Ana Sayfa > Karusel / Gündəm / Kriminal > Məhkəmə: Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır

Məhkəmə: Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır


13-06-2022, 16:13. Yazar: Admin

Vilyam Hacıyev

 

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi aparılıb.

Qeyd olunub ki, ekspertlərin verdiyi rəylərdə Vilyam Hacıyevin icra başçısı olduğu müddətdə qurumlara ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsi açıqlanıb.

Sabiq icra başçısının vəkili Elmar Kərimov yoxlama aktlarına etiraz edib. Vəkil aktda göstərilən rəqəmlərin təxmini yazıldığını deyib: "Təmir-tikinti materialları ilə bağlı məsələdə seçmə üsulundan istifadə olunub. İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev və digərləri seçmə üsulu ilə təxmini bir rəqəm çıxarıblar. Sürücünün izahatı ilə iki dənə maşın farasının dəyişməsinə görə rəqəm çıxarılıb".

Müdafiəçi elan olunmuş aktlarla bağlı vəsatət hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Prosesdə bildirilib ki, ümumilikdə Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır.

İclas iyunun 17-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.


Geri dön