Ana Sayfa > Karusel / Yazar > Yaddaş qanadlı səyahət - Rəna İbrahimova yazır

Yaddaş qanadlı səyahət - Rəna İbrahimova yazır


22-05-2022, 18:17. Yazar: Admin

No description available.

 

1992-ci ilin May ayının əvvəlləri idi. Yaz gəlmiş, öz gözəlliyi ilə rəngarəngliyi ilə insanı qarşısında heyran qoymuşdu. Elə bir rəng çaları yox idi ki, göz oxşayıb könül açmasın. Gül bülbülü, bülbül gülü çağırırdı. El arsında deyilən kimi” İlin-günün gözəl çağı idi”. Uzun qış günlərindən sonra əzablı, əziyyətli məşəqqətləri geridə qalmış hər kəs yeni güc, həvəs, enerji ilə təsərrüfat işlərinə başlamışdı. Sanki ağır yükdən qurtulub yeni həyata başlanmışdı. Həyətlərdə bənövşələr, nərgizlər açmış, ətrləri ətrafa yayılaraq adamı bihuş edirdi. Evlərin açıq qapı-pəncərələrindən güllərin,  çiçəklərin ətri süzülüb heç kəsi biganə qoymayaraq evlərdən çölə çıxmağa məcbur edirdi. Sanki bu gözəlliyi ciyərlərinə çəkərək uzun müddət gül qoxusu ilə nəfəs almağa, yazın təsirini itirməməyə çalışırdılar. Təbiət öz əli ilə yaşıl xalısını ilmə-ilmə çalaraq bütün rəng çalarlarını parlaqlığı, gözəlliyi, təkrar edilməzliyi ilə toxumuşdu. Bu xalının üzərində gəzərkən utanaraq boynunu bükən bənövşələri əzməkdən, ayaqlamaqdan ehtiyyat edərək gəzməyə çalışılardı. Gecələr ulduzlar o qədər yaxın olurdu, səhərlər düşmüş şehin üzəridə günəşin şəfəqləri ulduzları yerə köçürmüş kimi görünərdi.

    Kənd yenə adi günlərindən birini yaşayırdı. Çox güman ki, bazar günü idi. Ona görə ki, məktəbdə deyil evdə idim. O zaman 16 yaşım vardı. Öz kənd məktəbimiz natamam orta məktəbi olduğundan qonşu kəndə 2 il gedib-gəlməli olurduq - Alıquludan Pircahana. Yağışa, yağmura, qızmar günə, qara, çovğuna, borana baxmayaraq. Belə olmuş belə də davam etməkdə idi. Heç kim şikayətlənməz, gileylənməzdi.  Belə qəbul olunmuşdu. Təhsil almaq üçün heç bir şəraitsizlik əngəl deyildi. Hər il ali məktəblərə qəbul olanların sayı da az olmazdı. Əzab-əziyyər öz bəhrəsini verirdi.

