Ana Sayfa > Karusel / Gündəm > Lavrov Bakıya hansı təkliflə GƏLİR...
Lavrov Bakıya hansı təkliflə GƏLİR...17-06-2022, 14:03. Yazar: Admin |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. XİN başçısının Bakıya işgüzar səfəri 23-24 iyun tarixlərinə planlaşdırılıb. Lavrovun Azərbaycanda mühüm mövzular ətrafında danışıqlar aparacağı bildirilir. Lakin səfərin proqramı hələlik məlum deyil
Lavrov Bakıya niyə gəlir? Bu yaxınlarda İrəvanda səfərdə olan rusiyalı nazir Azərbaycana hansı təklifləri gətirir?
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli əvvəlcə Lavrovun İrəvandakı çıxışına toxunaraq, onun ermənipərəst mövqeyini yada salıb.
"Lavrov İrəvana səfər zamanı erməniləri sakitləşdirmək üçün bəyanatlar səsləndirdi. Fərrux kəndi ilə bağlı yanlış fikirlər irəli sürdü. Onun ermənipərəst mövqeyi əndazədən çıxdığından Rusiya Xarici İşlər Nazirliyi Fərrux kəndilə bağlı bəyanata düzəliş etmək məcburiyyətində qaldı. Bu söhbətdən sonra Lavrov Azərbaycana gəlməyə hazırlaşır. Onun səfəri Azərbaycan-Ermənistan arasında sülhyaratma prosesinin dayandığı, kommunikasiyaların açılmadığı, sərhədlərin delimitasiyasının həyata keçirilmədiyi, eyni zamanda sülh müqaviləsinin formasının hazırlanması üçün yaradılmış işçi qrupunun fəaliyyətində heç bir irəliləyişin olmadığı vaxta təsadüf edir".
Politoloqun sözlərinə görə, Brüssel görüşündə qərar qəbul edilsə də, İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır:
"Paşinyana müəyyən tapşırıqların verilməsi ilə bağlı şübhələr var. Lavrovun səfərindən sonra sülh yaranma prosesində ləngimə oldu. Buna əsaslanaraq biz şübhələnirik ki, Rusiya Avropa İttifaqının prosesə qoşulmasını qısqanır, digər tərəfdən nizamlanma məsələsində hər şeyi öz adına yazdırmaq istəyir. Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin Azərbaycanın tərkibində qalmasına dair razılaşmanı qəbul etmək istəmir. Moskvadakılara görə, Nikol kimdir, Qarabağın dağlıq hissəsindəki ermənilər barədə qərar versin. Bura guya rus torpaqlarıdır, orada yaşayanların taleyi barədə ruslar qərar verə bilər. İndiki məqamda belə fikirlərin ortaya atılması Qafqazda vəziyyəti gərginləşdirir".
Politoloq hesab edir ki, Ukraynaya qarşı müharibədə uğursuzluğa düçar olan Rusiya Cənubi Qafqazı əldən çıxarmaq istəmir.
Bakı səfərinin gündəliyinə gəlincə, Q. Hüseynli danışıqlar masasında sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizi kimi məsələlərin ola biləcəyini vurğulayıb:
"Erməni qanı daşıyan nazirin Bakıda nə deyəcəyi vacibdir, çünki ruslar hər məsələyə qarışanda vəziyyət gərginləşir. Lavrov İrəvana səfəri zamanı Zəngəzur dəhlizi ilə əlaqədar qərəzli fikirlər səsləndirib. O bildirib ki, Zəngəzur dəhlizi hansı ölkənin ərazisindən keçirsə, həmin ölkənin mülkiyyətidir. Bu, qərəzli yanaşmadır.
