəliyev sərbəst ifadəsini məhkəməyə yazılı şəkildə təqdim edəcəyini bildirib. O, ittihamları qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb. Mövlam Şıxəliyev deyib ki, ibtidai istintaq yarımçıq aparılıb, ona verilən ittihamlar əsassız olmaqla heç bir sübuta söykənmir: Mövlam Şıxəliyev zərərçəkən Elvar Əliyevlə bağlı peşmançılıq çəkdiyini deyib: “Elvar Əliyev məhkəmə binası önündə oğluma deyib ki, həbsdə olanda gözünə dərman tökülməli olub. Lakin ona dərman verilməyib. Bundan mənim xəbərim olmayıb. Mən bunu bilsəydim, özüm dərman alaraq ona verərdim”. Zərərçəkən Elvar Əliyev isə ayağa qalxaraq Mövlam Şıxəliyevin yalan danışdığını bildirib: “Mən Mövlam Şıxəliyevin oğluna belə söz deməmişəm. Mənə, həqiqətən də, MTN-də gözümə tökməyə dərman verilmirdi. Mən sərbəst ifadəmdə bu haqda məlumat vermişəm”. Mövlam Şıxəliyev iddia edib ki, zərərçəkənlərdən kimsə ona pul verdiyini deməyib. Bu yerdə zərərçəkən Nizami Kazımov Mövlam Şıxəliyevə bildirib ki, o, yalan danışır: “Məni MTN-dəki kabinetində 3 dəfə qəbul etmisiniz. Birinci dəfə dediniz ki, Vüsal Ələkbərovun istədiyi pulu ver. İkinci dəfə dediniz ki, vəkil Osman Kazımovdan imtina elə. Üçüncü dəfə artıq məndən pulu almışdınız. Məni kabinetə çağırıb söhbət elədiniz və yola saldınız. Burada yalan danışmayın”. Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib. Bundan sonra dövlət ittihamçısı Mövlam Şıxəliyevə bir neçə sual verib. Prokuror müstəntiqlərin törətdiyi cinyətlərindən məlumatının olub-olmadığını soruşub. Növbəti proses iyunun 28-də davam edəcək. İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Geri dön |