    Son günlər narahatlıq artmaqda, hiss edilməkdə idi. Qonşu kəndə çataçatda yüksəklik vardı, Sarı yoxuş adlandırılırdı. Buraya çatanda Sarı baba dağının o üzündən gurultu səsləri gəlirdi. Bu səslər dağlarda əks-səda verərək sanki dağları yerindən oynadacaqdı. Bu Şuşadan gələn “qradların” səsi idi. Bu səslərdən, müharibə anlayışının heç də uzaqda olmayıb dağlardan aşıb bizə qədər gəlib çatan topların şaqqıltısından gülüşümüzü üzümüzdə qoyan, bizi qoruya salan gurultudan  təsirlənərək “Azərbaycan pioneri” qəzetinə məqalə yazmışdım.  Çox güman ki, gedib ünvana yetişməmişdi. Hər gün yol gedib-gəldiyimiz uşaqların sayı da azalmışdı. Fevral ayında Xocalıda törədilmiş dəhşətli hadisələrdən sonra çox ailələr qız-gəlinləri, körpələri rayondan çıxartmışdılar. Sinif yoldaşlarımıdan geri qayıdanlar da vardı, qayıtmayıb artıq getdikləri rayon və şəhərlərdə məktəblərdə oxuyanlar da vardı. Hər gün az qala hər dərsdə vəziyyətlə bağlı müzakirələr aparılırdı. Geri qayıtmayan sinif yoldaşlarımızı çox zaman qınayırdıq. “Qaçıb getdilər. Qorxdular.Geri qayıtmadılar. Torpağı sevmək budurmu?” və s. itihamlarla onları o ki, var tənqid edirdik. Müəllimlərimizin bir qisminin övladlarından gedənlər vardı. Biz onların da bostanına daş atırdıq, iynələyirdik. Bu bizə daha böyük həzz verirdi. Axı daha çox Vətən, torpaq sevgisini, onu qoruyub, uğrunda can verməyi onlar öyrədirdilər bizə. Bu qınaqlar qarşısında onlar susar, cavabsız qoyardılar ittihamlarımızı. Nəfəsimiz isti yerdən çıxırdı. Tale hansı tələni bizə qirduğundan xəbərsiz idik. Bir dəfə yolda söhbət düşəndə mən qızlara - ”Əgər ermənilər bizim kəndə qədər gəlib çıxsalar mən istəyirəm anamın qucağımda, dizləri üstündə məni güllələsinlər”: -deyib qəhərdən boğularaq fikrimi tamamlaya bilməmişdim. Xocalı hadisələri ürəklərimizdə xal yaratmışdı. Valideynlərimiz çox söhbətləri gizlində danışırdılar. Ancaq yenə dəhşət saçan, qan donduran olaylar sızıb bizə də çatırdı. Təbii dilə gətirilməsi belə mümkün olmayan, insanlığa sığmayan olaylar. Bu hadisədə bizim kəndimizdə yaşayan bir qadının ailə üzvləri itkin düşmüşdü. Ata-anası, gəlinləri. Sinif yoldaşımın qardaşı isə 26 fevral gecəsi şahidlərindən idi. Milisdə(polisdə) işləyirdi. Neçə insanın xilaskarı olmuşdu. Gecədən səhərə qədər canlı, cansız insanları çiynində daşımışdı. Bu baxımdan hər gün müzakirələrimiz davam edirdi. Ətrafda nə baş verdiyindən öz yaş səviyyəmizdə halı idik.

 Sakit,adi günlərdən biri idi. Səhər açılmışdı. Artıq səhər yeməyini yeyib yığışdırmışdıq. Bacım şəhərdən-Laçından bizə qonaq gəlmışdi. Payızda ailə qurmuşdu. Ailə qurana qədər Bakıda oxuyub işləyir orda yaşayırdı. Havasını, suyunu dəyişmək üçün atamgil icazə alıb onu kəndə gətirtmişdilər. Yazda sonuncu dəfə nə vaxt olduğunu bəlkə də unitmuşdu. Həmişə yayda məzuniyyətə gəlirdi. Bu səbəbdən ətək-ətək pencər yığıb kətə bişirən kim, süd-qatıq, qaymaq-çiyənin ən təzəsini, körpə quzu əti bişirən kim. Əldən-ayaqdan getmişdik. Axı həm də əziz qonağımız övlad gözləyirdi. Hətta qonşular da hərə öz payını gətirirdilər. Adət idi. Şəhərdən kimin qonağı gələrdisə qonşular onun payını ayrıca gətirərdilər. Hava günəşli idi. Tək-tək buludlar ağ örtük kimi hərdən göyün üzünə gələrək ağır zəhmət sahibi olan kəndliləri günəşin yandırıcı şüalarından qorumağa çalışır, onların qayğısına qalırdı. Dərələrdən axan sular həzin səsləri ilə ahəng yaratmışdı. Bu ahəngə quşların çikkiltili nəğmələri də əlavə olunurdu. Bu həzin təbiət səslərinə o qədər alışmışdıq onlarsız çox darıxdırıcı olardı. Artıq neçə il idi ki, anamın bizi xəbərdarlığından sonra həyətimizdəki gilas ağaclarına bülbül gəlib qonduğunun, öz nğməsini oxuduğunun şahidi olmuşduq. Sözün əsl mənasında cənnətə dönürdü yerlərimiz bu vaxtlar-heç bir mübaliğəsiz...

