Ana Sayfa > Karusel / Siyasət > Süni məskunlaşdırılmış Suriya ermənilərinin Qarabağda gələcəyi yoxdur - TƏHLİL
Süni məskunlaşdırılmış Suriya ermənilərinin Qarabağda gələcəyi yoxdur - TƏHLİL14-06-2022, 17:29. Yazar: Admin |
Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğalı altında saxlamaqla yol verdiyi hərbi cinayətlər saymaqla bitməz. İşğal altında olmuş ərazilərdə qanunsuz məskunlaşma da bu cinayətlər silsiləsindəndir. İrəvan işğal altında saxladığı Azərbaycan torpaqlarında dövlət səviyyəsində Ermənistandan, Suriyadan, Livandan və digər ölkələrdən ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirib. Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaq məqsədi güdən bu siyasət nəticəsində işğal altında olmuş ərazilərə minlərlə insan köçürülüb, onların köçürülməsi üçün Ermənistan dövləti, erməni lobbisi və diasporu, ayrı-ayrı fondlar tərəfindən həvəsləndirici, təşviqedici əməllərə əl atılıb. Ermənistan zaman keçdikcə törətdiyi bu cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir və verəcək. Çünki bu cinayətlər fakt və sübutlarla ortadadır. Ermənistanın dövlət səviyyəsində törətdiyi qeyri-qanuni məskunlaşdırma cinayəti də beynəlxalq qurumların hesabatlarında əksini tapıb. Təkcə ATƏT-in iki missiyasının müxtəlif illərdə işğal altındakı Azərbaycan ərazilərinə səfəri zamanı qanunsuz məskunlaşmaya dair faktlar hesabat şəklində yayılıb. ATƏT-in faktaraşdırıcı missiyası 2005-ci ilin 31 yanvar-5 fevral tarixlərində Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarına səfər edərək müvafiq hesabat hazırlayıb. Hesabatda Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirildiyi təsdiqini tapıb. ATƏT-in növbəti missiyası isə 2010-cu il 7-12 oktyabr tarixlərində Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş yeddi rayonuna səfər edib. ATƏT Minsk Qrupu həmsədrlərinin sahə qiymətləndirmə missiyasının məqsədi ümumi vəziyyəti dəyərləndirmək olub. Bu missiyanın həyata keçirilməsində ATƏT Minsk Qrupu həmsədrləri ilə birlikdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını təmsil edən iki mütəxəssis və ATƏT-in 2005-ci ildəki faktaraşdırıcı missiyasının bir üzvü iştirak edib. Missiya Azərbaycanın işğal edilmiş ərazilərində 14 min nəfərin məskunlaşdığını, infrastruktur dəyişikliklərinin və iqtisadi fəaliyyətin həyata keçirildiyini, işğal olunmuş ərazilərin inzibati sərhədləri dəyişdirildiyini və s. müşahidə edib, bu faktlar hesabatda yer alıb. Göründüyü kimi, Ermənistanın hansı cinayətlərə əl atdığı hələ Vətən müharibəsindən əvvəl bütün dünyaya məlum idi. Suriyada müharibənin başlamasından istifadə edən Ermənistan ölkəni tərk etmək istəyən erməni əsilli ailələri dövlət səviyyəsində müxtəlif şirnikləndirici vədlərlə işğal etdiyi Azərbaycana ərazilərinə köçürməyə başlamışdı. Bu günlərdə erməni mediasında Suriyadan Qarabağa köç etmiş və hazırda Qarabağda tikinti sahəsində çalışan etnik erməni Poqos Ter-Nersesyanın müsahibəsi yayımlanıb. Müsahib özü də vurğulayır ki, döyüşlərdən öncə ailəsi ilə birlikdə Zəngilanda yaşayıb, orada əkin işləri ilə məşğul olub. 44 günlük müharibə zamanı isə Xocalı rayonunun Əsgəran qəsəbəsinə köçürülüb. Qeyd edək ki, 2010-cu illərin əvvəllərində həm Ermənistan, həm də Qarabağdakı separatçılar tərəfindən Qarabağa köçmüş hər bir Suriya ermənisinə fərdi dəstək göstəriləcəyi bildirildi. Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmə prosesinin təşviqində Ermənistanın dövlət qurumları, Diaspor Nazirliyi, İrəvanda yerləşən xüsusi “Qardaşına kömək et” (“Help Your Brother”) proqramı hazırlayan Ermənistan İnqilabi Federasiyası (ARF) birbaşa iştirak edib. Suriyadan olan ermənilər (çoxu Suriyanın Qamışlı və Hələb şəhərlərindəndir) əsasən işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarında məskunlaşdırılırdı. Qanunsuz məskunlaşma siyasətinin digər təsdiqi “Hayastan” Ümumerməni Fondu tərəfindən “Qarabağın kəndlərinin yenidən məskunlaşdırılması” layihəsinin həyata keçirilməsidir. Qarabağdakı separatçı qurum tərəfindən Suriya ermənilərinin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatına dəstək məqsədilə sərmayələr də qoyulurdu. Qondarma “Dağlıq Qarabağ Respublikası” “baş nazirinin müavini” Artur Ağabekyan 2013-cü ilin sentyabrında “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, “Dağlıq Qarabağ hökuməti” Suriyada davam edən hərbi əməliyyatlar nəticəsində qaçqın vəziyyətinə düşən erməniləri qəbul etməyə hazırdır. O, həmin şəxslərə fərdi dəstək veriləcəyini bildirir, erməni ailələri Qarabağa köməyə çağırırdı. Bu müsahibədən bir qədər əvvəl isə Ermənistanın baş naziri Tiqran Sarkisyan Qarabağa səfər edərək, Xankəndinin İrəvanla birlikdə Suriyadan olan qaçqınları qəbul etməyə hazır olmalı olduğunu bildirmişdi. Həmin müsahibənin dərc edildiyi informasiyada artıq Suriyadan olan 34 erməni ailəsinin işğal altındakı ərazilərə köçürüldüyü, onların əksəriyyətinin Laçın rayonu ərazisində məskunlaşdığı xəbər verilirdi. Bu ailələrin əksəriyyəti əkinçiliklə məşğul olurdu. Qondarma qurum məskunlaşan ailələrə hər cür yardım göstərməyə, daha böyük sayda Suriya ermənisini qəbul etməyə hazır olduğunu qeyd edirdi. “Azərcosmos”un 2019-cu ilə dair hesabatında da Qarabağda, xüsusilə Laçında yaşayış binalarının, evlərin və digər əlaqəli sosial infrastruktur obyektlərinin tikintisi və təmiri işlərinin miqyasının artdığı və sosial infrastrukturun qurulmasının birbaşa burada məskunlaşmaların təşviqi ilə bağlı olduğu qeyd edilib. Bundan başqa, bu ərazilərdə məskunlaşmış Suriya ermənilərinə erməni hökuməti tərəfindən pulsuz və “mülkiyyət hüququ” ilə mənzillər verilmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin 2016-cı ildə hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatında bildirilirdi ki, Ermənistanın statistik məlumatları işğal olunmuş ərazilərdə məskunlaşanların sayının getdikcə artdığını göstərir. “İşğal altında olan Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları Ermənistan üçün iqtisadi potensial, o cümlədən su ehtiyatları, mineral və enerji potensialı, kənd təsərrüfatı baxımından xüsusi əhəmiyyət kəsb edən rayonlar kimi diqqəti cəlb edir. Hədəf əhalinin sayını artırmaqdır. Ermənistan yeni məskunlaşma dalğasında işğal olunmuş ərazilərdə Suriya ermənilərinin köçürülməsini təşviq edir və bu prosesi sadələşdirir”, - deyə hesabatda vurğulanır. Sənəddə deyilir ki, işğal olunmuş ərazilərdə məskunlaşan Suriya ermənilərinin hərbi xidmətə cəlb olunduğu barədə məlumatlar var, onlar orada yerləşən Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət edir. “Ermənistan yeni və mövcud yaşayış məntəqələrinə tarixi məzmunlu coğrafi adlar verməklə (“Yeni Kilikiya”, “Van” və s.) həvəsləndirici hiylələrə əl atır, tarixi paralellər aparmaq, hissləri istismar etməklə daha çox ermənini köçməyə təşviq etmək niyyəti