Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanın başlatdığı sülh prosesinin qarşısının alınması mümkün deyil - TƏHLİL
Azərbaycanın başlatdığı sülh prosesinin qarşısının alınması mümkün deyil - TƏHLİL25-05-2022, 10:33. Yazar: Admin |
Avropa İttifaqının, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşdırılması ilə bağlı həyata keçirilən proses tədricən kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır. Ermənistan postmüharibə dövründə sülh prosesinə əngəl olmağa çalışsa da, Azərbaycanın bu istiqamətdə qətiyyətli və dönməz siyasəti qarşısında artıq geri çəkilmək məcburiyyətindədir. Digər tərəfdən, Azərbaycanın mövqeyinə beynəlxalq müstəvidə birmənalı dəstək də Ermənistana başqa seçim imkanı vermir. Ermənistan artıq Azərbaycanın sülh, əməkdaşlıq naminə diqtə etdiyi şərtlərlə razılaşır və bunun növbəti konkret təzahürü Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüşdə özünü qabarıq büruzə verdi. Əvvəlcə iki saat planlaşdırılan, lakin beş saatdan çox davam edən görüş çərçivəsində bir çox məsələlər müzakirə olunaraq növbəti mərhələdə icrası üçün razılaşdırıldı. Razılaşdırılan məsələlərlə bağlı görüşdən sonra media nümayəndələrinə açıqlamasında Şarl Mişel ətraflı məlumat verdi. Bundan əlavə, Prezident İlham Əliyev Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində görüşün digər maraqlı detallarına da toxundu. Dövlət başçısı Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirdi. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan lideri Brüsseldə baş tutan üçüncü üçtərəfli görüşdə Azərbaycanın bütün regionun inkişafına xidmət edən təkliflərinin qəbul edilməsinə nail olub. Bu qələbə təkcə Azərbaycan yox, bütün regionun gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edir. Çünki Brüsseldə əldə edilən razılıqlar sülh prosesinə vacib töhfələr verir, regionda əməkdaşlıq münasibətlərinin qurulmasına etibarlı zəmin yaradır, Ermənistanla Azərbaycan arasında düşmənçilik səhifəsini çevirir. Postmüharibə dövründə Azərbaycanın, bütün maraqlı tərəflərin istədiyi də elə budur. Brüssel görüşündən sonra ən çox diqqət çəkən məqamlardan biri heç şübhəsiz ki, Azərbaycan və Ermənistan liderləri tərəfindən iki ölkə arasında sərhədin delimitasiyası üzrə komissiyaların yaradılması haqqında imzalanan rəsmi sənədlər oldu. Bu komissiyaların yaradılması, onların tərkiblərinin müəyyən edilməsi Brüsseldə razılaşdırıldığı kimi dövlət sərhədində keçirilmiş ilk görüş prosesin artıq başlandığı anlamına gəlir. Sərhədlərin müəyyən edilməsi, sülh üçün atılan digər addımlar Ermənistan və Azərbaycan xalqlarının barışması, sivil normalara uyğun qonşuluq münasibətləri yaratmaları üçün uğurlu başlanğıc hesab edilə bilər. Çoxsaylı münaqişələrdən yorulan dünya ictimaiyyəti üçün də Ermənistan və Azərbaycan arasında, ümumiyyətlə, bütün Cənubi Qafqazda, barışın, əmin-amanlığın olması olduqca vacibdir. İndiki halda bu barışa müqavimət göstərmək istəyən yeganə tərəf isə Ermənistanda revanşist qüvvələr, erməni diasporu və anti-Azərbaycan dairələrdir. Brüssel razılıqları bu mənada Ermənistanda sülhə qarşı çıxan qüvvələri, müxalifətin radikal qanadını daha da aqressivləşdirib. Elə bundan irəli gəlir ki, bir neçə həftədir, Ermənistanda müxalifət tərəfindən keçirilən etiraz