    Biz əmilərimlə qonşu idik. Hər iki evin arasında yerləşirdik. Birdən əmimin yoldaşı bizə qənşər olan yerə çıxıb ağacların seyrək olub bizim həyətin görünən yerindən üzü bizə tərəf dayandı.

 Başından yaylığı çıxarıb əlinə alaraq hər iki əlini uzadaraq həyəcan dolu səslə qışqıraraq “Nə yatmısız qəflət yuxusunda? Şuşa dağılır, xəbəriniz var? Laçını(şəhəri) atəşə tutublar. Ayağı yer tutan qaçır. Qız-gəlin qalmayıb. Hamısını çıxardırlar. Siz də xalxın gəlinin gətirib əsir saxlamısınız burda. Nəyə saxlamısız axı? Göndərin getsin”: -deyə dəhşət saçdı. Hər zaman yalnız kitablarda oxuyub, kinolarda baxdığımız “mühüribə” sözü qara bulud kimi başımızın üstünü aldı. Donub qalmışdıq. Kim nə edəcəyini bilmirdi. Anam ehtiyyatla rəngi qaçıb dodaqlarında qan qalmayan bacıma baxdı. Susduq. Susqunluğu telefon zəngi pozdu. Anam evə qaçdı. Zəng edən şəhərdən bibim oğlu idi. Hər zaman hörmətlə, təmkinlə danışan bir insan telefonda bağıtı ilə” Qızları niyə saxlamısınız orda? Xocalının davamını istəyirsiz? Camaat çıxa bilmir evindən, gəlinini gözləyir. Quşun qanadında da olsa göndərin gəlsinlər!” Anam ayaq üstə titrəyirdi. Atama tərəf çevrilib- ”Əşi, çıx kəndi axtar, gör nə edirsən? Bəlkə bir gedən oldu. Xalx gəlinini gözləyir. Göndərək getsin!”: -dedi.

