Ana Sayfa > Karusel / Cəmiyyət > Cümhuriyyət nazirləri: Ağa Əminov- Nəsiman Yaqublunun araşdırması
Cümhuriyyət nazirləri: Ağa Əminov- Nəsiman Yaqublunun araşdırması25-05-2022, 10:02. Yazar: Admin |
Qarşıdan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 104-cü ildönümü yaxınlaşır. İlk cümhuriyyətimizin fəaliyyəti çox da araşdırılmamış nazirlərindən bəzilərini oxuculara təqdim edirəm. Məqsədim isə odur ki, Cümhuriyyət dövründə vətənə, millətə böyük faydalar vermiş bu şəxsiyyətlərin hər birini tanıyaq və dəyərləndirək. Çünki onlar “yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi” yaratdılar.
Ağa Əminov(1888-1921)
AZƏRBAYCANIN TİCARƏT VƏ SƏNAYE NAZİRİ
Azərbaycanın tanınmış dövlət xadimi Ağakərim Məşədi Kərim oğlu Əminov 1888-ci ildə Bakıda anadan olub. O, 1907-ci ildə Bakıdakı Gimnaziyanı başa vurduqdan sonra Rusiyanın Peterburq şəhərinə gedərək orada Dağ-Mədən Mühəndisləri İnstitutuna daxil olub. A.Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olub.
O, 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdır.
O, bu illərdə Bakıda yaradılmış və getdikcə xalq arasında nüfuz qazanan Müsavat Partiyası sıralarına daxil olub.
1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra A.Əminovun siyasi fəaliyyəti genişlənmişdir.
A.Əminov 1917-ci ilin aprelin 15-20-də Bakıda keçirilən Qafqaz Müsəlmanları qurultayında iştirakçı olmuş, 1917-ci ilin oktyabrında isə Müsavat Partiyasının birinci qurultayının keçirilməsində fəal rol oynamışdır.
A.Əminov “Azərbaycan Milli Şurasının Məclisi-Məbusanı haqqında qanun”a əsasən, Müsavat Partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilmişdir.
A.Əminov N.Yusifbəylinin 1919-cu ilin martın 14-də formalaşdırdığı və 1919-cu ilin dekabrın 22-nə qədər davam edən dördüncü Hökumət kabinəsində Ticarət və Sənaye naziri vəzifəsini yerinə yetirmişdir.
O, nazir olduğu dövrdə iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs göstərmiş, neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst çıxarılması haqqında Hökumət qərarının qəbuluna nail olmuşdur. Bundan əlavə, o, 1919-cu ilin sonu üçün xammalın Azərbaycandan kənara ixrac şərtləri haqqında yeni, liberal məzmunlu qanunun qüvvəyə minməsinə, sərbəst ticarət, dövlətin iqtisadi inkişaf prosesinə müdaxiləsinin məhdudlaşdırılmasının tərəfdarı olmuşdur.
A.Əminov Azərbaycanda ilk dəfə olaraq məlumat alıb-ötürmək imkanlarının genişlənməsi üçün informasiya agentliyinin yaradılması ilə bağlı parlamentdə çıxış etmişdir. Sonradan onun bu çıxışı “Azərtac” İnformasiya Agentliyinin yaradılmasında əsas olmuşdur.
A.Əminov 1918-1919-cu illərdə Müsəlman gecələri təşkilatının əsas təşkilatçılarından biri kimi 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır.
1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra A.Əminov bir müddət “Azərneft” sistemində işləmişdir.
A.Əminov 1921-ci ildə Bakıda vəfat edib.
A.ƏMİNOV − AZƏRBAYCAN PARLAMENTİ
Ağa Əminovun Azərbaycan Parlamentində çıxışlarına da rast gəlmək mümkündür.
