Ana Sayfa > Karusel / Sosial > Zəfərimizi gözdən salan nazir

Zəfərimizi gözdən salan nazir


3-06-2022, 13:07. Yazar: Admin

Zəfərimizi gözdən salan nazir

Dünəndən sosial şəbəkədə bir fikir paylaşılır: Qarabağda müzəffər olan oğullar Bakıda Sahil Babayevə məğlub olur. 

Qarabağ və Vətən Müharibəsi hamımız üçün müqəddəsdir. Bu savaşda döyüşənlər, azad olunan torpaqlarda bayraq sancanlar üçün isə 10 qat artıq müqəddəs hesab olunur. “10 qat artıq müqəddəs” birləşməsinin sinonimi güman ki, lüğətimizdə yoxdur. Bu elə bir hissdir ki, onu nəinki sözlə ifadə edə bilmirsən, heç başqasına hiss etdirmək də mümkün deyil.

Kimdir bu Sahil Babayev? Birinci Qarabağ müharibəsində iştirak edib yaralanan, uzun illər əlillik müavinəti alan yüzlərlə yarımcan soydaşımızın müavinətini ləğv edib və bununla fəxr duyan adamdır. Sanki bu əməlindən mozaxistcəsinə ləzzət alır. Vəzifəyə təyin olunduğu gündən bu həssas təbəqə ilə müharibəyə başlayıb. Onun hesabat çıxışlarını dinləyin. Babayev insanların əlilliyinin ləğv olunması məsələsində xüsusi canfəşanlıq göstərir, qürür duyur, rəqəmlər səsləndirir. Bu rəqəmlərin hər birinin arxasında canlı - daha doğrusu yarımcan bir vətəndaşımızın dayandığının fərqində deyil.

İndi də iş gəlib çatdı Vətən Müharibəsi qazilərimizə. Bir sıra saytlar qazilərimizin dünənki aksiyasını “Qazilərin qiyamı” kimi təqdim etdi. Doğru yanaşma idi. Sahil Babayev onları qiyam həddinə çatdırmamalıydı. İtirəcək heç nəyi olmayan adamla heç Əzrail də üz-üzə gəlmək istəməz. Sahil Babayevə bunu niyə başa salan yoxdur? Ona niyə izah edən yoxdur ki, o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ona görə rəhbər təyin olunub ki, sosial müdafiəsi zəif olan vətəndaşlarımızın, əlillərin, qazilərin, yaşlıların, kimsəsizlərin yanında olsun. Onlara dəstək olsun, problemlərini həll etsin. Ona niyə deyən yoxdur ki, sən bu kresloda oturduğun gündən Səlim Müslümova, Füzuli Ələkbərova min rəhmət oxutdurmusan. Niyə ona sosial şəbəkələrdə, mediada sosial problemlərlə bağlı işıqlandırılan minlərlə materialın heç olmasa bir neçəsini göstərib başa salan yoxdur ki, belə işləmək olmaz. Bu iş deyil. 

Bunların heç biri yoxdur, ya da var, ona kar etmir. Heç olmasa, dünən nazirliyin binasının qapısını bir təpiklə çilik-çilik edən qazimizi həmin binanın mühafizəsini həyata keçirən polisin bağrına basdığı videonu göstərsinlər. Bəlkə nəsə anladı. Bəlkə bundan bir dərs ala bildi. Ümidimizi hələ itirməmişik. Dərs almayacaqsa, bilsin ki, Səlim Müslümovun içəridəki yeri də boşalıb. Heç olmasa, gözü çıxan qardaşına baxsın...

Ən vacib məsələ, bu kimi xırda intriqaları böyüdüb Qarabağ zəfərini gözdən salmaq millətimizə ən böyük düşmənçilikdir. Bunu etməyək. Bu savaşı udmaq üçün milyardlar xərcləyən dövlətimiz qazilərin sosial problemlərini heç bir ağırlıq olmadan həll edə bilər. Yetər ki, bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitə Sahil Babayev kimi məmurlar babalıq etməsin.(Yenisabah)


Geri dön