Hər gün bizim kənddən rayona avtobus gedirdi. Bazar günündən başqa. Artıq avtobus vaxtı deyildi. Kənddə öz şəxsi avtomobili olan çox az adam vardı. Yenə də atam ümidini üzmədən kəndin ortasına çıxdı. Bacımla hazırlıq görməyə, yığışmağa başladıq. Aradan xeyli keçmişdi atam gəlib bizə yola çıxmağımızı dedi. Anamla, qardaşlarımla necə sağollaşmağımız heç yadımda deyil. Yola çıxdıq. “Vilis” markalı maşın bizi gözləyirdi. Bu kəndin kolxoz sədrinin maşını idi. Atam bizi bərk-bərk tapşırıb əmimgildə düşürməyi tövsiyə etdi. “Allah amanında”: -deyib yola saldı. Artıq günortadan keçmişdi. Yol boyu cığırları, izləri, yolları, ağacları arxada qoyaraq sanki acgözlüklə onlara baxaraq yaddaşıma yazmağa çalışırdım. Nəsə bir təəssüf hissi vardı daxilimdə. Bu hissin cavabını illər sonra tapdım. Sən demə, bu ayrılıq uzun, sonu bitib-tükənçəyəcək ayrılıq olacaqmış. Beləcə bacımla bir-birimizə qısılaraq cınqırımızı belə çıxmadan yolumuzu davam edirdik. Sürücü tək deyildi yanında kimsə də vardı. Kimliyini unutmuşam. Onlar söhbətlərində biz isə susmağımızda idik. Biz şəhərə çatanda axşam düşürdü. Bizi sürücü lazım olan məkanda düşürüb əmimə salam çatırmağımızı xahiş elədi. Minnətdarlıq edib evə tərəf düşdük. Həyətdə heç kim yox idi. Sakitlik hökm sürürdü. Evə qaxdıq. Səliqəli, sahmanlı evdən əsər-əlamət yox idi. Hər şey evin ortasında idi. Gecə yağış başladı. Həm də atışma. Laçın şəhəri ermənilərin yaşadığı Dığ kəndi ilə üzbəüz idi. Bacımın yoldaşı döyüşürdü. Gecə evə gəldi. Dığdan atılan “Qradlar”gecənin qaranlığında işıq saçaraq üstümüzə gəlirdi. Elə uzaqdan işartı görünən kimi qaçıb hamama girirdik. Bu artıq döyüş təcrübəsi olan bir insanın əmri idi. Rayonda hamam evin birinci mərtəbəsində tikilirdi. Dörd tərəfdən betola möhkəm özülü qoyulmuş olurdu. Elə bu baxımdan da ən təhlükəsiz yer kimi hamam seçilmişdi. Qaçıb orada daldalanmaq üçün. Hər etimala qarşı burada palaz, yorğan-döşək də vardı. Əgər vəziyyət gərgin olarsa gecələmək üçün. Beləcə ara səngiyən kimi evə qalxır, ”Qrad” atılanda hamama qaçırdıq. Yağış güclənirdi. Biz evə zəng edib çatmağımızı xəbər etdik. Son dəfə gecə danışdıq. İşıqlar sönmüşdü. Danışanda kənddə də güclü yağış, sel olduğunu dedilər. Səhəri gün telefon əlaqəsi kəsilmişdi, biz evimizlə danışa bilmədik. Hazırlaşıb yola çıxmaq lazım idi. Haraya məlum deyildi. Günortaya yaxın biz yola çıxdıq. Bizi həyətdə “Kamaz” gözləyirdi. Üstü yarıdan bir qədər yuxarı ev əşyaları, yorğan-döşəlkə dolu idi. Bu bir neçə ailənin ev əşyaları idi. Az miqdarda bibim-əmimin yoldaşı da ev əşyalarından yığdı. Kiminsə evində gecələmək üçün heç olmaya öz yatağında yatmaq üçün.

 Bu böyük bir evdən-dəryadan bir damla kimi idi. Bütün həyatı boyu qazanıb ev tikib bir anın içində vida etmək... çox ağır idi.

Şəhərin mərkəzinə doğru irəlilədikcə vəziyyətin necə acınacaqlı olduğunun şahidi olurdun. Şəhər çox səsli-küylü olduğun maşınların, tankların, zirehlilərin qulaq batırıcı səslərindən heç nə eşidilmirdi. Avtobuslar, yük maşınları, şəxsi maşınlar insanla, yüklə dolu idi. Körpələr ana qucağında kimisi isə anaların kürəyidə, yanlarında əllərindən tutaraq darter, ağlayır, qadınların hərdən qışqırtı səsləri eşidilirdi. Bütün maşınlar yoxlanılırdı. Əsgər yaşında olub döyüş qabiliyyəti olan kişilər, gənclər düşürdülürdü. Təbii cəbhəyə göndərilmək üçün. Qadınların qışqırıq səsləri də çox güman bu səbəbdən idi. Bizim karvanımız isə şəhərdən yavaş-yavaş çıxırdı. Kabinədə əmim, bibim, bacım və mən oturmuşduq. Yerləşmədiyimizdən bacım mənim qucağımda oturdu. Hiss edirdim mənə görə narahatdı. Mən də ona narahat olmağımı hiss etdirmirdim. Çansız, arıq qız idim. Bacımsa hamilə. Yolumuz uzaq, saatlarla davam edəcəkdi. Artıq mən ayaqlarımı hiss etmirdim. Ağırlıq sümüklərimə qədər keçmişdi amma susurdum. Kimə? Nəyə? Niyə? Axı necə şikayət edərdim? Neçə saat, neçə kilometr getdiyimizi bilmirəm Ağcəbədi yataqlarından birinə çatdıq. Bizdən başqa da qonaqlar vardı. Gecəni qalıb səhəri yolu davam etdik. Yolumuz Bakıya-əzabların, əziyyətlərin ünvansız sahibliyinə doğru.

