Ana Sayfa > Karusel / Siyasət > İranlı nazir: “Qarabağ məscidlərini bərpa etməyə hazırıq“

İranlı nazir: “Qarabağ məscidlərini bərpa etməyə hazırıq“


21-06-2022, 16:37. Yazar: Admin

İranlı nazir: “Qarabağ məscidlərini bərpa etməyə hazırıq“

 


“Biz Dağlıq Qarabağda müharibə zamanı dağıdılmış tarixi abidələrin və məscidlərin bərpasında əməkdaşlığa hazırıq".

Qarabaginfo.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın mədəni irs naziri İzətullah Zərğami bildirib. 

Bu gün Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovu qəbul edən İ. Zərğami İran və Azərbaycan arasında əlaqələrə toxunub: "Xalqlarımız özünü bir-birinə yaxın hesab edir, hökumətlər maneələri aradan qaldırmaq üçün əllərindən gələni etməlidirlər".

Mədəni irs naziri birgə əməkdaşlıq sahələrindən danışdı: "Tarixi abidələrin və tikililərin bərpası və qorunması nazirliyimizin ən mühüm missiyalarından biridir. Qarabağda məscidlərin dağıdılması mənə çox təsir etdi. Bu sahədə əməkdaşlığa, Qarabağda müharibə zamanı dağılmış məscidlərin bərpasına hazırıq. Bu gün dağıdılmalı olan abidələr deyil, millətlər arasındakı divarlardır.

Mədəniyyət ölkələrin birləşməsinə səbəb olmalıdır. Ümumi düşmənlər mədəniyyəti parçalamağa çalışır, lakin biz ümumi mədəniyyət vasitəsilə bütün bəşəriyyəti birləşdirməyə çalışmalıyıq".

İ. Zərğami iki ölkə arasında ən mühüm mədəni ortaqlıqlardan biri kimi Nizami Gəncəvini xatırladıb: "Bu böyük və məşhur şair bəşəriyyətin şərəfli insanlarından biri olub. Biz onun şeirlərinin məzmununa diqqət yetirməli, ondan vəhdət yaratmaq üçün istifadə etməliyik".

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İran və Azərbaycanın sivilizasiya ortaqlığına və bu mədəni köklərin möhkəmlənməsinə, həmçinin, mədəni irs, turizm və sənətkarlıq sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə diqqət çəkib:

"Münasibətlərimiz təkcə ikitərəfli deyil, həm də çoxtərəfli xarakter daşıyır. Beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı münasibətlərimiz var. YUNESKO-ya üzv olduğum müddətdə İran əsərlərinin qeydiyyata alınması mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi".

Birgə şəkildə dünya abidələrinin qeydiyyata alınması, Dağlıq Qarabağ müharibəsi illərində dağıdılmış məscidlərin tikintisi və regionda İslam sivilizasiyasının dirçəldilməsi Azərbaycanın mədəniyyət nazirinin görüşdə vurğuladığı digər məsələlər sırasında olub.

 


Geri dön