güdür. Təqdim olunan sübutlar Ermənistanın məskunlaşdırma ilə birbaşa məşğul olmadığına dair iddiaları təkzib edir”, - deyə hesabatda qeyd olunur. Lakin 44 günlük müharibə Ermənistanın və separatçıların digər arzuları kimi qeyri-qanunu məskunlaşdırma niyyətlərini də puça çıxardı. Azərbaycan hələ müharibədən əvvəl illər boyu qanunsuz məskunlaşmanın yolverilməz olduğunu bəyan edir, Ermənistanı bu siyasəti dayandırmağa, beynəlxalq təşkilatları, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-i, onun Minsk Qrupunu və Minsk Qrupu həmsədrlərini isə bu prosesin qarşısını almaq üçün lazımı tədbirlər görməyə çağırırdı. Bakı qətiyyətlə bəyan edirdi ki, torpaqlarının işğal altında qalması ilə heç vaxt razılaşmayacaq, hansı yolla olursa-olsun, ərazilərini azad edəcək. Azərbaycan Ermənistanın və separatçıların şirin vədlərinə inanıb Qarabağa köç edən Suriya və digər ölkələrdən olan ailələrə də bu addımdan çəkinməyin vacibliyini çatdırırdı. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etməklə, həm də Ermənistanın qanunsuz məskunlaşdırma siyasətini alt-üst etdi. Ermənistanın vədlərinə inanıb, işğal altında olan ərazilərdə məskunlaşmış Suriya ermənilərinin xeyli hissəsi isə növbəti dəfə qaçqınlıq həyatını yaşamalı oldu. Qeyd etmək yerinə düşər ki, Ermənistan 44 günlük Vətən müharibəsində də Suriya ermənilərindən öz məqsədləri üçün istifadə edib. “Syrians for Truth and Justice” insan haqları təşkilatının yaydığı məlumatda bildirilir ki, 2020-ci ildə Azərbaycana qarşı müharibədə iştirak etmək məqsədilə Suriyadan yüzlərlə yaraqlı və Suriya erməniləri, həmçinin, Qarabağda yaşayan Suriya erməniləri döyüşlərə cəlb olunub. Bu, bir daha söyləməyə əsas verir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti ilə faktiki olaraq Suriya ermənilərini özünün avantürist siyasətinin qurbanına çevirib. Köç siyasətinin faktiki olaraq uğursuzluqla nəticələnməsinə baxmayaraq, bu gün də Ermənistan həmin Suriya ermənilərini Qarabağda qeyri-qanuni şəkildə saxlayaraq, onları siyasi məqsədlərinə alət edir. Çünki rəsmi Bakı Qarabağ ərazilərində müharibədən öncə yaşayan əhalinin kimliyi haqda ətraflı arxiv məlumatlarına malikdir. Azərbaycan dövləti süni məskunlaşdırılmış etnik erməniləri heç vaxt Qarabağın ənənəvi sakini olaraq qəbul etməyəcək. Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq süni köçlə demoqrafik vəziyyəti dəyişdirməyə cəhd göstərməyə davam etsə də, rəsmi Bakı tərəfindən bunun bütün təzahürlərinin qarşısının alınır və alınacaq. Azərbaycan tərəfində qanunsuz məskunlaşmanı ifşa edəcək arxiv sənədləri mövcuddur, odur ki, süni demoqrafik dəyişikliyin baş tutması mümkün deyil. Suriya, eləcə də Ermənistan və digər ölkələrdən aldadılaraq Qarabağa köçürülmüş ermənilərin gələcəyi yoxdur. Onlar, nəhayət, bunu anlamalı, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərini dərhal tərk etməlidirlər. Çünki Azərbaycan tərəfinin dəfələrlə bəyan etdiyi kimi, Ermənistanın həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma cəhdlərinin heç bir qüvvəsi yoxdur və rəsmi Bakı heç vaxt süni demoqrafik dəyişikliyə imkan verməyəcək. Sülhməramlıların missiyası bitəndən sonra aparılacaq demoqrafik dəqiqləşmələr zamanı onları nə Ermənistan, nə də bir vaxtlar şirin vədlərlə çıxış edən separatçılar xilas edə biləcək. Bakını qətiyyətini, yaranmış reallığı qəbul etməyin vaxtı çoxdan çatıb. APA Analytics Geri dön |