Həftədən çox keçdikdən sonra mən öz ailəmizə qovuşdum. Anamla kiçik qardaşıma. Atamla böyük qardaşımsa ayri-ayrı vaxtlarda Laçını tərk edəcəkdilər amma onlardan hələ səs-soraq yox idi. Bu ayrılığa isə aylardan sonra qovuşub son qoyuldu. Qəribə, anlaşılmaz hal baş verdi. Biz hamımız dayımın evinə yığışmışdıq. Nənəmlə kiçik xalam və böyük xalamın 10-11aylıq körpə qızı da burada idi. Nə qədər Şuşanın, Laçının alınıb erməni əsarətinə düşdüyünü desələr də heç kim inanmırdı. “Ola bilməz, mümkün deyil” deyirdik. Necə yəni axı biz gələndə bir neçə günlüyə-ara sakitləşənə qədər gəlmişdik. Heç əynimizə paltar belə götürməmişdik.1-2 dəst vəssalam. İndi isə yurdsuz-yuvasız, ev-eşiksiz qalmışdıq. Sonra hər şey yaddan çıxdı. Atamın kənddən çıxdığını görənlər olmuşdu ancaq qardaşımla, dayım kənddə qalmışdılar. Çıxmaq fikirlərinin də olmamasını deyiblər. Əliyalın, silahsız-sursatsız... Kənddə hamının evlərinin köçürülməsinə kömək edib özləri qalmışdılar. Daha bir kəndlimizin onlarla olduğunu dedilər. Bildiklərimiz bu qədər idi. Qaralar geyib göylər örtdük. Hər an xəbər gözləyirdik. Qohum-əqraba bir yerə yığışıb çıxış yolu axtarılırdı. Yer qatı göy iraq. Əlimiz heç yana çatmırdı. Böyük dayım gəldi. Rəngi tutqun, qapqara idi. Yola çıxacağını dedi. Necə də olsa onların arxasınca gedəcəklərini dedi. Nənəm ayağa qalxıb “özüm gedəcəm” -dedi. Bir haşiyə çıxım. Bir payız gecəsi idi. Qardaşımla mən əmimgildə qalmışdıq. Evlərimiz yaxın olsa belə bir-birimizdə gecələməyi biz uşaqlar çox sevirdik. Gecənin bir yarısı əmimin yoldaşı ilə nəsə xısın-xısın danışığını eşitdik. Daha sonra gir-çıx, qapı açlııb örtülürdü  Çöldən başqa səslər də gəlirdi. Sonra başa düşdük ki, bizdən böyüklər gizləsə belə xəbər gəlmişdi ki, kimin evində silah varsa yığırlar. Əlbəttə kənddə hamı bir-birini beş barmağı kimi tanıyır, kimin silahı olduğunu hamı bilirdi çünki ov mövsümü başlayanda ov həvəskarları bir yerə yığılar ov ovlayıb, quş quşlayar qəniməti birgə bölərdilər. Əmim silahını meşəyə aparıb orada gizləməli oldu. Yəqin çox adamlar belə etmişdi. Elə bir dövr idi heç nə anlamaq, başa düşmək olmurdu. Silahları axı niyə yığırdılar? Axı hamı vəziyyətin gərgin olduğunu bilirdi. Kim yığırdı? Hansı məqsədlə yığılırdı? Əhalini silahlandırmaq əvəzində niyə tərki-silah edirdilər? Daha sonra qınanacağıq-niyə torpaqları qoyub çıxdınız? Son damla qanınıza qədər niyə döyüşmədiniz? Haqlıdırlar... Doğrudurlar… Bu haqların, doğruların arxasında sadə əhalinin bilmədikləri çox şey vardı. Kimlər idi və niyə edirdilər bunları? Nə məqsədlə edirdilər? Davamı olaraq bu hərəkətlərin arxsasından əhalinin köçürülməsi də indiki ayıq başla baxanda sanki tədbiri görülmüş, hazırlanmış və məqsədyönlü imiş.

