Ana Sayfa > Karusel / Siyasət > Aİ səfiri Ermənistanın Qarabağda qanunsuz şərab istehsalı barədə məlumatlandırılıb
Aİ səfiri Ermənistanın Qarabağda qanunsuz şərab istehsalı barədə məlumatlandırılıb7-06-2022, 16:08. Yazar: Admin |
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb. AQTA-dan Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqının önəmli tərəfdaş olduğunu vurğulayan AQTA sədri ikitərəfli münasibətlərin bütün istiqamətlər, o cümlədən qida təhlükəsizliyi sahəsində səmərəli və uğurlu əməkdaşlıq müstəvisində inkişaf etdiyini bildirib. Avropa İttifaqı ilə birgə həyata keçirilən layihələrdən söz açan Q.Təhməzli qeyd edib ki, bitki mənşəli qida və yemlər üzrə sanitar və fitosanitar qanunvericiliyin hazırlanması, eləcə də həyata keçirilməsində əməkdaşlıq davam etdirilir və bu əməkdaşlıq çərçivəsində “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi icra edilməkdədir. Sədr, həmçinin “Fitosanitar nəzarət tədbirlərinin gücləndirilməsi” və “Balıq xəstəliklərinin qarşısının alınması və sağlam balıqyetişdirmə üsullarının öyrənilməsi” adlı TAİEX layihələrinin hazırlanaraq təqdim edildiyini, Avropa İttifaqı tərəfindən həmin layihələr üzrə əməkdaşlığın həyata keçirilməsinin məqbul hesab edildiyini diqqətə çatdırıb. İttifaqa üzv ölkələr ilə qida təhlükəsizliyi, heyvan sağlamlığı, fitosanitar, eləcə də bitki karantini və bitki mühafizəsi sahəsində imzalanmış sənəd layihələrini də nəzərə çatdıran AQTA sədri bir sıra qida məhsullarının Aİ ölkələrinə ixracı üçün monitorinq planlarının hazırlanmasına zərurət olduğunu və bu istiqamətdə Agentlik tərəfindən işlərin davam etdirildiyini bildirib. Həmçinin qonağın diqqətinə çatdırılıb ki, uzun müddət Ermənistan tərəfindən Azərbaycanın işğal altında saxlanılmış ərazilərində şərab və digər məhsullar istehsal edilərək, mənşə ölkəsi Ermənistan göstərilməklə saxtalaşdırmaya yol verilib və həmin məhsulların Aİ ölkələrinə ixracı həyata keçirilib, eyni zamanda bu kimi halların qarşısının alınması ilə bağlı Agentlik tərəfindən davamlı tədbirlər həyata keçirilir. Peter Mixalko da Avropa İttifaqının Azərbaycanla əlaqələrindən söz açaraq, bu münasibətlərin Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslandığını, əməkdaşlığın hazırkı səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Aİ və Azərbaycan arasında bir sıra istiqamətlər, o cümlədən qida təhlükəsizliyi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyən səfir gələcək əməkdaşlıq imkanlarının günişləndirilməsi üçün bütün sahələr üzrə böyük potensialın olduğunu nəzərə çatdırıb. Azərbaycan ərazilərində qanunsuz olaraq, “Made in Armenia” adı altında şərab və digər məhsulların istehsalı, Aİ ölkələrinə satışı və ixracı ilə bağlı məsələyə də toxunan Peter Mixalko bu istiqamətdə Agentlik tərəfindən həyata keçirilən davamlı fəaliyyəti yüksək dəyərləndirib, eyni zamanda bu kimi neqativ halların qarşısının alınmasında Azərbaycana dəstək göstəriləcəyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular, o cümlədən bitkiçilik məhsullarının Avropa ölkələrinə ixracının genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsinə dair təlimlərin keçirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |