Ana Sayfa > Karusel / Cəmiyyət > Narkotik qaçaqmalçıları Azərbaycandan tranzit məqsədilə istifadə edirlər

Narkotik qaçaqmalçıları Azərbaycandan tranzit məqsədilə istifadə edirlər


21-06-2022, 16:44. Yazar: Admin

Narkotik qaçaqmalçıları Azərbaycandan tranzit məqsədilə istifadə edirlər

 

Azərbaycan Şərqdən Qərbə daşınan narkotik vasitələrin marşrutu üzərində yerləşir və qaçaqmalçılar ölkəmizdən əsasən tranzit məqsədilə istifadə edirlər. 

Bunu DGK sədrinin müavini Cavad Qasımov bu gün komitədə İran Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin nümayəndələri ilə keçirilən görüşdə bildirib.

O, gömrük orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində faəliyyətindən bəhs edib və bu istiqamətdə regional və beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

C. Qasımov narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməkdaşların potensialının gücləndirilməsi, kinoloji xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atıldığını, gömrük-sərhəd keçid məntəqələrinin ən müasit texniki nəzarət vasitələri, rentgen qurğuları ilə təchiz olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində son illər bu sahədə mühüm nailiyyətlər əldə olunub.

İran Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kərimi təmsil etdiyi qurumun fəaliyyətindən, ölkəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb. M. Kərimi bu sahədə səmərəli fəaliyyətin həyata keçirilməsi üçün birgə səylərin artırılması, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Qeyd edək ki, görüşdə DGK sədrinin müavini Cavad Qasımov, Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov və İran Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kəriminin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş başa çatdıqdan sonra isə nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzini ziyarət edib və qurumun fəaliyyəti ilə tanış olub.

 


Geri dön