aksiyaları Brüssel görüşündən sonra daha çox zorakılıq, dövlət idareəetmə müəssisələrinin zor gücünə ələ keçirilməsi cəhdlərinin artması ilə müşayiət edilir. Müxalif liderlər hərəkətlərinə bəraət qazandırmaq üçün Brüssel razılıqlarını daha çox önə çəkməyə başlayıblar. Onlar bu fonda icazəsiz aksiyalarla hakimiyyəti yenidən ələ keçirməyə çalışır və bəyan edirlər ki, Paşinyan iqtidarının Azərbaycanla əldə etdiyi razılıqları qəbul etmirlər. Lakin bütün bunlara, Ermənistanda daxili siyasi vəziyyət çətin olmasına baxmayaraq, sadə ermənilər Paşinyanı dəstəkləyir, sülh üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyin qəbul edirlər. Məhz bu səbəbdəndir müxalifət hələ də erməni cəmiyyətindən istədiyi dəstəyi ala bilmir. Öz növbəsində erməni cəmiyyəti, ekspert dairələri müxalifət qarşısında belə bir sual da qoyur ki, Paşinyan başqa birisi ilə əvəzlənəcəyi halda, onun yerinə gələcək şəxsin hazırkı sülh prosesinə qarşı çıxması mümkündür? Bu suala müxalifətin cavabı olmasa da, reallıq hamıya aydındır: Azərbaycanın postmüharibə dövründə başlatdığı sülh prosesinin qarşısının alınması mümkün deyil. Qeyd edilən xüsusda “armenianreport” portalı yazır ki, kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi, nəhayət, yekun sülh müqaviləsinin imzalanmasına Ermənistanı vadar etdiyinə görə, təkcə Qərbi ittiham etmək düzgün deyil. Portal diqqəti ona yönəldir ki, Rusiya da eyni mövqedən çıxış edir və bu səbəbdən köçəryançıların, sarkisyançıların erməni cəmiyyətini axmaq hesab edib, onu Qərbə qarşı körükləməsi lüzumsuz cəhdlərdir: “Əslində, nə Qərb, nə də Rusiya bizi vecinə alır. Onların hər biri öz gündəmini həyata keçirməyə çalışır. Fərq detallardadır, amma mahiyyətdə deyil”. Bununla etiraf edilir ki, Paşinyanın və ya onun yerində ola biləcək digər şəxsin sülh üçün diqtə edilənlərlə razılaşmaqdan başqa yolu yoxdur. Əlbəttə ki, Ermənistanı sülhə vadar edən əsas məqam xarici faktorlarla yanaşı, Azərbaycan amilidir. Məhz Azərbaycan Ermənistanın işğalçı ordusunu darmadağın edib, 44 günlük müharibə ilə regionda yeni reallıqlar yaradıb, dünya ictimaiyyətini öz sülh gündəliyinə tam şəkildə inandırıb. Sülh prosesi Azərbaycanın müəyyən etdiyi əsaslar, bütün tərəfləri qane edən prinsiplər üzrə irəliləyir. Bunu üçtərəfli görüşlərdən sonra verilən bəyanatlar, açıqlanan məlumatlar da təsdiq edir. Ermənistanın bu vəziyyətdə nə hərb, nə də diplomatik müstəvidə Azərbaycana müqavimət göstərmək imkanı yoxdur və bu reallıq qarşıdakı dövr ərzində də dəyişməyəcək. Əksinə, Ermənistanın bir dövlət olaraq gələcəyi getdikcə daha çox Azərbaycandan asılı vəziyyətə düşür. Üstəlik, regionda Azərbaycanın strateji müttəfiqi olan Türkiyə faktoru da var. Məhz Azərbaycan-Türkiyə tandemi regionda hadisələrin inkişaf axarını müəyyən edir, bununla isə təkcə Ermənistan yox, bütün dünya hesablaşmaq məcburiyyətindədir. Bu mənada Ermənistanın revanşist qüvvələrinin, erməni diasporunun, anti-Azərbaycan dairələrinin sülhə əngəl olmaq niyyəti bəri başdan iflasa məhkumdur. Sülh nə qədər tez bərqərar olsa, bu, bir o qədər bütün regionun, o cümlədən də Ermənistanın xeyrinə olar. Çünki Ermənistanın gələcəyi, bir dövlət kimi varlığı qeyd edildiyi kimi birbaşa bu sülhdən, Azərbaycanla normal münasibətlərdən asılıdır. Geri dön |