Ana Sayfa > Karusel / Gündəm > “TEKNOFEST” xalqlarımızın birliyinin nümayişi oldu

“TEKNOFEST” xalqlarımızın birliyinin nümayişi oldu


1-06-2022, 19:30. Yazar: Admin

Azərbaycan və Türkiyə arasında əlaqələrin çox dərin tarixi kökləri vardır. 

Ortaq kökümüz - qan yaddaşımız, dilimiz, din birliyimiz, oxşar mədəniyyət və adət-ənənələrimiz bu iki xalqı bir-birinə qırılmaz tellərlə bağlamışdır. Bu birliyi Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin «bir millət, iki dövlət» məşhur kəlamı olduqca aydın və tam dəqiqliyi ilə ifadə etmişdir. Ortaq kökləri, qanla keçən bağlılıq sayəsində  Türkiyə və Azərbaycan xalqı  tarixlərinin ən mürəkkəb dövrlərində hər zaman bir-birlərinə dəstək olmuş, sevincli və kədərli günlərini birgə yaşamışlar.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenə də ərazi bütövlüyü və müstəqilliyinə qarşı təcavüzlər, təzyiqlər tüğyan etdiyi bir dövrdən başlayaraq bu günə kimi – tam 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olmuş, ona siyasi və iqtisadi, həmçinin mənəvi dəstək olmuşdur.

Vətən müharibəsinin başlanması ərəfəsində Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox açıq və sərt bəyanat verərək bildirmişdi ki, bu, Azərbaycanın haqq savaşıdır və qardaş Türkiyə hər zaman onun yanındadır. Əslində bu, dünya ictimaiyyəti üçün yeni mövqe deyildi. Türkiyə və Azərbaycan hər yerdə, hər zaman bir-birinə qardaşlıq dəstəyini nümayiş etdirmişdir. Bu ciddi mesaj hələ 2014-cü ildə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının beş illiyinə həsr olunmuş sammitdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən də verilmişdi. Ermənistan prezidenti qondarma "soyqırımı" məsələsini qabardaraq Türkiyəni əsas tənqid hədəfi kimi seçdikdə cənab İlham Əliyev qəti şəkildə bəyan etmişdi: «Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".

İki qardaş dövlətin daim bir-birinə açıq şəkildə dəstək nümayiş etdirmələri bəzi dövldətlərin ürəyincə olmasa da, bizim haqq yolunda Türkiyənin simasında güclü və sədaqətli dayağımızın olduğuna və qələbəmizə çatacağımıza əminliyimiz artırmışdı.

Bu gün Türkiyə-Azərbaycan qardaşlığı dövlətlərimizin xarici siyasətlərinin əsas istiqamətidir. Azərbaycan və Türkiyənin həm dar gündə, həm də xoş günlərində, tarixi mərasim və tədbirlərdə bir-birinin yanında olması artıq heç bir dövlət üçün, heç bir qurum üçün yenilik deyil. Təsadüfi deyil ki, 1918-ci ildə Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etmişdi və həmin tarixi günün 100 illiyini qeyd edərkən yenə də Azadlıq meydanında hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə dayanmışdılar. 100 il sonra təkrarlanan bu parad birliyimizin sarsılmazlığının bariz nümunəsidir. Bu möhtəşəm birliyin növbəti nümayişi 2020-ci ildə Zəfər paradımız zamanı baş tutdu. Paradda Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın emosional və ötkəm çıxışı dünya birliyinə və bədnam qonşularımıza daha bir mesaj kimi səsləndi. 

Bu günlərdə Bakıda keçirilən “TEKNOFEST” həmçinin sülh və əmin-amanlıq zamanı, elm və texnikanın inkişafında da xalqlarımızın birliyinin nümayişi oldu. “TEKNOFEST”in təşkilatçısı Selçuk Bayraktarın və dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin də bu tədbir çərçivəsində Azərbaycanda olması gənclərimizin vətənpərvərlik ruhunu yüksəltməklə yanaşı, onlarda müasir elm və innovasiyalara marağın artması üçün güclü motivasiya oldu. İkinci Qarabağ savaşında tarix yazmış məşhur “Bayraktar” PUA-ların ixtiraçısının gənclərimizlə canlı ünsiyyəti onlarda  sülhü qorumaq, dünyamızı yaşatmaq naminə elmə xidmət etmək üçün gözəl nümunə oldu.

Bu, iki qardaş xalqın birliyi təbii qanunauyğunluqdur. İki qardaş bir yerdə olduqca, düşmən ona bata bilməz və bölgədə sülh və əmin-amanlıq hökm sürər, xalqın rifahı yüksələr. Vətən müharibəsində çaldığımız Zəfər xalqımızın, millətimizin haqq-ədalət tərəfdarı olduğunu və Türkiyə-Azərbaycan qardlaşlığının əbədiliyini bir daha sübut etdi.

Festival zamanı Azrbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında səsləndirdiyi “Türkiyənin artan gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür” tezisi Ulu öndərin məşhur kəlamının davamına çevrildi. (modern.az)


Geri dön