Azərbaycan Parlamentinin 1920-ci ilin 19 fevralında keçirilən 126-cı iclasında 12-yə qədər məsələ müzakirəyə çıxarılır. 4-cü məsələ, yəni “Gəncə şəhərində hərbi zavod açılması haqqında qanun layihəsi” barədə məruzəçi olaraq A.Əminov çıxış edir. O, bildirir ki, Gəncədə bir emalatxana var və bu da ordunun ehtiyacını təmin etmir, indi orada bir zavod tikmək nəzərdə tutulur. Bundan ötrü oraya Bakıdan müəyyən dəzgahlar və sairələr aparılacaqdır.
A.Əminovun məruzəsindən sonra H.Ağayev, İsmayılzadə (sosialist), S.Ağamalıoğlu, A.Aşurov, Hacı Molla Əhməd, İ.Əbilov, Ə.Qarayev, M.S.Axundzadə, A.Qardaşov çıxış edirlər.
Sonda A.Əminov çıxış edərək, təcili hərbi hazırlıqlar lazım olduğunu, istiqlalımızı müdafiə etməyin vacibliyini, hərbi zavod açmağın əhəmiyyətini qeyd edir.
Qanun layihəsinin ikinci oxunuşu səsə qoyularaq qəbul edilir.
1920-ci ilin fevralın 23-də Parlamentin 127-ci iclası keçirilir. İclasa sədrliyi M.Y.Cəfərov, katibliyi isə M.Hacınski edir. İclasda 8 məsələnin müzakirəsi nəzərdə tutulmuşdur. Bu iclasda A.Əminov 3 məsələ ilə bağlı məruzə edir: 1) Gəncə şəhərində hərbi zavod açılması haqqında qanun layihəsinin 3-cü oxunuşu; 2) Bakı Sahil Radiostansiyasının ştatı haqqında; 3) Zaqatala şəhərini Tala çay nəhrinin daşqınından saxlamaq üçün sədd çəkilməsi haqqında.
A.Əminovun məruzə edəcəyi “Gəncədə hərbi zavod açılması haqqında qanun layihəsi”nin 3-cü oxunuşuna keçilir və heç bir düzəliş, əlavə olmadığından qəbul olunur.
Parlamentin 3-cü məsələsi olan “Bakı Sahil Radiostnsiyasının ştatı haqqında qanun layihəsi” ilə bağlı A.Əminov məruzə edir. O, qeyd edir ki, Bakıdakı radiostansiya (simsiz teleqraf) üç aparatdan ibarətdir və bu aparatlar bütün Avropanın üç böyük stansiyalarından eyni vaxtda gələn xəbərləri qəbul edə bilmir. A.Əminov təklif edir ki, bu səbəbdən stansiya böyüdülüb genişləndirilməlidir.
O, qeyd edir ki, ölkədə olan 3 aparatdan 2-si alıcı,3-cüsü isə həm alıcı, həm də ötürücüdür. O, sonuncu aparatın ingilislərdən alındığını və onun vasitəsi ilə bütün Xəzər dənizi sahillərinə məlumatı çatdırmağın mümkün olduğunu deyir. A.Əminov bildirir ki, teleqrafda işləmək çox çətindir və hər bir məmur qanuna görə teleqrafda olarkən 6 saat qulaq asmalıdır. O, məlumatlandırır ki, Maliyyə-büdcə komissiyası vaxtı azaldıb 4 saat təyin etsə də, bu sahədə insanlar işləməyə maraq göstərmirlər. O, parlament üzvlərindən bunu nəzərə alıb radiostansiyanın ştatı ilə bağlı qanun layihəsinin qəbulunu vacib sayır.
A.Əminov mövcud aparatın 24 saat ərzində 70 min sözdən artıq qəbul edə bilmədiyini və bir teleqraf agentliyi təsis etməyin vacibliyini qeyd edir.O, bildirir ki, mövcud layihəyə baxılarkən xarici dil bilən məmurlara artıq maaş verilməsi nəzərdə tutulmuşdur.
A.Əminov ştat cədvəlində 12 məmur əvəzinə 18-nin göstərildiyini, avqustun 20-dən yanvarın 1-dək radiostansiyaya 528,803 manat pul xərcləndiyini söyləyir. Sonra o, teleqraf məmurlarının maaş cədvəllərinin rəqəmlərini parlament üzvlərinə göstərir və onlardan layihənin qəbulunu xahiş edir.
Bu məsələ ilə bağlı A.Əminovdan sonra A.Aşurov, Ə.Əmircanov, H.Ağayev də çıxış edirlər.Sonda katib qanun layihəsini oxuyur və qəbul edilir.
Parlament iclasında 6-cı məsələ olaraq “Zaqatala şəhərini Tala çay nəhrinin daşqınından saxlamaq üçün sədd çəkilməsi haqqında qanun layihəsi” müzakirə edilir.
A.Əminov çıxış edir və Zaqatala şəhərindən axan Tala çayının iki yerə bölündüyünü, sağ qolun şəhərin içindən keçdiyini, daşqın olanda bağlara və buradakı sənət məktəbinə çox zərər dəydiyini bildirir.
Parlament üzvləri qanunun ikinci oxunuşuna keçilməsinə səs verirlər.
Parlamentin 1920-ci ilin martın 8-də keçirilən 131-ci iclasında 3-cü məsələnin müzakirəsi ilə bağlı A.Əminov məruzə edir. O, məruzəsində əhalinin kasıb sinfinin və maaş alan məmurlarının ağır vəziyyətini qeyd edir
Bu məsələ parlamentdə geniş müzakirəyə səbəb olur. Müzakirələrdə A.Qardaşov, A.Səfikürdski, Ə.Qarayev, R.Kaplanov, Q.Qarabəyli, C.Məlikyeqanov, A.Kazımzadə, İ.Əbilov çıxış edirlər.Sonda məsələnin müzakirəsi növbəti iclasa saxlanılır .
1920-ci ilin aprelin 8-də Parlamentin 139-cu iclası M.Y.Cəfərovun sədrliyi və Qaraşarovun katibliyi ilə keçirilir. Ə.Əmircanov dəmiryol tariflərinin artırılması haqqında qanun layihəsi ilə bağlı məruzə etdi.
A.Əminov bu məsələdə Maliyyə-büdcə komissiyası adından iclasa bu təkliflə bağlı məlumatlar verir və o arzunun komissiya tərəfindən irəli sürüldüyünü qeyd edərək deyir: “Tacirlər və alış-verişçilər buradan apardıqları nefti Batumda artıq qiymətə satırlar. Maliyyə-büdcə komissiyası necə ki, məmləkət daxilində həmişə vətənin mədaxilini artırıb məxaricini azaltmaq ilə məşğuldur. Ərzağın artırılmasını və bahalığın qarşısının alınmasını və xəzinəni gözəl bir hala gətirib qiymətləndirmək vəzifəsi ilə məşğuldur, qərar qoydu ki, malımızı Batumda artıq satanların əlindən xilas edərək, həmin mənfəəti xüsusi şəxslər deyil, bəlkə məmləkətimiz mənfəətbərdar olsun” .
A.Əminovun belə mövqeyindən sonra nazir X.Məlikaslanov çıxış edir və bu məsələyə Hökumətdə ayrıca baxılacağını bildirir.
Parlamentin 1920-ci ilin 26 aprelində keçirilən 144-cü iclasında müzakirə edilən məsələlərdən biri də belə adlanır: “Orta təhsil məktəblərinin hazırlıq siniflərində dərs deyən müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi”. Bu məsələ haqqında A.Əfəndizadə məruzə etdikdən sonra M.Mahmudov, A.Əminov və R.Qaraşarov çıxış edirlər.Qanun layihəsi maddə-maddə müzakirə olunduqdan sonra, 2-ci oxunuşda qəbul edilir.
Bu, A.Əminovun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində son çıxışı olur.(Moderator.az)
Geri dön |