...Nənəmin cürəti mənə də sirayət etdi. Mən də onlarla gedəcəyimi dedim. Nədənsə narazı olan olmadı ya da mən xatırlamıram. Hər şey tez bir zamanda və dumanlı baş verirdi elə bil. Bəlkə mənim xəyallarım, yaddaşım dumanlanıb... xatırlamadığım, yaddaşımdan silinib gedən çox şeylər var? Biz necə, nə vaxt yola düşdüyümüzü bilmirəm. Amma yolda idik. Mən bizim Qayğı qəsəbəsinə qədər gedib çıxdığımızı xatırlayıram. Dayım kəndə getmək üçün maşın axtarırdı. Hamı başını buladı. Heç kəs risk etmirdi. Çıxış vardı, giriş yox idi. İcazə verilmirdi. Daha sonra bizə qəti olaraq geri dönməyimizi dedilər. Bir-iki həftə əvvəl gördyümdən də acınacaqlı, dəhşətli görünürdü hər şey. Yalnız zirehli texnika, hərbiçilər, yenə yüklə dolu maşınlar... Tozlu, torpaqlı yollarda bu taydan o tayı görmək olmurdu. Orada nə qədər qaldığımızı xatırlamıram. Biz geriyə-Güləbirdə qayıtmalı olduq. Bizim oturduğumuz maşında sürücüdən əlavə bir nəfər də oturmuşdu. Ləhcəsindən rayon adamı deyildi. Mülki idi. Yəqin ki, köçürülənlərə “kömək” üçün əldən gedənlərdən idi-sürücüylə əlbir idi. Bu insanın içkili olduğu illərdir gözlərim önündədi. Gecəni bu kənddə qaldıq. Dayımın qərarını gözləyirdik. Bizi bir nəfər öz evinə apardı. Məlum oldu ki, kəndin dükançısıdı. Evdə divarlardan və dəmir çarpayıdan başqa heç nə yox idi. Bir də nimdaş bir yorğan vardı. İşıq yox idi. Gecə çox qaranlıq idi. Göz-gözü görmürdü. Neft çırağının işığında oturmuşduq. Nənəmlə mənə bir az dincəlməyimizi deyib ev sahibi ilə dayım çölə çıxdılar. Biz çarpayıda uzandıq. Amma çox vahiməli idi. Adama elə gəlirdi ki, tanklar bir başa evin üstünə gəlir. Atışma səsi yox idi, amma zirehlilərin səsi göz qırpmağa belə imkan vermirdi. Onlar da şəhərdən çıxardılırdı. Həyətdə kişilərin səsi gəlirdi. Yüksəkdən danışır, müzakirələr aparılırdı. Dəhşətli fikirlər məni bürümüşdü. Heç zaman bu günə qədər danışıb etiraf etmədiyim şeylər beynimi deşirdi. “Birdən geri dönə bilmədik. Əsir düşdük ya həlak olduq. Axı bunun üçün vəziyyət tam real idi. Fikirləşirdim dar məqamda yağı əlinə keçməmək üçün ölüm ən mükəmməl çıxış yoludur. Düşmən düşmənə demədiyini qəlb qəlbə deyir həmişə. Nədənsə fikirləşirdim, belə bir an gələrsə dayıma deyəcəm məni öldürsün... etməzsə -nənəm çox cürətli, kişi qeyrətli qadın idi-öhdəsindən gələcəkdi deyə “rahatlanırdım”. Səhər sühdən yenə yolçuluğumuz başladı. Bakıya qayıdırdıq. Yollardan keçib gedənlərdən dayım kəndçilərimizi axtarıb qardaşımla dayımı soraqladısa da “gördüm” deyən olmadı. Bu illər ərzində 16 yaşlı bir qızın nədən özünü belə bir təhlükəyə, riskə atması mənə hələ də çatmır…