Görünür, rusların müdaxiləsindən sonra ermənilərdə Zəngəzur dəhlizi layihəsinə qarşı biganəlik yaranıb. Hətta bununla bağlı etirazlar ediblər. Bir sözlə, müharibə iki ildir bitsə də, sülh yaratma prosesində ciddi addımlar atılmayıb. Bu da Azərbaycanı çox narahat edir. Problemlərin həll edilməməsi regionda gərginlik yarada bilər. Hər halda Ermənistan tərəfi Azərbayanın təkliflərini qəbul etməli və Rusiyanın təlimatlarına uymamalıdır".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Lavrov Azərbaycana balansı qorumaq üçün səfər edəcək:
"Sergey Lavrov bu ay əvvəl Türkiyəyə səfər etdi, oradan İrəvana keçdi, indi növbə Bakınındır. Bununla Lavrov guya Ermənistanla Azərbaycan arasında balansı qoruduğuna işarə edir. Lavrov xarici işlər naziri olduğu müddətdə Bakıya dəfələrlə gəlib. Ancaq bu səfərlər faydalı olmayıb. Çünki Kreml əvvəlkitək Cənubi Qafqazı təsiri altına saxlamaq istəyir, bölgə ölkələri ilə bərabərhüquqlu əməkdaşlığı qəbul etmir. Kremlin məntiniqinə görə Cənubi Qafqaz ölkələri xarici və təhlükəsizlik siyasətlərində Rusiyanın maraqlarını nəzərə almalıdırlar".
E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Kremlin hərbi və diplomatik resurslarını bu istiqamətdə xərcləməyə məcbur edir. Bununla belə Kreml görüntü yaratmaq istəyir ki, Moskva o biri istiqamətləri də unutmur – Cənubi Qafqaz, Mərkəzi Asiya və Suriya onun üçün vacibdir. Halbuki, Rusiya bütün bu bölgələrdə qarşısında Türkiyə, Avropa İttifaqı və ABŞ-ı görür, hətta Çin belə Rusiya ilə tərəfdaş olmasına baxmayaraq, Rusiyadan yan keçən nəqliyyat dəhlizi ilə daha çox mal daşımağa başlayıb. Bu vəziyyət Kremli narahat etməyə bilməz:
"Sergey Lavrov Bakıda Ermənistanla sərhəd məsələsini, sülh sazişini və dəhlizin açılmasını müzakirə edəcək. Bu istiqamətlərdə il yarımdır heç bir irəliləyiş yoxdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev IX Bakı Qlobal Forumunda çıxışı zamanı Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr bəyanatına zidd olaraq dəhlizin açılmasını ləngitdiyini, yenidən “Dağlıq Qarabağın statusu” mövzusundan daşıdığını bildirdi. Kreml öz vasitəçiliyi ilə qəbul edilən həmin bəyanatın yerinə yetirilməsini və İrəvanı doğru yola gətirmək üçün heç nə etmir. Lavrov İrəvanda olduğu zaman 2020-ci il 10 noyabr bəyanatındakı bəndlərin yerinə yetirilməsinin vacibliyi barədə heç nə demədi".
Politoloq əlavə edib ki, Lavrov Bakıda ümumi sözlər deyib, geri qayıdacaq. Hazırda bölgədə Türkiyə, Avropa İttifaqı və ABŞ fəallaşır. Ankara, Brüssel və Vaşinqtondan Azərbaycana hər həftə rəsmilər və diplomatlar gəlir, əməkdaşlığın inkişafı yollarını müzakirə edirlər:
"Rəsmi Bakı Türkiyə ilə yanaşı ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bölgənin zəif halqası Ermənistandır. Prezident İlham Əliyevin sözlərinə görə, 10 noyabr bəyanatını yerinə yetirməyən İrəvan Gürcüstanın vasitəçiliyinə də neqativ yanaşır. Halbuki, Cənubi Qafqazın 3 dövləti öz aralarında dialoqa və əməkdaşlığa başlasalar Rusiyanın timsalında vasitəçiyə ehtiyac olmayacaq. Bu isə Kremlin maraqlarına cavab vermədiyinə görə İrəvanın əli ilə sülh quruculuğuna mane olmağa çalışır. Lavrovun səfəri məhz bu siyasətə xidmət edir". Geri dön |