   Bakıya qayıdanda çox üzücü xəbərlər eşitdik. Qohumlardan, həmkəndlilərimizdən, tanışlardan yaralananlar, ölənlər, daha sonralar əsir düşənlər vardı... El-oba pərən-pərən olmuşdu. Düşmüş top atəşindən sonra ətrafa dağılmış qəlpələr kimi. Artıq 18 Mayda Laçının işqalını, süqutunu elan etdilər. Hisləri, emosiyaları ifadə etmək, fikirlərdə, sözlərdə çatırmaq inanılmaz dərəcədə çətin, ağır, ağrılı və ürək dağlayandı. Bu xatirələrin arxasında göz yaşları, hıçqırtılar, yeri-göyü yandıran ağılar, ayrılıqlar, itkilər, əsir düşmüş ruhlar, ayaq altında, tapdaqlarda qalmış torpaqlar və o torpaqlarda qalmış qəribsəmiş qəbristanlıqlarımız var.

  Torpaq həsrəti 25 ildir bitmək bilmir. Mən bu yazımla xəyallarımın qanadlarında xatirələrimin bələdçiliyi ilə səyahətə çıxdım. Bu səyahətimin bir gün nəhayət reallaşaraq həqiqi bir səyahətə çevriləcəyini ümidlə gözləyirəm. Övladlarımın əllərindən tutub addım-addım böyüdüyüm torpaqda gəzib doğulduğum evi, həyəti, oxuduğum məktəbi -qoy lap xarabalıqları olsun-göstərmək istəyirəm. Bir vaxtlar dəstə-dəstə biçənəklərdən yığdığım bənövşə-nərgizdən, qərənfildən, Novruz gülündən, səhləbdən, xarı bülbüldən dəstə tutum. Min bir dərdin dərmanı olan otlarımızdan, çiçəklərimizdən-kəklkotu, qantəpər, qaymaqçiçəyindən, qırxbuğumdan, bağayyarpağından yığıb sınmış, yara bağlayıb az qala hər gün qövr edən qəlblərimizə məlhəm edib acıdan acı ayrılıqlarımızın əzabını çıxmaq istəyirəm. Artıq oxşar şəkiĺərdən, Laçından əsirlikdən ayaqlar altından xilas olaraq gətirilən şəkillərdən, ermənilərin Berdzor adı ilə yaydıqları şəkillərdən deyil deyil öz ayaqları ilə gəzdikləri, gözləri ilə gördükləri təəssüratları bölüşməklərini görmək istəyirəm. Doğma torpağımıza dizin-dizin sürünüb öpərəkdən getmək istəyirəm. İllərdir yalnız yixularımda getdiyim ancaq öz evimizə, qapının kandarından belə girmədən, iri quduz itlərlə əhatə olunmuş həyətimizə ayaq qoymadan qorxub dili batmış vəziyyətdə deyil  axar suların, cəh-cəh vuran quşların, gecələr qulaq batırıb uğultusundan qorxub başımı yastığın altında gizlədərək açdığım küləkli səhərlərə, ulduzları sayrışan qışda şaxtalı, yayda gündüz nə qədər isti olsa belə axşamları sərin,yorğanda yatdığım gecələrə, şehli səhərlərə qovuşaraq ayılmaq istəyirəm. Doğma Alıquluma gedib onsuz yaşadığım 25 ilin əzablı, acılı, dərdli, kədərli günlərinin yığılıb qalaqlanmış ağırlığını dağları lərzəyə gətirən bağırtımla oyatmaq, silkələmək istəyirəm. Bir azca da həyatımızda baş vermiş dəyişikliklər, sevinclər, unudulmaz günlərimi bölüşmək istəyirəm. Oxşamaq, əzizləmək, hər daşı, kəsəyi üçün darıxdığımı və sonda yetişdiyimi bildirmək istəyirəm. Və ona namərdcəsinə arxa çevirib uğrunda ölmədən “qaçqın, köçkün” adına sığınaraq əzilib yaşadığım üçün bağışlanmağımı xahiş etmək, üzərində diz çöküb üzr istəmək istəyirəm. Laçına getmək, dönmək istəyirəm.

 

Rəna İbrahimova


Geri dön